Prezident İlham Əliyev: “Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və zamanın sınağından çıxıb”

7 Noyabr 2019 21:10 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına verdiyi müsahibəsi və həmin müsahibədə səsləndirdiyi fikirlərin hər biri, ilk növbədə, Azərbaycan və Rusiya dövlətləri arasında yaranmış yeni, eləcə də, daha sıx əməkdaşlıq təzahürünün bariz nümunəsidir. Belə ki, həmin reallıq, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, tərəflərin strateji müttəfiqliyi, o cümlədən, mehriban qonşuluq, dostluq prinsipinin inkişafı yaxın gələcəkdə daha münbit faktorlara yol açır.

Əbəs deyil ki, Prezident İlham Əliyev sözügedən müsahibəsində, xüsusilə, vurğulayıb ki, Azərbaycanın Rusiya ilə münasibətləri hər hansı xarici gündəlikdən azaddır. Ona görə ki, bu münasibətlər zamanın sınağından çıxıb. SİTAT: “Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də, belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik”.

“Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur”

Digər tərəfdən, dövlətimizin başçısı, xüsusilə, xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilat və qurumlarda Rusiyanın mövqeyinə dəstəklər göstərib, müəyyən məsələlərdə, bilavasitə dost ölkənin maraqlarını müdafiə edib. “Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi” deyə qeyd edən ölkə rəhbərimiz, bildirib ki, Azərbaycan, həmçinin, BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstərir, Rusiya ilə çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Əlbəttə ki, bütün bunlar, həmçinin, ölkəmizin müstəqil, uğurlu xarici siyasətinin əməli və məntiqi göstəricisidir: “Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik.

“Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır”

Müsahibəsində Azərbaycanın beynəlxalq hüququn prinsipləri baxımından, hüquqlarının pozulduğunu da xatırladan Prezident İlham Əliyev bu məsələdə işğalçı Ermənistanın təcavüzkar siyasətinin hələ də davam etdirməsinə diqqət çəkərək, qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar işğalçılıq siyasətini pisləsələr də, Ermənistanın işğalçılıq siyasətini sübut edən, torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı çoxsaylı qətnamə və qərarlar çıxarılsa da, qarşı tərəf heç bir qərara məhəl qoymur və bu amil sözügedən beynəlxalq təsisatların nüfuzları kölgə altında qalır: “Biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən, ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə, qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da, bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də, düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir”.

“Əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür”

Sözügedən müsahibədə, xüsusilə, vurğulanıb ki, Azərbaycan dövləti bütün bunlara baxmayaraq, tərəqqi və inkişaf yolunda inamla addımlayır, eləcə də, dünyanın qlobal problemlərinin həlli istiqamətində səmərələrini və töhfələrini verir. Bu baxımdan, dövlətimizin başçısı bu müsahibəsində diqqətə çatdırıb ki, torpaqlarımızın işğala məruz qalması, beynəlxalq siyasi təsisatların isə verilən qərar və çıxarılan qətnamələrə rəğmən, missiyalarını tam şəkildə görə bilməmələri problemin ədalətli həll olunması prosesini gecikdirir. Bu məsələdə məsuliyyət daşıyan aparıcı ölkələr sülhün bərqərar olması istiqamətində daha çevik, daha məhsuldar işlər aparmalıdırlar: “Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də, düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər”.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya” və “Birinci” televiziya kanallarına verdiyi müsahibəsi, bir daha təsdiq edir ki, dövlət başçımız həmin müsahibəsində verdiyi bəyanatları ilə həm də xalqının səsini beynəlxalq aləmə çatdırıb. Məhz bu amil həm də belə bir nəticə hasil etməyə imkan yaradır ki, Azərbaycan dövləti və dövlət rəhbərliyi öz qətiyyətli mövqeyini nümayiş etdirərək, öz prinsipial siyasətini bundan sonra da əzmlə davam etdirəcək.

Rövşən NURƏDDİNOĞLU