BMT-nin mənzil-qərargahında Yüksək Səviyyəli Siyasi Forum keçirilir

10 İyul 2019 14:48 (UTC+04:00)

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İqtisadi və Sosial Şuranın (ECOSOC) himayəsi altında dayanıqlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forum keçirilir. Forumun işində Azərbaycan nümayəndə heyəti də iştirak edir.

BMT-nin saytına istinadla xəbər verir ki, forumda mindən çox hökumət, özəl sektor və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edirlər. Tədbirdə BMT Baş katibinin dayanıqlı inkişaf Hədəflərinin həyata keçirilməsinə dair yeni hesabatından irəli gələn vəzifələr müzakirə edilir. Bununla bağlı məruzəni Baş katibin iqtisadi və sosial məsələlər üzrə müavini Lyu Çjemnin təqdim edib. Söhbət bəşəriyyətin 2030-cu ilədək olan dövrdə inkişafının “yol xəritəsi”ndən gedir. Bu qlobal gündəlik 2015-ci ildə BMT-yə üzv dövlətlərin başçıları tərəfindən qəbul edilib. Sənədə yoxsulluğun və aclığın aradan qaldırılması, ətraf mühitin mühafizəsi, gender bərabərliyi və insan hüquqlarına hörmət məsələləri daxil edilib.
Lyu Çjemnin forumun açılışında bildirib ki, son dörd ildə yoxsulluğun azaldılması, beş yaşınadək uşaqların ölüm hallarının iki dəfə aşağı salınması, əmək məhsuldarlığının artırılması və işsizliyin səviyyəsinin endirilməsi sahələrində mühüm işlər görülüb. İnkişaf etməkdə olan ölkələrdə elektrik enerjisi təminatı yaxşılaşıb. Lakin əldə olunan uğurlar heç də əhalinin hamısını əhatə etmir. O əlavə edib: “Ölkələr arasında və onların daxilində qeyri-bərabərlik artıb. Yoxsulluq, aclıq və xəstəliklər isə əhalinin gəlirlərinin az olduğu ölkələrdə ciddi problem olaraq qalır. Ana və uşaq ölümlərinin 90 faizindən çoxu gəlir səviyyəsi az və orta olan ölkələrin payına düşür. İnkişaf əngəli olan azyaşlıların dörddəüçü Cənubi Asiya və Afrika ölkələrində yaşayır. Bundan başqa, bioloji müxtəliflik də sürətlə azalır, iqlim dəyişməsinə səbəb olan qazların atmosferə buraxılması artır”.
Məruzədə növbəti on ildə inkişaf prosesini sürətləndirmək üçün siyasi iradə tələb edən istiqamətlər öz əksini tapıb. Bu hədəfləri həyata keçirmək üçün maliyyə və insan resurslarının səfərbər edilməsi, yeni texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi lazımdır.
Sonra forumun işində iştirak edən nümayəndələr dayanıqlı inkişaf sahəsində milli təcrübələri bölüşüb, daha effektiv yollar müzakirə edilib. Azərbaycan, Qazaxıstan, Türkmənistan da daxil olmaqla 47 ölkənin təmsilçiləri 17-ci dayanıqlı inkişaf Hədəflərinin həyata keçirilməsinə dair Könüllü Milli İcmal təqdim ediblər. Azərbaycanın icmalında ölkəmizdə həyata keçirilən islahatlar, yoxsulluğun və işsizliyin əhəmiyyətli dərəcədə azaldılması, ətraf mühitin mühafizəsi sahələrində görülən tədbirlər əks olunub. Eyni zamanda, sənəddə məcburi köçkünlər və Ermənistan tərəfindən ərazilərimizin 20 faizdən çoxunun işğal altında olması da yer alıb.
Siyasət Forumu 2013-cü il iyulun 10-da BMT Baş Assambleyası tərəfindən yaradılıb. Forumun iclasları hər dörd ildə bir dəfə keçirilir.
ECOSOC-un sədri İnqa Ronda Kinq bu tədbirin mühüm əhəmiyyətini qeyd edib, dayanıqlı inkişaf Hədəflərinin yerinə yetirilməsində birinci fazanın başa çatdığını bəyan edib.

yap.org.az