YAP Sumqayıt şəhər təşkilatı 1 oktyabr Beynəlxalq Ahıllar gününə həsr olunmuş sosial tədbir keçirib

30 Sentyabr 2019 17:50 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı 1 oktyabr "Beynəlxalq Ahıllar günü"nə həsr olunmuş sosial tədbir keçirib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, 1992-ci ildə BMT Baş Məclisi tərəfindən "Ahılların müdafiəsi ilə bağlı qətnamə" qəbul edilib. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. 22 iyun 2001-ci il tarixindən “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu qüvvədədir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2006-cı ildə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir. Həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.
1 Oktyabr “Beynəlxalq Ahıllar Günü”nü nəzərə alaraq ahıl insanlar ziyarət edildi. Ziyarət edilən 20 ahıla Yeni Azərbaycan Partiyası Sumqayıt təşkilatı tərəfindən hazırlanmış ərzaq bağlamaları təqdim edildi. Səmimi keçən görüşdə ahıllılar öz xatirələrini bölüşdülər, ölkə başçısına minnətdarlıqlarını ifadə etdilər. Ahıllara yardım göstərmək, əl uzatmaq, qapılarını döymək, yaşadıqları ünvana üz tutmaq, könüllərini sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək hər birimizin borcudur.

yap.org.az