Elman Nəsirov: Azərbaycan xalqı 26 il əvvəl oktyabrın 3-də müdrik seçim edərək öz taleyini Ulu Öndər Heydər Əliyevə etibar etdi

3 Oktyabr 2019 16:57 (UTC+04:00)

“Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük azərbaycanlıdır. Bu bənzərsiz xüsusiyyəti ilə dünya siyasətində onun rəqibi yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər ən azı 100 ildən bir doğulur”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Heydər Əliyev Azərbaycanda siyasi plüralizm, siyasi mədəniyyət və siyasi sistemin yaranmasının əsasını qoyan dühadır. 1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir siyasi mədəniyyət və siyasi əxlaq nümunəsi yaratdı. Bu nümunə, əslində, siyasi xəttindən və davranışından asılı olmayaraq bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Bu nümunə özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır. Azərbaycan xalqı 26 il əvvəl oktyabrın 3-də müdrik seçim edərək öz taleyini Ulu Öndər Heydər Əliyevə etibar etdi.
“O, qalibiyyətlər üçün doğulmuşdu. 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, milli azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi. Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.
Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanınmış və nüfuz sahibi olmuşdur. Müstəqil siyasət həyata keçirmək çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kim, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınıb öz siyasətini həyata keçirməkdir. Lakin, bu siyasət heç bir halda hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyni nəzərə ala bilməz. Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizn rəhbəri İlham Əliyev çətin, lakin şərəfli yolu seçmişdir. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Bu yol yeganə düzgün yoldur. Bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Dövlətin xarici siyasətinin onun daxili siyasətinin davamı olması da mütləq əksəriyyətin inandığı həqiqətlərdəndir. Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin 16 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə də xidmət göstərmişdir. O, dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir”-deyə, E.Nəsirov vurğulayıb.

yap.org.az