“Azərbaycan-İtaliya ikitərəfli münasibətləri yüksək səviyyədə inkişaf edir”

8 İyul 2019 21:32 (UTC+04:00)

Prezident İlham Əliyev İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Bakıya keçənilki səfərini ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafının göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əlaqələrimizin müxtəlif istiqamətləri üzrə konkret işlərin həyata keçirildiyini və əməkdaşlıq üçün yeni imkanların açıldığını dedi. Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərdiklərini vurğuladı. Dövlətimizin başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd etdi.

Qəbula görə minnətdarlığını bildirən nazir Gian Marko Centinaio İtaliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu vurğuladı. O, keçən il İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə səfərini əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini vurğuladı. Nazir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini bildirərək həmin sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olması münasibətilə təbriklərini çatdırdı və bu sessiyanın İtaliya üçün də əlamətdar olduğunu qeyd etdi.

Dövlətimizin başçısı UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının mühüm tədbir olduğunu dedi, bu sessiyada “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini çox əlamətdar və tarixi hadisə kimi dəyərləndirdi və Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğuladı.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı, ölkələrimizin mədəni əlaqələrinin inkişafında dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin Roma şəhərində ucaldılmasının və Azərbaycanın Roma şəhərində aparılan arxeoloji işlərə verdiyi dəstəyin əhəmiyyəti qeyd olundu.