"Hərbi Litsey Heydər Əliyevin önəmli əsərlərindədir" ÖZƏL-ŞƏRH

15 İyul 2019 13:03 (UTC+04:00)

"14 iyul 1969-cu il! O vaxtkı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (Azərbaycan KP MK) pleniumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçilib. Heydər Əliyev respublikanın birinci vəzifəsində 1982-ci ilə qədər çalışdı. 1982-ci ilin dekabrında daha yüksək vəzifəyə - SSRİ KP MK Siyasi Bürosuna üzv seçilən Azərbaycan lideri, SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edildi və dünya nəhəngi SSRİ-nin ali rəhbərlərindən biri oldu". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.QHT rəsmisinin sözlərinə görə, Bakıdan Moskvaya daşınmamışdan öncə Heydər Əliyevin duyğulu çıxışı oldu: "İnanın inandığınıza, o zaman hələ ibtidai sinifdə oxuyan, atasının, başqa doğmalarının maraqla “Kantata 204”ə qulaq asdığını görən mən də, radiodan dalğalanan o səsin təsirinə düşmüşdüm.Sonralar SSRİ KP MK Siyasi Büro üzvlərinin şəkillərinə necə maraqla baxdığımı xatırlayıram. – Siyahıda ikinci ad bizə doğma ad idi: Heydər Əliyev! Təsəvvür edin, üstündən illər keçdi, vaxt dolandı, 1996-cı ilin 2 fevral günündə bu sətirlərin müəllifi, bir vaxtlar uzaqdan görməyi belə xəyal etmədiyi tarixi şəxsiyyətin qarşısında çıxış edirdi! – Həyacan varıydımı? – Varıydı! Qürur hissi keçirirdimmi? – Keçirirdim! Tarixi anlar yaşadığımı fərq edirdimmi? – Fərq edirdim! Və elə bu duyğulara, hisslərə görə də, tribunada bir müddət duruxan kimi oldum, öncədən hazırladığım çıxışın mətninə baxa bilmədim və o gün Bakıya yağan ilk qardan danışmaqla, tamam hesablanmamış, başqa bir yerdən başladım çıxışa. – Bu, Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumunda, Respublika Sarayında baş verirdi. Nə gizlədim, Foruma sədrlik edən nazir Əbülfəz Qarayevin də həyacanını hiss edirdim. Hiss edirdim ki, inanıb səhnəyə çıxardığı 23 yaşlı gəncin belə həyacanlı olması o zaman özü də qırx yaşlarında olan Gənclər-İdman nazirini haqlı olaraq, rahatsız edir.Dövlət başçısı isə qayğıkeşliklə, təbəssümlə səhnəyə diqqət kəsilmişdi. Və mən ürəkləndim, özümdə cəsarət tapıb, Bakının ilk qarından gənclik problemlərinə keçid edə bildim, hətta çıxışımın sonuna yaxın, qeydlərimə göz ucu baxmağa da macal tapdım; xeyli təkliflər səsləndirdim. Sonralar mənim, digər çıxışçıların təklifləri Azərbaycan gənclik həyatını, gənclik təsərrüfatını yenidən dizayn etmiş oldu, yeni institutlaşmada nəzərə alındı. Lakin hazırda mövzumuz I Forum deyil, ona görə, 1969-cu ilə, o ildən başlayan yeni dönəmə qayıtmaq istərdim.Bəli, 46 yaşlı yeni lider respublikanı inkişaf reysləri üzərinə daşıyacaqdı... İş başlamışdı... Gəlin yada salaq, Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi dövr (1969–1982) nələrlə yadda qalıb? – Qısa özət verməyə çalışaq:

