Əli Əhmədovun çağırışı müxalifəti təlaşlandırıb ANALİTİK

6 Avqust 2019 12:45 (UTC+04:00)

“Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”

Radikalçılıq və dağıdıcılıq prinsiplərindən əl çəkə bilməyən, məhz bu yolla hakimiyyətə iddialı olduqlarını nümayiş etdirən psevdomüxalifətin xalq tərəfindən dəstək almaması düşərgə daxilində uzun illərdir ki, var-gəl edən “liderləri” daha da aqressivləşdirir. Əbəs deyil ki, zaman-zaman, xüsusilə seçkilər və s. əhəmiyyətli tədbirlər ərəfəsində fəallaşan dağıdıcılar bu və ya digər yollarla qiyam, üsyan, inqilab çağırışları edib, sabit və inkişaf edən Azərbaycan dövlətinin möhkəm təməllərini laxlatmağa cəhdlər göstərirlər.
Azərbaycan dövlətində xalq-iqtidar birliyi formalaşıb və bu birliyə təsir etmək heç cür mümkün deyildir
Gah sosial şəbəkələrdəki canlı yayımları, gah da keçirdikləri azsaylı mitinq və aksiyalarında bir-birlərinə mikrofon ötürən “liderlər” hələ də anlamaq qabiliyyətində deyillər ki, artıq dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilmiş güclü Azərbaycan dövlətində xalq-iqtidar birliyi formalaşıb və bu birliyə təsir etmək heç cür mümkün deyildir. Baxmayaraq ki, əllərində xalq amilini bayraq edən radikal müxalifət “liderləri” heç də xalqa arxalanmadıqlarını, əksinə anti-Azərbaycan əleyhinə fəaliyyət göstərən qurum və təşkilatlardan dəstək aldıqlarını dəfələrlə sübuta yetiriblər. Biz, bu faktı təkcə bir sübutla deyə bilərik – aksiyalarında az insanın toplaşdığını görən “liderlər” sonradan məhz xalqı ittiham edir, hətta təhqir atəşlərinə də məruz qoyaraq, nəyə görə onların tədbirlərinə dəstək göstərmədiklərini bildirirlər. Əlbəttə ki, xalqın onlara dəstək verməməsi faktı dağıdıcıları özündən çıxarır və onlar bunun səbəblərini araşdırmaq yerinə, daha çox xarici anti-Azərbaycan təşkilat və qurumlarına yalmanır, dəstək axtarırlar. Daha dəqiq desək, iqtidarın gücündən təlaşlanaraq, özlərini erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən Qərb təşkilatlarının qucaqlarına atırlar.
Bu gün YAP-ın sıralarında təmsil olunan elə fədakar insanlar var ki, hər an, hər dəqiqə öz canını Vətəni, dövləti, xalqı üçün qurban verməyə hazırdırlar
Bu arada daha bir faktı xatırlatmaq olar. Bu fakt hakim Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrilməsidir ki, onun təməli bilavasitə dövlətçilik, xalqçılıq, tərəqqi və inkişaf reallığına söykənir. Bu gün YAP-ın sıralarında təmsil olunan elə fədakar insanlar var ki, hər an, hər dəqiqə öz canını Vətəni, dövləti, xalqı üçün qurban verməyə hazırdırlar. Söz yox ki, radikal müxalifət düşərgəsindəki aldadılmış, tələyə salınmış bəzi gənclərdən fərqli olaraq, YAP gəncləri Azərbaycan naminə həm siyasi, həm də digər cəhətdən töhfələrini verirlər. Halbuki, radikalçılıqla məşğul olanlar heç bir əqidə prinsiplərinə bağlı deyillər və onların məqsədləri bütün xəyanətlər və satqınçılıqlar etməklə mühacirət etmək, Avropada və s. Qərb ölkələrində rahat həyat sürməkdən ibarətdir. Təəssüf ki, bu gün də belələri var və onlar xarici ölkələrə saxta yollarla mühacirət etməklə Azərbaycan dövlətinə və xalqına qarşı mənfur əməllərini davam etdirirlər.
Əli Əhmədov: “Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri”
