"Əli Kərimlinin açıqlamaları gündəmdə qalmağa hesablanıb" ÖZƏL-MÜNASİBƏT

4 Sentyabr 2019 11:25 (UTC+04:00)

“Hər zaman xaricdə olan bəzi qüvvələr Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşaraq uğurlarımıza kölgə salmaq istəyirlər. Amma onların nə etməsindən və nə deməsindən asılı olmayaraq heç vaxtı bizim inkişafımıza zərbə vura bilməyiblər və bilməyəcəklər. Çünki artıq Azərbaycan öz sözünü demiş və dünya dövlətləri arasında hörmətini qazanmış bir dövlətdir”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, bu gün ölkə Prezidentinin fəaliyyəti Azərbaycanda stabilliyi qoruyub saxlamaq və inkişafımızı davam etdirmək, bunun nəticəsi olaraq da Azərbaycan əhalisinin yaşam tərzini yüksəltməkdən ibarətdir: “Bu reallığı görən xarici və daxili qüvvələr gücləri ilə çalışırlar ki, bizim inkişafımıza zərbə vursunlar. Azərbaycanın stabilliyi, sərhədlərimizi qorumaq üçün ordusu var, silahlı qüvvələri var və ordumuz bu gün dünyada birinci 50-iliklədir, yəni ən güclü ordular sırasındadır. Yəni dünyanın 200 çox dövləti var, onların heç də hamsının Azərbaycan kimi güclü ordusu yoxdur. Bu mənada AXCP sədri Əli Kərimlinin anormal açıqlamaları gündəmdə qalmaqdan başqa bir şey deyil. Yəni onların bu cür hərəkətləri xaricdə Azərbaycanı istəməyən bəzi qüvvələrin, xüsusilə də ermənipərəst qüvvələrin dəyirmanına su tökməkdir. Konkret isə, boş bəyanatlardan başqa bir şey deyil. Əli Kərimli və onun ətrafında olanların təxribat xarakterli açıqlamalarını sadəcə olaraq, Azərbaycanda qarışıqlıq yaratmağa, qarşıdurma yaratmağa, siyasi və iqtisadi sabitliyi pozmağa yönəlik addımlar kimi qiymətləndirirəm”.

sia.az