Beynəlxalq İnformatika Olimpiadasına qeydiyyatdan keçənlərin sayı açıqlandı

5 Avqust 2019 14:29 (UTC+04:00)

31-ci Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. SİAxəbər verir ki, bu məlumat avqustun 5-də 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransında səsləndirilib.Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin 31-ci Beynəlxalq İnformatika Olimpiadası ilə bağlı təqdimatı dinlənilib.Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov bildirib ki, bu olimpiadanın Azərbaycanda keçirilməsi ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biridir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayınin artdığını, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını jurnalistlərin diqqətinə çatdırıb.ADA Universitetinin rektoru, "IOI 2019"un fəxri həmsədri Hafız Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.Bildirilib ki, avqustun 11-dək davam edəcək tədbirin yüksək səviyyədə təşkili üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə "Boulevard Hotel" mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər "Atletlər kəndi"ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq.Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru "Acer"in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski "Acer" və "IOI" əməkdaşlığından danışıb.Jurnalistlərin diqqətinə çatdırılıb ki, "IOI” beş beynəlxalq olimpiadadan və dünyanın ən nüfuzlu kompüter elmləri yarışlarından biridir. Hər bir iştirakçı ölkə yarışda 4 nəfərlik komanda üzvü, həmçinin bir komanda lideri və onun müavini ilə təmsil olunur. Müsabiqə iki gün davam edir. Bu müddət ərzində iştirakçılar alqoritmik problemlərin həllinə fərdi şəkildə yanaşırlar. Hər gün iştirakçılara beş saat ərzində həll etməli olduqları üç tapşırıq verilir.31-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatdıqdan sonra "Acer" şirkəti 450 ədəd "Aspire" notbukunu ADA Universiteti və Təhsil Nazirliyinə hədiyyə edəcək. ADA Universiteti onlardan İT və Mühəndislik Məktəbində iki yeni laboratoriyanı təchiz etmək üçün istifadə edəcək. Təhsil Nazirliyi isə Azərbaycan məktəblərində informatika fənnini tədris etmək üçün "Rəqəmsal bacarıqlar" pilot layihəsini dəstəkləyəcək.

sia.az