“Qazi və ya deputat olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir”

1 Oktyabr 2019 12:20 (UTC+04:00)

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib. Deputat E.Məmmədov açıqlamasında bildirib ki, qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir: “Əgər bu hadisə ilə bağlı qanun kim tərəfindən pozulubsa, o, qanun qarşısında məsuliyyət daşıyır. Fərqi yoxdu, onlar ya SOCAR əməkdaşı, yaxud da veteranlar olub. Hər kəs qanun qarşısında bərabərdir”.Deputat deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ qazilərinə, müharibə veteranlarına və əlillərə xüsusi diqqət göstərilir: “Bu, çox vacib məsələdir. Hesab edirəm ki, bu diqqət və qayğını bir qədər də gücləndirmək lazımdır. Əgər bu insanlar Vətən uğrunda döyüşüb sağlamlıqlarını itiriblərsə, yaxud da itirməsələr belə, onlar daim dövlət qayğısı ilə əhatə olunmalıdır. Ancaq məsələnin bir tərəfini yaddan çıxarmaq olmaz. Yəni, kimliyindən asılı olmayaraq, qanunu pozmaq yolverilməzdir. Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Nə vəzifəli, nə vəzifəsiz, nə veteran, nə qazi, nə də deputat qanunu poza bilər. Dövlətin qanununu kim tərəfindən pozulursa, o da qanun qarşısında məsuliyyət daşıyır. Mən də müharibə veteranıyam, amma bu, o demək deyil ki, nə istəsəm, edə bilərəm”.

sia.az