Əli Kərimliyə tərs sillə ANALITIK

4 Sentyabr 2019 13:20 (UTC+04:00)

Və ya Əli Həsənovun arqumentlərindən çıxarılan məntiqi nətcələr

26 ildir ki, “Biz gəlirik” tipli hay-küyü vasitəsilə ənənəvi müxalifət düşərgəsində özünüreklam kampaniyası aparan AXCP sədri Əli Kərimlinin hakimiyyətə qarşı irəli sürdüyü köhnəlmiş, pas atmış, hətta zəhlətökən iddiaları həm də bir sıra qənaətlərə gəlməyə kifayət qədər zəmin yaradır. Xüsusilə, 1993-cü ilin iyunundan hazırkı dövrümüzə qədər keşməkeşli, ağır və şərəfli yollar keçmiş müstəqil Azərbaycan respublikasının və xalqının inkişaf tarixinə öz təbirincə mənfi don geyindirməyə cəhd edən Ə.Kərimlinin hər bir cəhdi onun daha çox ifşa olunmasına səbəb olmaqdadır. Təəssüfedici məqam isə AXCP sədrinin məhz Azərbaycan xalqının 1 nömrəli problemi kimi qeyd olunan Dağlıq Qarabağ məsələsi ətrafındakı sərgilədiyi oyunbazlıqları, gülünc iddiaları və məntiqsiz bəyanatlarıdır. Daha ətraflı desək, AXC-Müsavat iqtidarı dönəmində törədilən qanunsuz əəməllərin, özbaşınalıqların, torpaqlarımızın hərraca qoyulması və işğala məruz qalması cinayətlərinin sözün əsl mənasında, həyasızcasına indiki hakimiyyətin üzərinə atılması bütün hədləri aşır.
“Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi”
Bu arada, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov bu kimi məsələlərlə bağlı "Facebook" səhifəsində yazdığı statusu bir sıra mühüm nüansları önə çıxarmış oldu. Belə ki, AXCP sədri Ə.Kərimlinin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunması iddiasının üzərindən arqumentli və əsaslı faktlarla çalın-çarpaz xətlər çəkən Əli Həsənov qarşı tərəfi necə deyərlər dalana dirəyib. Misal üçün, cənab Həsənov xatırladıb ki, o illərin canlı şahidləri Azərbaycan əhlisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. SİTAT: “Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi”.
“Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar”
Prezidentin köməkçisi həmçinin xatırladıb ki, Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvəti ilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar.Beləliklə, Ə.Kərimlinin iddiası elə onun özünün, həmçinin təmsil olunduğu iqtidarının çirkin əməllərinin faş olması ilə nəticəsini tapır. Məsələn, AXC-Müsavat hakimiyyətinin xəyanətkar rəhbərliyi yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının adının xəritədən silinməsinə şərait yaratmışdılar. Nə ordu, nə silah, nə də ki, işğalçılara qarşı müharibə aparmaq üçün tələb olunan müvafiq hərbi arsenal yox idi. Hər şey son mərmisinə, gülləsinə qədər satılıb-havaya sovrulmuşdu. Ordunun ruhu sözün əsl mənasında ölmüş, ümummilli məsələdə isə xalqın birliyi məhv edilmişdi. Bu mənada, professor Əli Həsənovun daha bir sitatını önə sürmək olar: “Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək, Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər”.
Məgər bütün bunların səbəbkarı AXC-Müsavat iqtidarı və bu iqtidarın dırnaqrarası başbilənləri deyildilərmi?!
