Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb

3 Oktyabr 2019 14:57 (UTC+04:00)

Oktyabrın 2-də Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazirin müavini Azərbaycanda səhiyyənin inkişafına güclü dövlət dəstəyi göstərildiyini söyləyib. O deyib ki, dövlət başçısı səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün dövlət səviyyəsində zəruri addımlar atılıb. Məhz bu dəstəyin nəticəsidir ki, son illər yüzlərlə tibb ocağı tikilib istifadəyə verilib. Bu yöndə işlər uğurla davam edir. Bu il ölkə miqyasında geniş səviyyədə tətbiq olunacaq icbari tibbi sığorta haqqında qonağa məlumat verən Əli Əhmədov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların aldığı səhiyyə xidmətləri də genişlənəcək. Baş Nazirin müavini BMT-nin qeyd olunan istiqamətlərdə fəaliyyətini təqdir edərək, dövlət və vətəndaş cəmiyyətlərinin səyləri nəticəsində bütün dünyada yoxsulluğun və aclığın aradan qaldırılması, ana sağlamlığının yaxşılaşdırılması və uşaq ölümü hallarının azaldılması istiqamətində, malyariya, vərəm, QİÇS və s. kimi xəstəliklərə qarşı mübarizədə müvəffəqiyyətlər əldə olunduğunu bildirib.
Mişel Kazaçkin Azərbaycanda da QİÇS, vərəm və hepatit epidemiyalarına qarşı əhalinin köməyə daha çox ehtiyacı olan təbəqələrinin profilaktika, müalicə və qayğı ilə daha yaxşı təmin olunması istiqamətində həyata keçirilən fəaliyyətlərdən, o cümlədən epidemiyaya nəzarət olunması, qiymətləndirilməsi və ona qarşı tədbirlərin görülməsindən məmnunluğunu ifadə edib.

yap.org.az