Küveytin gündəlik qəzetində İmadəddin Nəsimiyə həsr edilmiş məqalə dərc edilib

2 Avqust 2019 12:09 (UTC+04:00)

Küveytdə gündəlik ərəb dilində nəşr edilən “Əl-Nahar” qəzetində “Nəsimi: Kövnü məkana sığmayan həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.SİA Azərbaycanın Küveytdəki səfirliyinə istinadən bildirir ki, böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan məqalədə şairin anadan olmasının 650 illiyinin tamam olduğu, bu səbəblə 2019-cu ilin Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə “Nəsimi ili” elan edildiyi, bununla da bir daha xalqımız və dövlətimizin ölməz şairin mübarək ruhuna böyük ehtiramından və sonsuz sevgisindən xəbər verdiyi qeyd olunur.Məqalədə İmadəddin Nəsiminin 1369-cu ildə Şamaxıda dövrünün tanınmış şəxslərindən olmuş Seyyid Məhəmmədin ailəsində dünyaya göz açdığı, zamanının görkəmli alimlərindən elm öyrəndiyi, klassik Şərq, qədim yunan fəlsəfəsinə dərindən vaqif olduğu, İslamın və xristianlığın əsaslarını kamil şəkildə mənimsədiyi, "Nəsimi" təxəllüsünü qəbul edərək hürufilik təriqətinin fikirlərini təbliğ edən şeirlər yazmağa başladığı, hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrildiyi, onun təkcə Azərbaycan ədəbiyyatında deyil, ümumiyyətlə, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən sayıldığı bildirilir.Bundan başqa, zəngin yaradıcılıq irsi qoyub getmiş şairin üç dildə - türk (Azərbaycan türkcəsində), fars və ərəbcə şeirlər yazdığı, klassik poeziyanın müxtəlif bədii forma və janrlarında yazıb-yaratdığı, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şerin əsasını qoyduğu, ədalətsizliyə qarşı mübarizə aparmağına, təcavüzkarlığı və şiddəti pisləməsinə baxmayaraq, qəddarlıq və ədalətsizliyə məruz qalıb diri-diri dərisinin soyularaq edam olunduğu qeyd olunur. Adı yüzillərdir ki, həqiqət yolunda qəhrəmanlıq rəmzi kimi Şərq xalqlarının yaddaşında əbədiləşmiş şairin əsərlərinin bu gün də sevilə-sevilə oxunmaqda, tədqiq edildiyi, bugünədək Azərbaycanda görkəmli ədəbiyyatşünas alimlərin, nəsimişünasların apardığı tədqiqatların, çap olunan elmi araşdırma və kitabların İmadəddin Nəsimi şəxsiyyətinin və ədəbi irsinin Azərbaycan xalqı üçün yüksək dəyər kəsb etməsinin göstəricisi olduğu oxucuların diqqətinə çatdırılır.

sia.az