Əsgərxan Novruzov: Güləşçilərimiz Bolqarıstandakı dünya çempionatında ümidləri doğrultdu

6 Avqust 2019 14:38 (UTC+04:00)

İyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilib. Yarışda mübarizə aparan sərbəst güləş üzrə yığmamız iki medal qazanıb. Komandanın üzvü Cəbrayıl Hacıyev (65 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Digər idmançımız Murad Haqverdiyev (45 kq) isə bürünc medalla kifayətlənib.SİA xəbər verir ki, komandanın dünya çempionatının çıxışı ilə bağlı millinin böyük məşqçisi Əsgərxan Novruzov Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib.Məşqçi deyib: “Bütün yarışlarda qızıl medal qazanmağı və himnimizi səsləndirməyi qarşımıza məqsəd qoyuruq. İyunda Avropa çempionatında uğurlu çıxış etdik. Bir qızıl, iki gümüş və dörd bürünc medalla komanda hesabında ikinci yeri tutduq. Sonra Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında 6 güləşçimizin hamısı fəxri kürsüyə qalxdı. Vətənimizdə keçirilən yarışda üç qızıl, iki gümüş və bir bürünc medal əldə etdik. Bütün gücümüzü məhz Avropa Gənclər Yay Olimpiya Festivalında yaxşı çıxış etmək üçün sərf etmişdik. Festival ilə dünya çempionatı arasında interval cəmi bir həftə olduğu üçün bəzi aparıcı güləşçilərimiz çəkisalma problemi ilə üzləşdi. Ona görə də Sofiyaya bir neçə əsas güləşçimizi apara bilmədik. Ancaq Festivalda çıxış etmiş güləşçilərimizdən ikisi Bolqarıstanda da ümidləri doğrultdu. Cəbrayıl Hacıyev qızıl, Murad Haqverdiyev isə bürünc medal qazandı. Ümumilikdə çıxışımızı qənaətbəxş saymaq olar”.Ə.Novruzov əlavə edib ki, Sofiyada daha çox medal qazana bilərdik. Fərhad Kərimli (60 kq) ağır zədələndiyi üçün bürünc medal görüşünə çıxa bilmədi. Biz növbəti yarışlarda yenə də ən yüksək yerlər uğrunda mübarizə aparacağıq.

sia.az