AXCP-dən AXCP-yə “oyun bitib” mesajı MÜXALİFƏT

15 İyul 2019 10:48 (UTC+04:00)

Tural İrfan: “Kərimli dəfələrlə siyasətdə son nəfəsini verdiyi zaman hansısa sehrili əl tərəfindən "dirildilərək” yenidən meydana göndərildi”

“Əbülfəz Elçibəyin AXCP-yə və müxalifətə rəhbərliyi dönəmindən heç bir nüfuzu olmayan Əli Kərimli daha sonra siyasi məkrlə partiyanı qəsb edərək təşkilatın resursları bahasına özünü əzabkeş müxalifət öncülü kimi qələmə verə bildi”. SİA xəbər verir ki, bu barədə alternativ AXCP-nin funksioneri, Razi Nurullayevin müavini Tural İrfan partiyaya yaxın mətbu orqanında fikirlərini şərh edərkən qeyd edib. Onun sözlərinə görə, məhz bu vasitə ilə Ə.Kərimli eqosu, özündənrazılığı, diktator xüsusiyyətləri ilə minbir əziyyətlə qurulan partiyanı daxildən dağıtmağa başladı və daxili çəkişmələrə səbəb oldu: “Fərqli fikri qəbul etmədi, anti-demokratik bir idarəçiliyə yönələrək AXCP-nin bir neçə yerə bölünməsini sürətləndirdi. Bununla özünə rəqib ola biləcək ağıllı, demokrat, idarəçilik qabiliyyəti olan təcrübəli şəxslərin "təhlükə"sindən xilas yolunu tutdu ki, diktatorluğunu daha rahat edə bilsin. Nəticədə fikirlərini boğulmaqdan xilas edənləri, ideyalarını xalqa çatdırmaq istəyənləri “düşmən” adlandırıb onlara qarşı müxalifətə çevrildi”.
“"Milli Şura" adlı qurumda canfəşanlıq edərək sədr olmağa nail ola bilməsə də, sədrə təsir qüvvəsini əlində saxladı”
T.İrfan həmçinin qeyd edib ki, Kərimli həm özünü zəiflətdi, həm də müxalifətə qarşı iqtidardan başqa bir neçə cəbhənin açılmasına nail oldu, səhvlərindən nəticə çıxarmaq əvəzinə eyni məzmunlu, pafoslu çıxışlarını təkrarlamaqla xalqdan dəstək almadıqda üzünü Qərbə çevirdi, bir qədər qrantla “sınağa çəkilən” Kərimliyə burada da meydan verilmədi: “Tıncıxmış və liderlik eşqindən az qala bihuş olan Kərimli bu dəfə Rusiyaya meylləndi. "Milli Şura" adlı qurumda canfəşanlıq edərək sədr olmağa nail ola bilməsə də, sədrə təsir qüvvəsini əlində saxladı. Nəhayət bu qurumun da tamaşası qurtarıb pərdələr bağlanandan sonra İrana və radikal dindarlara qarmaq atdı. Hay-küylü mitinq səhnələri qurmaqla özü həbs etdirdiyi məhbusların adı ilə manipulyasiyaya cəhd etdi. Nəticə etibarilə Kərimli ən müxtəlif dairələrin əlində alətə çevrildiyini anlayb qəbullansa da, eqosundan vaz keçmədi”.
“Maaş və pensiya artımının, kadr islahatlarının guya məhz onun təşkil etdiyi mitinqlərdən sonra olduğunu dəfələrlə minnətlə xalqın başına qaxmağa cəhd etdi”
Alternativ cəbhəçinin sözlərinə görə, Əbülfəz Elçibəyin bircə silahdaşının da yanında qalmadığı bu şəxs xalqın da, müxalifətin də uğurlarını oğurlamaqla məşğuldur: “Maaş və pensiya artımının, kadr islahatlarının guya məhz onun təşkil etdiyi mitinqlərdən sonra olduğunu dəfələrlə minnətlə xalqın başına qaxmağa cəhd etdi. Halbuki o, eyniməzmunlu, yorucu çıxışları illərdir təkrarlayırdı və bütün bu illərdə həmin çıxışlarla nəyəsə nail olmuşdumu? Cavabı Əli Kərimli özü hamıdan yaxşı bilir.
Ölkədə mövcud olan sağlam müxalifətin, ictimai-siyasi fəalların bir araya gəlməsinə qarşı hər zaman çəpər rolunu oynayan “Yurd” sədri üçün bu şəxsləri "agent", "hakimiyyətin adamı" adlandırmaq, sosial şəbəkələrdə saxta profillərlə söydürüb təhqir etmək “siyasi mübarizə” üsuludur. İndiyəcən bir platforma, təklif, layihə, həll yolu, kompromis irəli sürməyən Kərimli anlamır ki, bunlar olmadan, sadəcə “mən, mən” deməklə müxalifətçilik olmur, olmadı da...”
“O insanlar “Yurd” liderinin yanında, arxasında xərclədikləri illərin hesabını ondan soruşur”
“Ölkədə xaos yaranması, bundan bəhrələnmək niyyəti Kərimlini uğursuz siyasətçi durumuna saldı və indi də o, düşdüyü bu vəziyyətdən çıxa bilmir”, deyə qeyd edən T.İrfan əlavə edib ki, “Yurd” şefi müxalifətin birgə mübarizəsinin təşkili üçün heç cəhd etməyi bacarmadı, yaxud da etmək istəmədi-bütün hallarda nəticə dəyişmədi: “Əksinə, müxalifəti birləşdirmək əvəzinə parçaladı, qüvvələri qarşı-qarşıya qoydu...Kərimli əslində kimə qarşı müxalifətdə dayandığını tam çılpaqlığı ilə gözlər önünə sərdi. Fəaliyyəti ilə Azərbaycan xalqına xəyanət edən Kərimli müxalifətin digər nümayəndələrinin məhrumiyyətlərlə üzləşdiyi bütün zamanlarda yüksək maddi imkan sahibi olaraq qaldı. Kərimli dəfələrlə siyasətdə son nəfəsini verdiyi zaman hansısa sehrili əl tərəfindən "dirildilərək” yenidən meydana göndərildi. Ancaq artıq meydan da dəyişib, meydandakılar da. İndi Kərimlinin arxasınca kor-koranə gedən o insanlar yoxdur. O insanlar “Yurd” liderinin yanında, arxasında xərclədikləri illərin hesabını ondan soruşur. Kərimlinin bu suallara verəcək cavabı yoxdur, cavabının olmaması onu da qəzəbləndirir, ətrafına hücumdan çəkinmir, zor dilini işə salır, təşkilatından ayrılmaq istəyənlərə qarşı kampaniyalara rəvac verir. Amma artıq oyun bitib...”

sia.az