Görkəmli şərqşünas alim Aida İmanquliyevaya həsr edilmiş biblioqrafiya və elektron məlumat bazasının təqdimatı olub

5 Noyabr 2019 19:49 (UTC+04:00)

Noyabrın 5-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya üzrə elmlər doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 80 illik yubileyi münasibətilə “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının və “Aida İmanquliyeva-80” adlı elektron məlumat bazasının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan təqdimat mərasimində hökumət və dövlət üzvləri, habelə tanınmış elm adamları iştirak ediblər.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alim Aida İmanquliyevanın həyat və yaradıcılığından söz açıb. Bildirib ki, 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olan Aida İmanquliyeva 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Bildirib ki, iyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib. Qeyd edilib ki, onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların uğurunu şərtləndirən əsas amillər idi. Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirib. O, rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib.

“Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsi olub. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı - Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bu gün dövlətimiz və dövlətçiliyimiz üçün çoxsaylı işlər görür”, - deyə K.Tahirov söyləyib.

Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova görkəmli alimin yaradıcılığından söz açıb, kitablarının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ərəbşünaslıq elmi üzrə ilk qadın filologiya elmləri doktoru olan Aida İmanquliyeva haqqında belə bir nəşrin ərsəyə gəlməsi olduqca sevindirici haldır. Biblioqrafiyanın alimin həyat və yaradıcılığı haqqında əsl mənbə olduğunu deyən H.Hüseynova qeyd edib ki, bu nəşr Aida İmanquliyevanın ədəbi irsinin dərindən öyrənilməsi baxımından önəm kəsb edir.

“Belə nəşrlərin cəmiyyətə təqdim olunması onu göstərir ki, ömrünü elmə həsr edən görkəmli alimlərin yaradıcılığı hər zaman diqqət mərkəzindədir. Aida İmanquliyeva da belə ziyalılardandır. Onun yaradıcılığında ayrı-ayrı mədəniyyətlərdə qadına münasibət və qadın hüquqları mövzusu xüsusi yer tutur. Bu baxımdan onun əsərləri Azərbaycan genderşünaslığı üçün də çox əhəmiyyətlidir. A.İmanquliyevanın elmi yaradıcılığı ilə yaxından tanış olduqda Qərb və Şərq mədəniyyətini, ümumiyyətlə dünyada mövcud olan ictimai-fəlsəfi fikir sistemlərini açıq-aşkar görmək mümkündür. Aida xanım yorulmaz elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana və gözəl insan obrazı olan ziyalı kimi tanınıb. Görkəmli alimin böyük çoxşaxəli, zəngin irsi təkcə onun yaradıcılığına aid olmayıb, eyni zamanda, ailəsinin, övladlarının varlığında da yaşayıb. Onun övladları bu gün vətənpərvər, xeyirxah ziyalı kimi mənsub olduqları nəslin gözəl ənənələrini yaşadaraq Azərbaycanın ictimai-siyasi həyatında xüsusi fəaliyyətləri ilə fərqlənirlər”, - deyə H.Hüseynova söyləyib.

Unudulmaz alimin zəngin yaradıcılıq irisinin təbliğindən söz açan AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova deyib ki, Aida İmanquliyevanın gənc yaşlarından elmə olan sevgisi və bu yöndə atdığı addımlar onu görkəmli alimə çevirib. Qeyd edib ki, Şərq və Qərb ədəbiyyatının sintezi alimin yaradıcılığının mərkəzində dayanır: “Biz Aida xanımın məruzələrini hər zaman diqqətlə dinləyirdik. Bizim ərəb ədəbiyyatına olan marağımızın səbəbkarı Aida xanım idi. Onun yaradıcılığına hər zaman müraciət ediləcək. Aida xanımın elmi fəaliyyəti bu gün də maraq doğurur, gələcəkdə də belə olacaq”.

“Aida İmanquliyeva. Biblioqrafiya” kitabının “Ön söz”ünün müəllifi AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, görkəmli alim dəfələrlə Azərbaycan şərqşünaslıq elmini respublika hüdudlarından kənarda da təmsil edib. Diqqətə çatdırıb ki, Aida İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Təsadüfi deyil ki, institutun Ərəb filologiyası şöbəsinə başçılıq etdiyi qısa müddətdə onun bilavasitə səyləri ilə 10-dan artıq namizədlik dissertasiyası müdafiə edilib.

G.Baxşəliyeva vurğulayıb ki, dünya şöhrətli şərqşünaslarla adı bir arada çəkilən Aida İmanquliyevanın tədqiqatlarının sahəsi ərəb filologiyası və ya məhcər ədəbiyyatı olaraq qeyd edilir. Ancaq Aida xanımın araşdırdığı məsələlər şərqşünaslığın və filoloji düşüncənin hüdudlarına sığmır. Alimin tədqiqatları nəticəsində bütün dövrlər üçün aktuallığını saxlayan mütləq bir həqiqət müəyyənləşib.

Unudulmaz alimin insani keyfiyyətlərindən söz açan natiq onunla bağlı xatirələrini bölüşüb, “Aida İmanquliyeva. Biblioqrafiya” kitabının ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov çıxış edərək alimin həyat və yaradıcılığından, elmə verdiyi töhfələrdən, yorulmaz elmi axtarışlarından bəhs ediblər.

Tədbir çərçivəsində gənc şair Sevindik Nəsiboğlu Aida İmanquliyevaya həsr etdiyi şeiri səsləndirib. Sonra “Aida İmanquliyeva-80” adlı elektron məlumat bazası təqdim olunub.

Qeyd edək ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı bu biblioqrafiyada, ilk növbədə, “Aida İmanquliyevanın həyat və yaradıcılığının əsas tarixləri”, “Aida İmanquliyevanın əsərlərində müdrik deyimlər”, “Görkəmli şəxsiyyətlər Aida İmanquliyeva haqqında” bölmələri yer alır. Biblioqrafik vasitədə alimin əsərləri - kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, habelə onun həyat və yaradıcılığını əks etdirən 1964-2019-cu illəri əhatə edən kitablar, dissertasiyalar, məqalələr, rus və başqa dillərdə çap olunmuş materiallar toplanıb. İlk dəfə olaraq “Aida İmanquliyeva dünya kitabxanalarında” və “Aida İmanquliyeva dünya universitet kitabxanalarında” bölmələri də biblioqrafiyaya daxil edilib. Kitabda ədəbiyyat xronoloji qaydada qruplaşdırılaraq əlifba sırası gözlənilib. Biblioqrafiya şərqşünas, ədəbiyyatşünas alimlər və kitabxanaçı-biblioqraflar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.