Rusiya-Azərbaycan: Əlaqələrin intensivliyi artır

7 Noyabr 2019 19:28 (UTC+04:00)

Rusiya və Azərbaycan KİV-lərinin xəbər lentlərində iki ölkənin dövlət xadimlərinin qarşılıqlı görüşləri, yeni kontraktlar bağlanması və çoxsaylı mədəni tədbirlər keçirilməsi barədə məlumatlar boldur. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində bu fenomenin səbəblərini açıqlamağa kömək edir.

-Dmitri İvanoviç, ən müxtəlif səviyyələrdə Rusiya-Azərbaycan əlaqələrinin intensivləşməsini siz nə ilə izah edərsiniz?

-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda verdiyi müsahibələrinin birində qeyd edib ki, son vaxtlar ölkələrimiz arasında ikitərəfli münasibətlər daha səmərəli və daha keyfiyyətli olub. Bu gün Rusiya ilə Azərbaycanı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir, qarşılıqlı əlaqələr geniş istiqamətlər üzrə inkişaf edir. Mənim fikrimcə, bizim əməkdaşlıq etmədiyimiz sahələri göstərmək daha asan olar. Təbii ki, tərəfdaşlıq nə qədər sıx olsa, bütün səviyyələrdə əlaqələr bir o qədər fəallaşır, bu işə səmərəli informasiya fonu yaradır.

-Azərbaycanın yeni Baş Naziri Əli Əsədov yaxın vaxtlara qədər Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsində çalışırdı. Sizin fikrinizcə, bu fakt ölkələrimiz arasında əmtəə dövriyyəsinə necə təsir göstərəcək?

-MDB Hökumət Başçıları Şurasının bu yaxınlarda keçirilmiş iclasında Əli Əsədov Baş Nazir qismində ilk dəfə rusiyalı həmkarı Dmitri Medvedevlə görüşüb. Mən deyərdim ki, Medvedev Azərbaycanın Baş Nazirinin praktiki təfəkkürünü xüsusi qeyd edib. O, həmin iclasın keçirildiyi “Skolkovo” innovasiya mərkəzinin miqyasını qiymətləndirib və bu mərkəzin imkanlarından birgə iş üçün istifadə olunmasını təklif edib. Azərbaycan üçün bütün yenilikləri dərhal duymaq və bunu özündə tətbiq etmək qabiliyyəti səciyyəvidir. Təsadüfi deyil ki, son bir ildə respublika qlobal rəqabətədavamlılıq indeksinə görə 11 bənd irəliləyərək dünyada 58-ci yerə çıxıb. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi məsələsinə gəldikdə, son 8 ayda bu göstərici demək olar ki, 25 faiz artıb. Bu, MDB ölkələri ilə Rusiyanın qarşılıqlı ticarətində ən yaxşı göstəricidir və mən əminəm ki, bu göstəricinin daha da artması üçün heç də bütün resurslardan istifadə edilməyib. Cənubi Qafqaz dövlətləri arasında Azərbaycan o ölkədir ki, Rusiya oraya ən çox investisiya yatırıb, bu isə ölkələrimizin iqtisadi münasibətlərinin strateji xarakter daşımasına dəlalət edir.

-Siz bu fikri əyani şəkildə nümayiş etdirən bir neçə sazişin adını çəkə bilərdinizmi?

-Əlbəttə, məsələn, “Metrovaqonmaş” ilə Bakı Metropoliteni arasında növbəti müqavilə. Ona görə növbəti deyirəm ki, bu iki təşkilatı uzunmüddətli münasibətlər bağlayır. Bakı Metrosunun qatarlarında 305 vaqon var. Cari ildə bizim maşınqayıranlar Bakıya dördüncü nəslə aid 30 müasir vaqon göndəriblər, yeni müqaviləyə əsasən, yaxın iki il ərzində Azərbaycan paytaxtının metro parkına daha 60 vaqon göndəriləcək və bu park daha 20 faiz yenilənəcək.

Oktyabrın sonunda Bakıda 25-ci, yubiley “Baku Build-2019” beynəlxalq sərgisi keçirilib. Maqnitoqorsk Metallurgiya Kombinatı həmin sərgidə ənənəvi olaraq, öz məhsullarını nümayiş etdirib. Azərbaycanda sənaye və tikinti sahələri yüksəliş mərhələsindədir, buna görə də metallurgiya məhsullarına tələbat yüksəkdir. 2016-cı ildə Maqnitoqorsk Metallurgiya Kombinatı Azərbaycana 130 min tondan artıq yüksəkkeyfiyyətli rulon və təbəqə halında prokat göndərib. Bu, MDB ölkələri arasında rekord göstəricilərdən biridir.

-Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın əməkdaşlığına nə dərəcədə ciddi töhfə verir?

-Təbii ki, respublikanın onunla qonşuluqda yerləşən regionlarla əlaqələri daha sıxdır. Taxıl məhsullarının ən iri təchizatçısı olan Stavropol diyarında bu yaxınlarda Azərbaycan nümayəndə heyəti üçün biznes-görüş təşkil edilib. Tərəflər Azərbaycana Rusiya məhsulları, o cümlədən elit toxum ixracı barədə razılığa gəliblər. Azərbaycanda aqrar sahənin nümayəndələri üçün bu toxumlar yüksək məhsula zəmanət olacaq, rusiyalılar isə öz süfrələri üçün Azərbaycandan daha çox meyvə və tərəvəz alacaqlar. Ovaxtkı İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Azərbaycan Rusiyaya meyvə-tərəvəz məhsulları satışını ikiqat artıraraq, bir milyon tona çatdıra bilər.

Həştərxanda logistika hab yaradılması da aqrar sektorla bağlıdır. Azərbaycanın “KDY Logistics” şirkəti bu habın tikintisinə 2 milyard rubl sərmayə qoyub. İndi həmin şirkət müvəqqəti saxlama anbarından Rusiyaya və digər MDB ölkələrinə ildə 2,5 milyon ton meyvə və tərəvəz nəql etməyi planlaşdırır.

2021-ci ildə Yekaterinburqda iri logistika mərkəzin istifadəyə verilməsi planlaşdırılır. Nəticədə Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi demək olar ki, ikiqat artaraq 12 milyard rubla bərabər olacaq. Məsafə urallılar üçün maneə olmayıb: bu yaxınlarda həmin regionun nümayəndə heyəti Bakıda ən müxtəlif əməkdaşlıq istiqamətləri üzrə - şəhərsalmadan başlamış mədəniyyət və təhsil sahəsində mübadiləyə qədər 30-dan çox görüş keçirib.

-Humanitar sahədə qarşılıqlı əlaqələr nə dərəcədə səmərəlidir?

-Mədəni körpülər ölkələrimizin dövlətlərarası dialoqu üçün çox vacibdir. Rusiya və Azərbaycanın intellektual elitaları əsrlərboyu əməkdaşlıq edir. Çoxları bilmir ki, II Yekaterina qarabağlı İbrahim xan ilə məktublaşırdı və onu özünün ən lütfkar müsahiblərindən biri hesab edirdi. Lermontov isə bir məktubunda yazırdı: “Azərbaycan dilini öyrənirəm. Avropada fransız dili nə qədər lazımdırsa, Asiyada bu dil bir o qədər lazımdır”.

Məndə belə təsəvvür yaranır ki, bir tərəfin təşkil etdiyi mədəni tədbirə digər tərəf dərhal bir neçə belə tədbirlə cavab verir. Məsələn, Bakıda xalqlarımızın mədəniyyətinin və ənənələrinin qorunub saxlanmasında mədəniyyətlərarası dialoqun əhəmiyyəti mövzusunda Rusiya-Azərbaycan diskussiyası keçirildi, Moskvada isə demək olar ki, eyni vaxtda böyük şair və mütəfəkkir Nəsiminin 650 illiyinə həsr edilmiş “Rusiya və Azərbaycanın humanitar əməkdaşlığı: mənəvi tarixi ənənələr və müasirlik” mövzusunda elmi-praktik konfrans təşkil edildi.

Bir məsələyə də diqqəti cəlb etmək istərdim ki, MDB üzvü olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında Sergey Şoyqu tarixin saxtalaşdırılması hallarına qarşı mübarizənin zəruri olmasını qeyd etdi və həmkarlarını Qələbə paradında iştirak etmək üçün Moskvaya dəvət etdi. Azərbaycanda Böyük Qələbənin 75 illiyinə xüsusi hazırlıq gedir. Bu ölkədə müharibə veteranlarına qayğı kampaniya deyil, iqtidarın gündəlik işidir. Yeri gəlmişkən, ümumi təhlükəsizlik sisteminin yaradılması Rusiya və Azərbaycan üçün ümdə məsələdir, çünki genişmiqyaslı müştərək layihələrin həyata keçirilməsi və səmərəli əlaqələr yalnız dinc səma altında mümkündür.