Bu baxımdan, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədovun rəsmi facebook səhifəsindəki “Daha sıx birləşmək, səfərbər olmaq zamanıdır” sərlövhəli məqaləsində yer almış bir sıra mühüm sətirləri analiz etmək, onlardan nəticə çıxarmaq əhəmiyyət kəsb edir. Misal üçün, “Müxalifət maraqlı xarici qüvvələrlə birləşərək və onların tapşırıqları əsasında Azərbaycana qarşı şər, böhtan, yalan üzərində qurulmuş total kampaniyaya başlayıb”, deyə yazan Əli Əhmədov da hesab edir ki, burada məqsəd ölkəmizin davamlı inkişafı yolunda əngəl yaratmaq, insanların rifahının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin müsbət təsirini azaltmaq, Azərbaycanın imicinin üzərinə kölgə salmaqdan ibarətdir.Əli Əhmədovun fikirlərindən həm də belə nəticəyə gəlmək olar ki, belələri xainlik və satnıqçılığa, avantüraçılığa o qədər meylləniblər ki, milli maraqlarımıza zidd olan nə varsa, onu etməyə hazırdırlar və məmnuniyyətlə edirlər. Ona görə də müəllif burada yazır ki, gücü və təsiri az olsa da, müxalifət tarixdə lənətlənmiş “beşinci kalon” roluna hazır olduğunu da lazımi ünvanlara çatdırıb: “Beləliklə də, “müxalifət” adı altında anti-milli qrup formalaşıb, fəaliyyət göstərir. Ortada nə proqramları var, nə strategiyaları, nə ictimai dəstəyi, nə də insanların azacıq olsa da inamını qazanmış liderləri. Görünən qeyri-sağlam siyasi iddiaları, bu iddiaları həyata keçirmək naminə ən çirkin formalara əl atmaq istəyi, milli maraqlarımıza böyük təhlükə olan qüvvələrlə iş birliyinə hazır olmalarıdır. Müxalifətin bütün fəaliyyətinin xaricdə cəmləşməsi, xarici qüvvələrin dəstəyi ilə geniş təbliğat şəbəkəsi yaratması, həmin qüvvələrin səyləri ilə sabitliyi, əmin-amanlığı pozulan ölkələrdə sınaqdan çıxan üsul və metodlardan istifadə etməsi rəqabət mübarizəsində onun siyasi metodlara deyil, digər metodlara istinad etmək niyyətlərindən xəbər verir. Müxalifətin aqressiv, qeyri-konstruktiv qanadına mənsub olan təmsilçilərinin tez-tez zorakılıq çağırışları etməsi, xalqı üsyana səsləyən təbliğatın aparılması buna əyani misaldır”.
İnamla və qələbə ümidləri ilə daha da irəliləmək, mütəşəkkil qaydada və vahid baxışdan çıxış etmək öz vacibliyini qoruyub-saxlayır
Daha bir vacib məqam isə, YAP Sədrinin müavininin ölkə Prezidenti İlham Əliyevin fikirlərini xatırlatmasıdır. Dövlət başçısının Respublika günü münasibətilə toplantıda Azərbaycana qarşı qeyri-sivil təbliğatın aparılması barədə fikirlərini xatırladan Əli Əhmədov bildirib ki, məqsəd və fəaliyyət formalarına görə siyasi təşkilat kimi çıxış etməli olan müxalifət qeyri-siyasi və qeyri-konstruktiv ünsürə çevrilir. “Bu gün Azərbaycanda müxalifət dedikdə, çox təəssüf ki, əsasən məhz belə mənzərə və iştirakçılar göz önünə gəlir”, deyə müəllif qeyd edib.Beləliklə, fakt budur ki, məhz həmin təhlildən və gəlinən qənaətdən də belə bir nəticəyə gəlməyə kifayət qədər zəmin yaranır – belə dağıdıcı və radikal qüvvələrə qarşı mübarizə daha da gücləndirilməli, Azərbaycanın gələcək inkişafı və tərəqqisi üçün daha sıx birləşməli və davamlı işlər aparılmalıdır. Çünki bu gün əldə edilən hər bir nailiyyət belə qüvvələri daha məğlub duruma salır və bu həmin nailiyyətlər istər-istəməz anti-Azərbaycan qüvvələrinin əl-qollarını bağlayır. Bu baxımdan, inamla və qələbə ümidləri ilə daha da irəliləmək, mütəşəkkil qaydada və vahid baxışdan çıxış etmək öz vacibliyini qoruyub-saxlayır. Ona görə də cənab Əli Əhmədov öz qeydində xüsusilə vurğulayır: “İnanıram ki, Yeni Azərbaycan Partiyası özünün gücü, səfərbərliyi, qətiyyəti, dövlətə və Prezident İlham Əliyevə sədaqəti ilə bütün anti-milli qüvvələrin qarşısında keçilməz maneə olacaq, onların bütün təxribat cəhdlərinin qarşısını alacaq, yalan, böhtan, şayiə üzərində qurulmuş təbliğatına Azərbaycanın bu gününü əks etdirən, parlaq gələcəyindən xəbər verən reallıqlar əsasında tutarlı cavab verəcək. Biz doğru yoldayıq. Bu yolda fədakarlığa dəyər və Yeni Azərbaycan Partiyasının bütün fəal üzvlərini, gəncləri yeni fədakarlıqlara səsləyirəm”.Bəli, məhz bu çağırış bizləri, dövlət və Vətən sevdalılarını, eləcə də nüfuzlu YAP ordusu üzvlərini daha da fəal olmağa, o cümlədən fədakarlıqlara səsləyir. Güclü Azərbaycan və doğma Vətən uğrunda bizlər bu çağırışa mütəşəkkilliklə dəstək verməliyik!

sia.az