Analitika

  • 10 934

Niyə məhz İlham Əliyev?

image


Bəlkə də dünyada çox az ölkə tapılar ki, son 15 il ərzində cəmiyyətin ictimai-siyasi sferasının, eləcə də, ölkənin siyasi və çoxpartiyalı sisteminin, plüralizmin, ümumilikdə demokratiyanın inkişafı istiqamətində ardıcıl və səmərəli siyasi reformalar həyata keçirsin. Şübhəsiz ki, həmin az ölkələr kateqoriyasına Azərbaycanı əminliklə aid edə bilərik. Çünki, son 15 il ərzində ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, fərmanlar, təsdiqlədiyi dövlət proqramları Azərbaycanı dünyanın demokratik və siyasi baxımdan yetkin dövlətinə çevirib. Azərbaycanda hüquqi, demokratik siyasi sistemin və vətəndaş cəmiyyətinin, mükəmməl siyasi idarəçiliyin formalaşması, milli-mənəvi, multikultural və tolerantlıq dəyərləri əsasında ictimai həmrəyliyin yaradılması, xalqımızın vahid amal, ən əsası Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi də bu tendensiyanın ayrılmaz tərkib hissəsi olub.

Sabitlik, təhlükəsizlik və xalq-iqtidar birliyi: Azərbaycanın uğurlarının əsasını təşkil edən mühüm faktorlar kimi

Əlbəttə ki, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurların əsasında bütün faktorlardan öncə sabitlik və təhlükəsizlik amili durur. Aksiomadır ki, sabitlik və təhlükəsizlik olmayan yerdə ümumiyyətlə inkişafdan söhbət gedə bilməz. Bu mənada, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xalq-iqtidar birliyi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənib. Məhz, xalqın Prezident İlham Əliyevə və onun qurduğu hökumətə olan etimadı, inamı və etibarı son 15 il ərzində Azərbaycanın tarixi əhəmiyyətli uğurlar əldə etməsinə əsas yaradıb. On beş il ərzində:

* iqtisadiyyat 3,2, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb, sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım olub, valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara bərabər olub, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib, maaşlar 5, pensiyalar 8 dəfədən çox artıb;

* 443 körpü tikilib, 3100-dən çox məktəb inşa edilib, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikilib, 265 min məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib, 30 elektrik stansiyası tikilib, bölgələrdə qazlaşdırma 93 faizə çatıb, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib, 7 beynəlxalq aeroport yenidən qurulub;

* fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb, 4 su anbarı - Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib, 100 minlərlə hektar suvarılmayan torpaqlara həyat gətirilib, su gətirilib, 12 min 300 kilometr yol çəkilib;

* Regionun ən güclü ordusu formalaşdırılıb;

* İki peyklə dünyanın çox az sayda olan kosmik ölkələrinin sırasında yer alıb;

* Avrasiya geostrateji məkanının TAP, TANAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ilə ən etibarlı enerji təchizatçısı kimi enerji və nəqliyyat dəhlizinə çevrilib;

* “Eurovision”, “I Avropa Oyunları”, “IV İslam Həmrəyliyi Oyunları”, “Formula-1” kimi qlobal əhəmiyyətli idman tədbirlərinə uğurla ev sahibliyi edib.

Uğurları sadalamaqla bitmir Azərbaycanın. