Paşinyanın komandası seçki məcəlləsinə "əl gəzdirmək" istəyir

5 Sentyabr 2019 13:11 (UTC+04:00)

Ermənistan Parlamenti Seçki Məcəlləsinə düzəlişlərin hazırlanması işinə başlayır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin vitse-spikeri Lena Nazaryan özünün Facebook səhifəsində qeyd edib.

Məlumatda deyilir ki, Lena Nazaryan özünün Facebook səhifəsində Seçki Məcəlləsinə və Partiyalar haqqında qanuna düzəlişlərin hazırlanması işinə başladığını elan edib.
“Milli Məclisdə Ermənistanın “Partiyalar haqqında” qanuna və Ermənistanın Seçki Məcəlləsinə düzəlişlərin hazırlanması işinə başlayırıq. Proses mümkün qədər əhatəli olacaq. Hər iki vətəndaş cəmiyyətinin və parlamentdən kənar partiyaların nümayəndələrinin iştirakı üçün bir fürsət təmin ediləcək. İşi "Mənim addımım" partiyasının deputatı Amazasp Danielyan əlaqələndirəcək", deyə Lena Nazaryan yazıb.
Göründüyü kimi, işi hakim partiyanın deputatı əlaqələndirəcək və heç şübhəsiz ki, Paşinyanın komandası seçki məcəlləsinə "əl gəzdirmək" qərarındadır. Əslində, günü-gündən reytinqini, nüfuzunu itirməkdə və yox dərəcəsində olan hakim partiya və onun baş nazir postuna oturtduğu Paşinyanın seçkilərlə bağlı narahatçılığı başa düşüləndir. Çünki, onun bundan sonra, yəni, seçildiyi gündən etibarən verdiyi vədləri yerin yetirməməsi, elə bu baxımdan da ictimai narazılıq yaranması səbəbindən seçkilərə ümidi artıq puça çevrilib.

sia.az