Səməd Seyidov: AŞPA təkcə avropalılardan ötrü deyil, həm də Avropa Şurasının hər bir üzv-dövləti üçün əlindən gələni əsirgəməməlidir

3 Oktyabr 2019 17:01 (UTC+04:00)

Strasburqda sentyabrın 29-dan oktyabrın 7-dək keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə Komitəsinin sədri, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov terrorizm qurbanlarının müdafiəsi mövzusunda məruzə ətrafında çıxış edib.

S.Seyidov həmin mövzu ilə bağlı məruzəçiyə təşəkkür edərək deyib: “Bu, çox mükəmməl və mühüm məruzədir və bizim terrorçuluğun tərifini verdiyimiz bir vaxtda təqdim edilib. Hərçənd düşünürəm ki, bu tərifi tapmaq o qədər də çətin deyil. Terrorçuluq və terror aktları insanlıq üçün bir xərçəng şişidir. Biz Avropada yerləşirik və bu, Avropanın xəstəliyidir. Təəssüf ki, bu ölümcül xəstəliyin uyğun müalicəsini tapmaq olduqca çətindir”.
Milli Məclisin deputatı öz çıxışında qeyd edib ki, uzun müddət universitet rektoru olub. O əlavə edib: “Mənim işlədiyim dövrdə Bakının mərkəzində, metroda törədilmiş terror aktı nəticəsində gənc qız sağ qolunu itirmişdi. Bu qolu ilə birlikdə o, bütün gözəlliyini, ümidini də itirdi, həyat onun üçün qorxunc oldu. Bilirsiniz, həmin qız təzminat tələb etmədi, həmkarlarından böyük dəstək istəmədi. O, ədalətin bərqərar olmasına can atırdı və hər dəfə mənim kabinetimə gələrək soruşurdu ki, nə vaxt bu barədə danışmaq imkanı olacaq”.
Məruzəçiyə xitab edən S.Seyidov çıxışına davam edib: “Xanım məruzəçi, bir daha əla məruzəyə görə sizə təşəkkürümü bildirirəm. Düşünürəm ki, bu məruzə sayəsində həmin insanlar ədalətə nail ola biləcəklər. Mən sizin məruzənizi diqqətlə oxudum və onun daha bir mühüm aspektini qeyd etmək istərdim: bu sənədin ayrı-ayrı hallar üçün hazırlanmasına baxmayaraq, o, dövlətlər üçün çox mühümdür. Siz hər bir insanın terror qurbanı kimi əsas ehtiyaclarından danışırsınız. Lakin bu əsas ehtiyaclar dövlətlərə münasibətdə də tətbiq edilə bilər. Zənnimcə, AŞPA təkcə avropalılardan ötrü deyil, həm də Avropa Şurasının hər bir üzv-dövləti üçün əlindən gələni əsirgəməməlidir. Əgər biz dövlət terrorçuluğunu bütün dəqiqliyi ilə pisləyə bilməsək, onda AŞPA-da fəaliyyətimizə də ehtiyac qalmır”.

yap.org.az