Salyanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb

8 Avqust 2019 15:08 (UTC+04:00)

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən rayonda heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara, 186 min 736 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 303 baş çoxdur. Naxırda ana inək və camışların baş sayı 33 min 265 baş təşkil edir.Cari ilin altı ayında rayonun heyvandarlıq təsərrüfatlarında 4654,3 ton ət (diri çəkidə), 24576 ton süd, 347,6 ton yun, 17 milyon 301 min ədəd yumurta istehsal olunub. Bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 44,2 ton, süddən 42 ton, yundan 100 kiloqram, yumurtadan isə 55 min ədəd çoxdur.Həmçinin təsərrüfatlarda ötən il mayalanma aparılmış 1589 baş inək və düyədən ilin ötən ayları ərzində 655 baş cinsi yaxşılaşdırılmış buzov alınıb.

AZƏRTAC