-Sosial-iqtisadi sahədə böyük nailiyyətlər əldə edildi;
-İdarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması diqqət mərkəzində oldu;
-Milli kadrlar yetişdirildi və irəli çəkildi;
-Azərbaycanlı gənclər planlı şəkildə keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına göndərildi;
-Bakı da başda olmaqla, respublika nəhəng tikinti-quruculuq, abadlıq meydanına çevrildi;
-Dissident ruhlu qələm adamları, ziyalılar uzaqgörən lider tərəfindən qorundu. – Nəinki qorundu, onlar yüksək mükafatlarla, fəxri adlarla təltif edildi, xalqın sevimlisinə çevrildi.
-Azərbaycan SSRİ-nin əyaləti deyil, lider respublikalarından birinə, Bakı keçmiş sosialist məkanında parlayan ulduza çevrildi;
-Bakı, Sumqayıt, Mingəçevir... yaxın-uzaq xaricdən elm, təhsil, təcrübə üçün gələn minlərlə əcnəbinin dilinin əzbərinə döndü, Azərbaycanın dostları artdı, mədəniyyətlər mübadiləsi gerçəkləşdi;
-Milli Azadlıq Hərəkatında, dövlət müstəqilliyinin qazanılmasında Heydər Əliyevin zaman-zaman səssizcə, başqalarını qıcıqlanadırmadan, oyatmadan yetişdirdiyi, qoruduğu intellektuallar, ziyalılar özünəməxsus rol oynadı. Bugün də rol oynamaqdadırlar;-C.Naxçıvanski ad. Hərbi Litsey Heydər Əliyevin o zamankı önəmli əsərlərindədir. (Əslində, Heydər Əliyev – bu böyük ad haqqında indiki zamanda danışmaq keçmiş zamanda danışmaqdan daha düzgündür.)-İstehsalat sahələri, zavodlar, fabriklər, çoxlu iş yerləri... – bunlar yalnız ümumittifaq miqyası üçün deyil, əslində, respublikanın çiçəklənməsi, fərdlərin, ailələrin, cəmiyyətimizin güclənməsi hesabı, niyyəti, planı idi. – SSRİ dağıldıqdan sonra bu uzaqgörənlik daha təsirli şəkildə görünməyə, anlaşılmağa başladı...Heydər Əliyevin 1969-1982-ci ildə respublika rəhbəri, sonrakı illərdə SSRİ rəhbərliyində olması, Dağlıq Qarabağla bağlı “müttəfiq respublika”nın – düşmənin gizli planlarını həmin illərin özü qədər gecikdirdi. Təsəvvür edin, əgər o illərdə bədnam niyyətlər “qanun” şəklini alsaydı, SSRİ-nin süqutu Dağlıq Qarabağın “qanuni” şəkildə itirilməsindən öncə baş verəcəkdi və bizlər bu “qanuni”liyin altında daha ağır şərtlərə məruz qalacaqdıq. Artıq ən müxtəlif səviyyələrdə etiraflar, təsbitlər ictimailəşib ki, “müttəfiq”, “qonşu”, “dost” və “kirvə”miz olan ermənistan Moskvadan açıq-gizli dəstəklə, bəlkə başqa dəstəklərlə də sinxron hərəkətlə Dağlıq Qarabağı Ermənistana birləşdirməyə cəhdlər edib. BMT-yə Dağlıq Qarabağsız qəbul edilsəydik, axırımız necə olardı?!Yaxşı ki, Azərbaycanın birinci vəzifəsində Heydər Əliyev olub. Təəssüf ki, sonrakı – SSRİ-nin süqut illərində Azərbaycanın ali dövlət sükanı arxasında Heydər Əliyev deyildi... Bax, bugünkü bəlalarımızın bir çoxu o illərdə dövlət sükanı arxasında qətiyyətli, bilgili, uzaqgörən liderimizin olmamasına bağlı idi. O qətiyyət, o iradə, o bilgilik, liderlik məhz Hedyər Əliyevdə cəmləşmişdi.Mən 50 il öncə baş vermiş taleyüklü hadisə haqqında yazını, əlbəttə, qəmli notlarla bitirmək istəməzdim. Heç şübhəsiz ki, torpaqlarımızı azad edəcəyik! Bu əzmi, inamı bizə güclü ordumuz, yerli silah istehsalımız, vətənpərvər nəsillərimiz, yetərincə milli hərbi kadrlarımızın olması, əlbəttə, Ali Baş Komandanımızın alovlu vətənpərvərliyi bəxş edir! Bütün bunlarla yanaşı, onu da unutmuruq, gözardı etmirik ki, bizim işimiz haqq işdir! Haqq nazilər, üzülməz! Zatən olduğundan daha artıq nazilməsinə də müsaidə etmək fikrində deyilik! 2016-cı ilin aprel döyüşlərini, 2018-ci ilin mayındakı Günnüt irəliləyişlərini xatırladır, bir daha ordumuza, dövlətimizə inamımızı ifadə edirəm! Ümummilli liderimizin ruhu şad olsun! Gələcək bizimdir! Biz qalib gələcəyik! Hər şey yaxşı olacaq!".

sia.az