"Veteran adından istifadə edərək qanuna uyğun olmayan hərəkətlərə yol vermək qəbuledilməzdir” AÇIQLAMA-ÖZƏL

1 Oktyabr 2019 15:07 (UTC+04:00)

"Xüsusi statuslu və imtiyazlı insanlara qanuna qarşı hörmətsizlik etmək və ya qanundan yayınmaq imkanı verilməyib. Hər bir vətəndaş Azərbaycan Respublikasının Konstitusiyası qarşısında bərabər olduğu kimi, onlar da qanun qarşısında cavab verməli, etdiyi əməllərə görə məsuliyyət daşımalıdırlar". Bu fikirləri SİA-ya "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev özlərini Qarabağ əlili kimi təqdim edən bir qrup şəxsin SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirməsinə münasibət bildirərkən deyib.Baş redaktor bildirib ki, qanun şahdır, şah qanun deyil: "İstər Qarabağ əlilləri, qazilər, müharibə veteranları, istərsə məmurlar, deputatlar, istərsə də digərləri qanun qarşısında eyni olduqlarını bilməlidirlər. Şəhid ailəsinin, veteranın, Qarabağ qazisinin öz imtiyazından sui-istifadə etməsi eyni kateqoriyadan olan bütün şəxslərə hörmətsizlikdir, bu, qətiyyən yolverilməzdir. Mən də veteran olduğuma görə özümdə bu fikri demək haqqı tapıram ki, veteran adından istifadə edərək qanuna uyğun olmayan hərəkətlərə yol vermək qəbuledilməzdir".B.Quliyev qeyd edib ki, Azərbaycan dövləti tərəfindən həssas qruplara – şəhid ailələrinə, müharibə veteranları və əlillərə, qaçqın və məcburi köçkünlərə xüsusi diqqət göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl, məqsədyönlü, kompleks xarakterli tədbirlər həyata keçirilir.Onun sözlərinə görə, lakin bir qrup şəxs müharibə veteran və Qarabağ qazisi adından istifadə edərək dövlətin bu kateqoriyadan olan insanlara yüksək qayğısının, bu istiqamətdə görülən işlərin üzərinə kölgə salmağa çalışırlar: "Onlar qanunazidd hərəkətlərə yol verməklə dövlət strukturlarını hədəfə alaraq mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. Azərbaycan ictimaiyyəti bu cür davranışları qətiyyətlə pisləyir".

sia.az