"Erməni xalqına sözübütöv lider lazımdır" ÖZƏL-MÜNASİBƏT

6 Noyabr 2019 11:54 (UTC+04:00)

"Ermənistanın baş naziri Nikol Paşinyan yaxınlarda Dağlıq Qarabağ tənzimlənməsində maraqlı dinamika olduğunu açıqladı. Dağlıq Qarabağ tənzimlənməsində dinamikanın olması mümkündür. Çünki çoxlu səylər göstərilir. Paşinyanın bütün bunların hamısından xəbəri var. Paşinyana müxtəlif təkliflər bildirilir. N.Paşinyan görüş anında deyilənləri başa düşür, Ermənistana qayıtdıqdan sonra verdiyi vədləri reallaşdıra bilmir. Reallaşdıra biməməsinin səbəbi təkcə Dağlıq Qarabağın ona qulaq asmaması deyil". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, N.Paşinyan şəxsiyyət, siyasi fiqur kimi ermənilərdə, xüsusən Dağlıq Qarabağ ermənilərində böyük nüfuza malik deyil: "Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmaq erası getdi. İndi artıq erməni xalqına nüfuzlu, sözübütöv şəxsiyyət lazımdır.Ermənistanın İctimai Şurasının sədri Vazgen Manukyan “Danışıqların olmaması, müharibə riskini artırır” bəyanatını verdi. V.Manukyan bir müddət Ermənistanın Müdafiə naziri, sonra isə Baş naziri olmuş şəxsdir. Ermənistan cəmiyyətində onu savadlı və mövqeni ortalığa qoymağı bacaran adam hesab edirlər və Vazgen Manukyan hər hansı bir şəxsi sıxıntı da keçirmir. Ola bilər açıqladığı bəyanat ona bundan sonra sıxıntı gətirsin.. V.Manukyan etiraf edir ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlar getmir və danışıqların getməməsinin səbəbi də Ermənistan tərəfidir. Müharibə başlayacağı təqdirdə də əziyyət çəkən tərəf Ermənistan olacaq. V.Manukyan Serj Sərkisyanın müharibə riski ilə danışıqlar prosesi arasında necə balans yaratdığını görürdü.N.Paşinyan başa düşür ki, erməni xalqı üçün V.Manukyanın sözü daha böyük nüfuza malikdir. N.Paşinyan isə hal-hazırda yeganə Baş nazirdir ki, nəinki 297 min, hətta 500 min dollarlıq maşında gəzmək istəyir. Yəqin ki, Ermənistanın tarixində bundan da sonra belə Baş nazir olmayacaq və Paşinyan çalışır ki, 500 milyon dollarlıq təyyarədə gəzsin. Bunu onun özünün və ailəsinin maraqları tələb edir. Bunun üçün də N.Paşinyana indiki status-kvonu saxlamaq lazımdır. V.Manukyanın bəyanatı Paşinyanın bu planını pozur. Ona görə yenidən beynəlxalq ictimaiyyətin qarşısında yalan danışdı. V.Manukyanın dediyi düzdür, danışıqlar prosesinin yubanması hökmən müharibəyə gətirib çıxaracaqdır. Çünki ən azı effektiv danışıq prosesinin olmaması Ermənistan hərbçisində xofu artıracaq. Ermənistan hərbçisinin xofunun artması həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində özünü göstərəcək. Beləliklə, N.Paşinyan həm də öz xalqına ən asan müharibə qazandırmış Baş nazir olacaq".

sia.az