Analitika

  • 3 292

Türkiyə ayaqda, Azərbaycan isə yanındadır! SİYASİ RAKURS+ÖZƏL

image

Hətta dağıdıcı zəlzələ fəlakətindən sonra yaranmış məhdud resurslara rəğmən, Türkiyə bir çox regionlarda mühüm rolunu oynamaqda davam edir

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ fəlakəti ölkədəki həyatı və gündəmi dəyişdi. Onlarla şəhərlər, kəndlər, qəsəbələr sanki yer altına gömüldü, milyonlarla insanlar evsiz-eşiksiz qaldı, minlərlə insan isə hələ də dağıntılar altında qalmaqda davam edir. Hər bir xilas edilən insan isə bu dəhşətli fəlakətə qarşı göstərilən mübarizə əzminin göstəricisidir. Uca Rəbbimiz həyatlarını itirənlərə rəhmət eləsin! Sağ qalanlara, xəsarət alanlara isə şəfa versin!
Yaşanan faciə eyni zamanda, türk xalqını və Türkiyənin sadiq dostlarını özündə daha çox və daha sıx birləşdirdi. Bu sırada isə qardaş və müttəfiq Azərbaycan hər zamankı kimi birinci yerdə dayanır. Sözügedən fakt həm də onu göstərir ki, hətta zəlzələ fəlakətindən sonra yaranmış məhdud resurslara rəğmən, Türkiyə bir çox regionlarda mühüm rolunu oynamaqda davam edir. Və Türkiyə bu gün ciddi imtahan qarşısında əyilmədiyini, qəddini şax saxladığını tərənnüm edir.
Zəlzələ fəlakəti bəzi maraqlı dairələrdə hansısa “ümid qığılcımı” yaratsa da...
Türkiyə hazırda siyasi çağırışlar astanasında da dayanıb. Təbii fəlakətin isə seçkilərə cəmi bir neçə ay qalmış baş verməsi, əslində, ölkənin daxilində və xaricində olan bəzi maraqlı dairələrdə hansısa “ümid qığılcımı” yaratdı. İndi bəzi bədməramlı dairələr əllərini bir-birinə sürtməklə özlərindən nağıllar, fantaziyalar uydurur, elə xəyal olaraq da qalacaq xəyallara dalırlar. Onların bir hissəsi hakimiyyətə yiylənərək bu günə qədər ölkənin qazandığı kifayət qədər yüksək regional və dünyəvi nüfuzunu aşağı salacaqlarını düşünür, bir hissəsi isə artıq Türkiyəni siyasi hesablarından silməyə tələsirlər. Amma nahaq yerə - çünki hazırkı dövrə qədər bir çox təlatümlərdən başıuca çıxan Türkiyənin mövcud hakimiyyəti bu ağır imtahandan da qalibiyyətlə çıxacağına inanır. Belə ki, qardaş ölkədəki xalq-iqtidar vəhdəti də bunu isbatlamaqdadır.
Rəcəb Tayyib Ərdoğan: "Belə bir tarixi fəlakət üzərində işlərin aparıldığı bir vaxtda biz xalqımızı qarşı-qarşıya qoymağa cəhd edənləri də diqqətlə izləyirik”
Yeri gəlmişkən, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı verdiyi mətbuat konfransında bir çox məsələlərə toxunmaqla yanaşı, ölkənin ağır zamanında daxili və xarici dairələrin fürsətcil davranışlarına qarşı yönəlmiş daha bir əhəmiyyətli fikrini ifadə etmiş oldu. SİTAT: "Belə bir tarixi fəlakət üzərində işlərin aparıldığı bir vaxtda biz xalqımızı qarşı-qarşıya qoymağa cəhd edənləri də diqqətlə izləyirik. İndi onlarla mübahisə aparmaq günü deyil. Vaxtı çatanda biz hazırda da bizdə olan o kitabı açacağıq".Təkcə bu ifadə artıq özü-özlüyündə Türkiyə dövlətinin ayaqda olduğunu və əksinə, daha da gücləndiyini göstərən reallıqdır. Bu gücü, bu inamı ona verən isə həm də dostları, qardaşları və əsl müttəfiqidir.
Azərbaycan regiondakı gündəmi realizə etmək üçün kifayət qədər münbit resurslara malikdir, o cümlədən, qardaşı Türkiyənin yanında olması ilə
Və bu gün qardaş və müttəfiq Azərbaycan dövləti də bütün mənalarda və bütün hallarda Türkiyənin yanında möhkəm olaraq mövqelənib. O cümlədən, Azərbaycan regiondakı gündəmi realizə etmək üçün kifayət qədər münbit resurslara malikdir, o cümlədən, qardaşı Türkiyənin yanında olması ilə. Beləliklə, Türkiyədəki humanitar və təbii fəlakət diqqətləri, hadisələrə həssas yanaşma tərzlərini daha da artırır. Hətta belə desək, bu hadisə qarşıda dayanan məqsədlərin daha tez realizə edilməsinə də şərait yaradır. Bu baxımdan, zəlzələ olayından hər hansı sui-istifadə cəhdini həyata keçirmək istəyən dairələr heç də həvəslənməməlidirlər. Əks halda özləri yarı yolda qalaraq bu dəfə çıxılmaz vəziyyətdə siyasi məğlubiyyətlərinə imza atmalı olacaqlar.

Rövşən RƏSULOV

Digər xəbərlər