"Sosial sahədə atılan addımlar vətəndaşlarımızın firavan həyatının təminatına çevrilib” RƏY-ÖZƏL

6 Avqust 2019 14:34 (UTC+04:00)

“İqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı, aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunda əhəmiyyətli dərəcədə irəliləyişinə səbəb olub. Təbii ki, bu inkişafın təməlində Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli və dayanıqlı sosial-iqtisadi inkişafının stimullaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiqlədiyi dövlət proqramları dayanır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.O bildirib ki, iyulun 31-də Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirdə də qeyd edildiyi kimi bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb: “ Ölkə başçısının də söylədiyi kimi ən sevindirici göstərici qeyri-neft sənayesində (15.7 faiz) əldə olunub”.Deputat söyləyib ki, ölkə rəhbərinin məqsədyönlü islahatları respublikada sosial-iqtisadi sabitliyin davam etməsinə, qeyri-neft sənayesində, kənd təsərrüfatında artım əldə olunmasına imkan verib.P.Kərimzadə vurğulayıb ki, Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar ölkəmizin güclü iqtisadi imkanlarının olduğunu sübut edir: “Bu gün sosial sahədə atılan addımların təməlində Ulu öndər Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyevin düşünülmüş islahatları və müdrik qərarları dayanır. Son keçirilən müşavirədə Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər prioritet sahə olan sosial sferanın inkişafına yönəldilir. Məhz bunun nəticəsidir ki, cari ildə imzalanan 2 mühüm sosial paket nəticəsində ölkə əhalisinin gəlirləri 6,6 faiz artıb. Pensiya, maaş və digər müavinətlərin artımı istiqamətində atılan addımlar vətəndaşlarımızın sosial müdafiəsinin daha da güclənməsinin, firavan həyatının təminatına çevrilib”

sia.az