“REAL”-AXCP qarşıdurması – səbəblər haradan qaynaqlanır? ANALITIK

6 Sentyabr 2019 11:25 (UTC+04:00)

Son günlər İlqar Məmmədovun sədri olduğu “REAL” partiyası ilə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP arasında kəskin və amansız söz savaşları gedir. Sosial şəbəkələrdə tərəflər bir-birlərini ən ağır ittihamlara məruz qoyaraq, hakimiyyətə işləmək suçunu irəli sürürlər. Əslində, sözügedən ziddiyyətlərin tarixi bir müddət bundan öncəyə, hətta 2018-ci ilin prezident seçkiləri ərəfəsinə qədər gedib-çıxır. Həmin vaxtlarda İ.Məmmədov həbsdə idi və həbsdə olmasına rəğmən, siyasi müxalifətdəki reytinqi Ə.Kərimlini üstələyirdi. Hətta sosial şəbəkələrdə “Əli Kərimli, yoxsa İlqar Məmmədov?” tipli reytinq sorğuları keçirildi. Nəticədə İ.Məmmədov Ə.Kərimlidən daha çox səs topladı. Düzdür, AXCP sədri o zamanlar İ.Məmmədovu “siyasi məhbus” kimi təqdim edərək, onun bu “statusundan” kifayət qədər yararlanırdı, bir sıra xarici təşkilatlardan aldığı qrantlarını həm İ.Məmmədovun, həm də digər “siyasi”, ya da “vicdan” məhbuslarının sayəsində əldə edirdi. O cümlədən, “REAL” sədri azadlığa çıxar-çıxmaz “Milli Şura”nın mitinqinə də qatıldı. Lakin bütün bunlardan sonra tərəflərin arasında kəskin mübarizəyə star verildi. Yaranan qarşıdurmalar şiddətləndi və nəhayət çərçivədən çıxaraq, təhqirlərlə, söyüşlərlə əvəzləndi.

Əli Kərimli çox istəyirdi ki, İlqar Məmmədovun partiyası “Milli Şura”ya üzv olsun və “REAL” onun egidası altına keçsin
Burada ilkin faktor olaraq, məhz AXCP sədrinin özünəpərəstişliyini, rəhbərlik etdiyi siyasi partiyasını “əsl müxalifət” kimi təqdim etməsini, onunla olmayanları satqın, xəyanətkar adlandırmasını və başqa məsələləri göstərmək mümkünür. O cümlədən, Ə.Kərimli çox istəyirdi ki, İ.Məmmədovun partiyası “Milli Şura”ya üzv olsun və “REAL” onun egidası altına keçsin. Ancaq həm İ.Məmmədov, həm də onun icra katibi Natiq Cəfərli və digər partiya funksionerləri partiyalarının ənənəvi müxalifətin heç bir koalisiyasına, birlik və təşkilatlarına qatılmayacaqlarını bəyan etdilər. Bu isə o demək idi ki, “REAL” təkbaşına ənənəvi müxalifətə meydan oxumaqla, fərqli düşüncə və fərqli strategiya ilə hakimiyyət iddiasında olacaq. Məhz bu amil Ə.Kərimlini, o cümlədən cəbhəçilərlə “Milli Şura” üzvlərini hiddətləndirdi. Nəticədə mövcud savaş baş verdi ki, həmin savaş kəskin qarşıdurmalarla müşahidə olunmaqdadır.
Bütün bunlar isə artıq oxun yaydan çıxmasının, AXCP sədrinin isə düşərgədə yeni, daha güclü düşmən qazanmasının sübutudur
Yeri gəlmişkən, bu gün sosial şəbəkələrdə canlı yayımlara çıxan Sevinc Osmanqızı, Qənimət Zahid, Natiq Ədilov və qeyriləri AXCP sədri Ə.Kərimli ilə əlbir şəkildə “REAL”a qarşı ardıcıl kampaniyalara start veriblər. Buna misal olaraq, İ.Məmmədovun S.Osmanqızının canlı yayımına qatılaraq, orada sərt ifadələr işlətməsi, hətta Osmanqızını da bu məsələdə ittiham etməsidir.Eləcə də Q.Zahid canlı yayımlarında hər dəfə İ.Məmmədovu hədəfə alan fikirlər səsləndirərək, Ə.Kərimlinin sifarişlərini həyata keçirir. Bütün bunlar isə artıq oxun yaydan çıxmasının, AXCP sədrinin isə düşərgədə yeni, daha güclü düşmən qazanmasının sübutudur.Bu arada, “REAL” partiyasının icra katibi N.Cəfərlinin qarşı tərəfi ən sərt ifadələrlə söz atəşinə tutması, AXCP-nin, “Milli Şura”nın siyasətinə tüpürməsi vəziyyətin gərginləşməsinə səbəb olub.
“REAL” partiyası qısa zamanda əks-hücum taktikasından istifadə edərək, həm AXCP-yə, həm də bütövlükdə “Milli Şura”ya güclü qurşaqaltı zərbə vuracaq
Onun sosial şəbəkədə “Fikri olub beyni olmayan bir qrup adam küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Bu kampaniya birbaşa “Milli Şura” rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar”, ifadəsi də qeyd edilən məsələnin bariz sübutudur. Ümumiyyətlə, istər AXCP sədrinə, istərsə də “Milli Şura”dakı digər funksionerlərə meydan oxuyan “REAL” təmsilçilərinin sərt cavab tədbirləri artıq belə nəticəyə gəlməyə zəmin yaradır ki, elə Ə.Kərimli də dişinin İ.Məmmədova bata bilməyəcəyi qənaətinə gəlib. Ona görə də əlindəki bütün resurslardan maksimum qaydada istifadə edərək, “bəlkə üstələdim” fikrinə dalır. Amma görünən budur ki, “REAL” partiyası qısa zamanda əks-hücum taktikasından istifadə edərək, həm AXCP-yə, həm də bütövlükdə “Milli Şura”ya güclü qurşaqaltı zərbə vuracaq. Hər halda mövzu ətrafındakı hadisələr də artıq buna doğru irəliləməkdədir.

sia.az