1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir

3 Oktyabr 2019 14:59 (UTC+04:00)

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə

- Arif müəllim, bildiyimiz kimi 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Sizcə, bu hadisənin tarixi-siyasi əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, hər tarixi dövrün öz görkəmli şəxsiyyətləri olur. Şəxsiyyətləri zaman yetişdirir. Amma bəzən əksinə də olur. Dahi insanlar zamanın fövqünə yüksələrək, öz dövrlərini yaradırlar. Ümummilli Lider Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir: XX əsrin ikinci yarısının xeyli hissəsini əhatə edən dövr Onun adı ilə bağlıdır.
1969-cu ildən başlayaraq, 30 ildən çox müddət ərzində o, yalnız bir dəfə respublikanın rəhbəri kimi hakimiyyətdən kənarda olmuşdur. 1982-ci ildə Heydər Əliyev daha yüksək vəzifəyə - İttifaq hökuməti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş, hakim partiyanın ali orqanı olan Siyasi Büronun üzvü seçilmişdir. Amma sonralar Heydər Əliyev 1987-ci ildə ölkənin o vaxtkı rəhbəri Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Lakin Heydər Əliyevin Azərbaycanda olub-olmamasından, yüksək vəzifədə çalışıb-çalışmamasından asılı olmayaraq, respublikanın bütün şəhərlərindən ucqar kəndlərinə kimi ağlı kəsən hər bir insan ölkənin böhranlı dövrlərində Onun zəkasına, iradəsinə və məharətinə inanıb güvənmiş, Heydər Əliyevin simasında Vətənini və həmvətənlərini sevən, lazım gəldikdə onların köməyinə gəlməyə və onlara arxa durmağa həmişə hazır olan müdrik bir ağsaqqal görmüşdür.
1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, ölkə daxilində anarxiya, hökm sürürdü. Belə vəziyyət 1993-cü ilin ortalarında Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycan xalqı bu təhlükələrdən yeganə xilas yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq ölkə Parlamentinin Sədri seçildi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş meydan verildi, genişmiqyaslı islahatlara başlandı. 1994-cü il sentyabrın 20-də isə Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya birliyindəki mövqeyini möhkəmləndirdi.
Hesab edirəm ki, 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi müasir tariximizin ən mühüm hadisələrindən biridir.
- Dediyiniz kimi, 1993-cü ildə Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Necə oldu ki, Heydər Əliyevə qarşı çıxış edən iqtidar nümayəndələri Onun hakimiyyətə gəlməsinin zəruriliyini anladılar?
- Tarixinin bu böhranlı məqamında xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvanda gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər və o zamankı hakimiyyət Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. O zamankı parlamentdə hamı, o cümlədən vaxtilə Ulu Öndərimizə qarşı çıxış edənlər də Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idilər. Çünki anlayırdılar ki, Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və iyunun 15-də Ali Sovetə Sədr seçildi. Haqlı olaraq həmin gün tariximizə xalqımızın və dövlətçiliyimizin Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideologiyası formalaşdı. Bir sözlə, Azərbaycan inkişaf yoluna çıxdı.
- Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi xalqımız qarşısında misilsiz xidmətlər göstərib…
- Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır.
Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Milli ideologiyanın yaradılması da Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid mərkəzdə birləşdirən milli məfkurəyə çevrildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda görülən işlərin və əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
- Arif müəllim, bu gün Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Bu mənada, ölkəmizin hazırkı inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Həqiqətən bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. 2003-cü ildə cənab cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, heç kimdən asılı olmadan müstəqil siyasət həyata keçirir, dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz Möhtərəm Prezidentimiz İlham əliyev tərəfindən bacarıqla qorunur.
Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firəvanlığına, əminamanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək.

yap.org.az