Abraham Kuper: “Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir”

18 İyul 2019 18:42 (UTC+04:00)

Vaşinqtonda keçirilən Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransı çərçivəsində bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 17-də amerikalı yazıçı Joel Rosenberqlə görüşüb.

Bu barədə AZƏRTAC-a Komitənin mətbuat xidmətindən məlumat verilib Komitə sədri ölkəmiz, onun tarixi, dövlət-din münasibətləri haqqında ətraflı məlumat verib, tolerantlığın və multikulturalizmin Azərbaycanda çox möhkəm təməl sütunlarının, zəngin tarixi ənənələrinin olduğunu və bu ənənələrin dövlət tərəfindən inkişaf etdirildiyini qeyd edib. M.Qurbanlı ölkə əhalisinin 96 faizinin mənsub olduğu İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinin də qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da dövlət tərəfindən təmir və bərpa edilir, yeniləri inşa olunur. Hər il dövlətimizin başçısı tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır.

Qeyd edək ki, J.Rosenberq “Nyu-York Tayms” nəşrinin bestseller hesab olunan, 5 milyon nüsxə ilə buraxılmış 13 roman və 5 publisistik əsərin müəllifi olmaqla yanaşı, həm də “Coşua” Xeyriyyə Fonduna rəhbərlik edir.

M.Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 17-də ABŞ-ın yəhudi icmasının nüfuzlu qurumlarından olan Simon Vizental Mərkəzinin təsisçisi Abraham Kuper və yevangelist icmasının nümayəndəsi Conni Murla da görüşüb. Azərbaycanın ABŞ-dakı səfirliyində keçirilmiş görüşdə ölkəmizin nümunəvi tolerantlıq siyasətindən bəhs edən Dövlət Komitəsinin sədri Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı tolerant münasibətin qarşılıqlı hörmətə və əməkdaşlığa, bir-birini dəstəkləmək prinsipinə əsaslandığını bildirib. O, Azərbaycan xalqının dözümlülük keyfiyyətinin, ölkədə hökm sürən tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətin qarşısına qoyduğu məqsədlərdən birinin bu mühiti qoruyub-saxlamaq və təşviq etmək olduğunu deyən Mübariz Qurbanlı ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsinin Azərbaycanı dünyada multikulturalizmin mərkəzlərindən birinə çevirdiyini vurğulayıb.

Abraham Kuper dinlərə münasibətdə tolerantlığı, sünni və şiələr arasındakı vəhdəti ilə seçilən Azərbaycanın bu spesifik xüsusiyyətlərinə görə bütün dünyada fərqləndiyini vurğulayıb. O, bunun mütərrəqi dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri fakt olduğunu deyib. Ölkəmizin tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malik olduğunu diqqətə çatdıran A.Kuper yəhudi icmalarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

Yevangelist icmasının nümayəndəsi Conni Mur Azərbaycanın dünyaya birgəyaşayış nümunəsi nümayiş etdirdiyini və bu modelin kökündə dini azadlıqların təmin edilməsinin dayandığını vurğulayıb.

Hər iki görüşdə dünyada tolerantlığı, dinlərarası dialoqu dəstəkləyən və bu prosesdə aktiv iştirak edən Azərbaycanın hazırda dinlərarası və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsinə çevrildiyini, bu istiqamətdə müxtəlif konfrans və forumlara ev sahibliyi etdiyini diqqətə çatdıran M.Qurbanlı cari ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan “Dünya dini liderlərinin II Bakı sammiti”, o cümlədən Bakı şəhəri “Şərqdə Ulduz” Xristian və Bakı şəhəri “Yevangelist Xristian Baptistlərin Kilsəsi” dini icmalarının bu günlərdə DQİDK-da yenidən qeydiyyatdan keçmələri və onlara şəhadətnamələr təqdim edilməsi, eləcə də Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, işğal olunmuş torpaqlarımızda dini-tarixi abidələrin məhv edilməsi barədə məlumatlar verib.

Din Azadlığının İrəlilədilməsi üzrə Nazirlər Konfransının gedişi ilə bağlı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşlərin sonunda qonaqlara DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də işğal olunmuş ərazilərimizdə vandalizm hərəkətlərinə məruz qalan tarixi-dini abidələrdən bəhs edən kitablar təqdim edilib.