Söz yox ki, xaos, anarxiya olan bir ölkədə dövlətçiliyin təməlləri laxlayır və belə olan vəziyyətdə cinayətkar qruplar, bandalar öz mafioz maraqlarını tətbiq edir, sadə xalqı basqılar altında saxlayır, törədilən cinayətlər cəzasız qalırdı. Məgər bütün bunların səbəbkarı AXC-Müsavat iqtidarı və bu iqtidarın dırnaqrarası başbilənləri deyildilərmi?! Yaxud, həmin vaxtlar dövlət katibi kimi mühüm posta yiyələnmiş Ə.Kərimli bilmirdimi ki, Qarabağ cəbhəsində canlarını, qanlarını Vətən uğrunda fəda edən oğul və qızlarımız şəhid olarkən İsgəndər Həmidovun dırnaqrarası “Boz qurdları”, Surət Hüseynovun bandit “batalyonu” Bakı küçələrində silahlı reketçiliklər edir, Rəhim Qazıyevin hələ də güllə gözləyən başı torpaq, silah və vəzifə bölgüsü alverinə qarışmışdı? Əlbəttə ki, bu gün sərsəm iddialarını irəli sürən Ə.Kərimli bütün bunları yaxşı bilir, sadəcə, ictimai rəyə göz görə-görə həqarət edir, əslində isə özünün həmin həqarətə layiq olduğunu da çox gözəl anlayır!Ona görə də cənab Əli Həsənov sözügedən statusunda yerində və əsaslı şəkildə xatırladır. SİTAT: “Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular”.
Əli Kərimli yaxşı olardı ki, öz blogerlik şakərini kənara qoyub, hər an xalqın ona verə biləcəyi suallara cavab versin!
AXCP sədri Ə.Kərimli yaxşı olardı ki, öz blogerlik şakərini kənara qoyub, hər an xalqın ona verə biləcəyi suallara cavab versin. Çünki gec, ya da tez o bütün iddialarına, əməllərinə görə cavab verməlidir. Cavab verməlidir ki, əlində kifayət qədər səlahiyyətləri olmayan Heydər Əliyev ərazi itkilərinin qarşısını hansı üsulla almalıydı? Yaxud, Ə.Kərimli, bilavasitə sənin və Əbülfəz Elçibəy iqtidarının günahı üzündən ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmamışdımı? “Sadval”, “TMR”, “Car Blakən” separatçılığı baş qaldırmamışdımı? Azərbaycan torpaqları erməni təcavüzünə məruz qaldığı vaxtlarda ölkəmizə qarşı bədnam 907-ci düzəlişin tətbiqinin qarşısını almaq sizlərin səlahiyyətində deyildimi? Sizin kimi xəyanətkarlar heç nə edə bilmədiniz, amma...
Amma Bakıya tarixi qaydışından sonra Ulu Öndər Heydər Əliyev bütün gücü, iradəsi və qətiyyəti ilə Azərbaycan dövlətini və xalqını xilas etmək üçün özünü səfərbər etdi. Milli birlik, azərbaycançılıq ideyası qoyuldu və möhkəmləndirildi. Qeyd edilən problemlər öz həllini tapmağa başladı, xüsusilə uğurlu Horadiz və Cəbrayıl əməliyyatları Azərbaycan Ordsusunun dirilişinə, qələbə ruhuna təkan verdi. Ölkədə qayda-qanun bərqərar edildi. Vətəndaşların hüquqları bərpa olundu, ərzaq qıtlığı aradan qaldırıldı və s. Bütövlükdə isə, Azərbaycan xalqı AXC-Müsavat iqtidarının cəngindən qurtuldu və bu qurtuluş bilavasitə Ulu Öndər Heydər Əliyevin güclü, sınmaz iradəsi sayəsində baş tutdu.
Bu gün o hələ də Elçibəyin portretini başı üzərindən asaraq, şüuraltı şəkildə guya özünü onun davamçısı kimi azsaylı tərəfdarlarına sırımağa çalışır
Əli Kərimlinin sonradan xəyanət etdiyi və vəzifəsini zəbt etdiyi Əbülfəz Elçibəy isə qaçdı. Düzdür, bu gün o hələ də Elçibəyin portretini başı üzərindən asaraq, şüuraltı şəkildə guya özünü onun davamçısı kimi azsaylı tərəfdarlarına sırımağa çalışır. Amma belə bir xəyanətkarın hər gün, hər saat növbəti xəyanətlər etməsinə kimsənin şübhəsi yoxdur.Sonda isə, biz bir daha cənab Əli Həsənovun sitatından bir parçanı xatırlatmaq istərdik: “Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət tərbiyəsini dərk etmədən atıb qaçdığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığınızı xilas etdiyi üçünmü Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz? Daxili işlər naziri dünyanı nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri Prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanlarmı torpağın itkisində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvdən xilas edən Heydər Əliyevmi?
Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursuz...". SİTATIN SONU...

sia.az