"Adekvat olaraq onlara cavab verilməlidir" ÖZƏL-MÜNASİBƏT

4 Sentyabr 2019 13:19 (UTC+04:00)

"Ermənistanın baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və vəssalam” açıqlama və digər ziddiyyətli bəyanatlar verdikdə bir sıra məqsədlər güdür". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib."Birincisi, son zamanlar Paşinyan həm Dağlıq Qarabağ klanı, həm də öz hakimiyyəti arasında olan uçurumu müəyyən qədər düzəltməyə çalışır ki, guya o Dağlıq Qarabağda olan prosesləri daimi izləyir və onlara qarşı belə addımlar atmağa hazırdır. İkincisi, Paşinyan dəfələrlə öz çıxışında qondarma DQR-nın qeyri-leqitim olduğunu qeyd etməklə əslində gələcəkdə keçiriləcək qondarma seçkilərdə öz istədiyi şəxsi yerləşdirməyə çalışır. Üçüncüsü, bu həm Rusiya üçün, həm də ATƏT-in digər Minsk Qrupunun həmsədrləri üçün bir mesajdır. Adekvat olaraq onlara cavab verilməlidir. Əgər siz danışıq proseslərində sülh yolu ilə bu problemi həll etməyə çalışırsınızsa, təbii ki, bu məsələ həll olunmalıdır. Onlar birmənalı şəkildə buna öz fikrini, mövqeyini bildirib kəskin surətdə bəyanat verməlidirlər. Əgər danışıqlar sülh yolu ilə həll edilməsə, bu ancaq müharibə ilə nəticələnə bilər. Azərbaycan tərəfi bunun qarşısında hər hansı bir digər bəyanatla çıxış edə bilər ki, artıq bu yolu müharibə ilə həll etmək lazımdır. Paşinyanın bu addımları həm daxili, həm də xarici siyasətə hesablanmış bir gedişdir"-deyə, A.Nağıyev fikrini tamamlayıb.

sia.az