Əli Əhmədov: Biz torpaqlarımızın işğaldan azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək yerinə yetirməyə nail olacağıq

9 Sentyabr 2019 11:46 (UTC+04:00)

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sürsatlarda deyil. Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında, döyüşlərdə göstərdiyi igidliyindədir, yüksək döyüş ruhunda olmasındadır”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşü zamanı deyib.

Əli Əhmədov bildiirb ki, biz ordumuzla qürur duyur, fəxr edirik. Əminik ki, silahlı qüvvələrimiz Vətənimizin müstəqilliyinin və dövlətçiliyimizin keşiyində əzmlə dayanıb. Azərbaycan ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz torpaqlarımızın işğaldan azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək yerinə yetirməyə nail olacağıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən də bəhs edən Baş nazirin müavini deyib ki, Azərbaycan münaqişənin qan tökülmədən həll olunmasına tərəfdar olmasını bəyan edir və danışıqlar prosesi aparılmaqdadır.
“Doğrudur, danışıqlar prosesinin gedişi bizi qane etmir. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən yüksək səviyyədə ifadə etmişik. Amma danışıqlar prosesinin tamamilə sona çatdığını düşünmürük. Apardığımız siyasət ondan ibarətdir ki, qan tökülmədən, itkilərə yol vermədən Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini təmin edək. Azərbaycan tərəfinin qoyduğu yeganə şərt odur ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Bütün dünya bu torpaqların Azərbaycan ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, danışıqlar prosesi bizim istədiyimiz nəticəyə gətirib çıxarmayıb. Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni verməsə, pozulmuş ədalət bərpa olunmasa, Azərbaycanın torpaqları geri qayıtmasa biz məsələni ordunun gücü hesabına həll edəcəyik. Bizim hər birimizin bir müqəddəs vəzifəsi var - işğal altında olan torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa olması”-deyə, Əli Əhmədov vurğulayıb.

yap.org.az