"Rusiya-Ermənistan münasibətlərində pozitiv heç bir hadisə baş verməyib" ÖZƏL-MÜNASİBƏT

8 Avqust 2019 13:12 (UTC+04:00)

"Rusiya-Ermənistan münasibətlərində pozitiv qəbul edilən heç bir hadisə baş verməyib". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, M.Zaxarovanın Rusiya XİN nümayəndə heyətinin tərkibində ənənəvi məsləhətləşmələr aparmaq xatirinə Ermənistana səfəri zamanı verdiyi açıqlama bəlkə də V.Solovyovun verilişinə düşmək məqsədi daşıyırdı: M.Zaxarovanın yalnız Ermənistanla bağlı dediyi fikirlər V.Solovyovun diqqətini cəlb edə bilərdi: "Moskva Dövlət Universitetinin rektoru V.Sadovniçiy Yerevanda olarkən Ermənistanda rus dilinə münasibətin pis olduğunu bildirdi. Nikol Paşinyan V.Sadovniçiyin yanında “Ermənistan-Rusiya münasibətləri yaxşı olub, yaxşıdır və gələcəkdə də yaxşı olacaq” bəyanatını verməsinə baxmayaraq, reallıqda onun Rusiyaya qarşı münasibətində neqativlik var və bəlli olur ki, N.Paşinyan sadəcə üzdə Rusiya ilə bağlı müsbət fikirlər bildirir. Reallıqda isə N.Paşinyanın məqsədi ciddi surətdə antirusiyaçılıq nümayiş etdirməklə beynəlxalq aləmdə Rusiyanın əleyhinə olan qüvvələrin diqqətini cəlb etməkdir. Əvvəlki dövrlərdən yığılıb qalmış neqativliklərin aradan qaldırılması istiqamətində də heç bir addım atılmadı; bəzi şəxslər Rusiya ərazisində Paşinyan hökumətindən gizlənir, Paşinyan hökuməti bunları tələb etsə də, Moskva vermir.“Taşir” qrupunun başçısı S.Karapetyanın Moskva adından N.Paşinyana verdiyi təklif böyük ehtimalla onu qane etməyib; “Taşir” qrupunun başçısı S.Karapetyanın qardaşı oğlunu Yerevanda həbs etdirdilər. Motivasiyasından qurama olması başa düşülür. Spiker Ararat Mirzoyanın Moskvaya səfəri zamanı onun verdiyi bəzi açıqlamalar, Dağlıq Qarabağ ermənilərinin Samvel Babayana qarşı apardığı mübarizənin də motivasiyasında antirusiyaçılıq var. Antirusiyaçılığın ən böyük mahiyyəti Ermənistanın İrana qaz almaqdan ötrü müraciət etməsidir; Rusiya qazının qiymətini artırır, Ermənistan isə Rusiyaya nümayiş etdirmək istəyir ki, İrandan daha ucuz qiymətə qaz ala biləcək”.

sia.az