"Bu, ermənilərin gözləntiləri ilə bir araya sığan məsələ deyil" ÖZƏL -MÜNASİBƏT

5 Avqust 2019 16:44 (UTC+04:00)

"ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsində ardıcıl, təkmil və strukturlaşmış mövqeyinin davamlı olması ermənilərin mövqeyində dəyişiklik yarada bilib. İlk növbədə ermənilər Rusiya mətbuatı vasitəsilə ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinə qarşı hücum təşkil etdilər. Bu şərhlərə görə guya ABŞ Azərbaycanla birlikdə yeni tənzimlənmə variantı hazırlayıb və bu variant Rusiyanın əleyhinədir". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, ABŞ-ın qlobal terrorizmə qarşı mübarizədə Azərbaycana ayırdığı yardımın təxminən 20 milyon dollardan 100 milyon dollaradək artırması ermənilərdə daha ciddi effekt yaradıb: "Bu, ermənilərin gözləntiləri ilə bir araya sığan məsələ deyil. Çünki ermənilər, o cümlədən ABŞ-dakı erməni təşkilatları ermənipərəst konqresmenlərlə birlikdə ABŞ-Azərbaycan arasındakı hərb də daxil olmaqla bütün əlaqələri hədəf götürmüşdülər. Bu barədə konqresdə qətnamə də qəbul olundu. ABŞ konqresində qəbul olunan 2-ci qətnamə ABŞ tərəfdən Dağlıq Qarabağa səfərlərə qoyulan qadağaların aradan qaldırılması ilə bağlıdır. Hər 2 qətnaməni Ermənistanda və Dağlıq Qarabağda “ura” ilə alqışladılar.Tramp administrasiyasının Azərbaycanpərəst kursu fonunda ermənipərəst konqresmenlərin fəaliyyəti ciddi bir effekt yaratmayacaq. ABŞ-ın Azərbaycana hərbi yardımının artması ola bilər ermənilərin bir çox məqsədlərə xidmət edən fəaliyyətinin nəticəsidir. Mümkündür ki, ermənilər son dövrlərdə Rusiyanın mövqeyindən narazılığı siyasi alver predmetinə çevirərək, özlərini guya ABŞ-a daha da yaxınlaşmaq kursunda göstəriblər. Ermənilər artıq başa düşüblər ki, ABŞ aşkar şəkildə Azərbaycanı Ermənistandan üstün tutmağa başlayıb. ABŞ konqresində Xankəndi/Stepanakert aeroportuna uçan təyyarəni vura biləcək silahın satılmaması ilə bağlı qətnamənin qəbuluna Azərbaycan Müdafiə Nazirliyi çox aydın reaksiya verdi: ABŞ Azərbaycana heç bir silah satmayıb.Rusiya, ABŞ və Fransada son aylarda erməni mövzusunda baş verənlər formalaşmış erməni xarakterinin ifşa olunduğunu və özlərinin əleyhinə çevrildiyini sübut edir".

sia.az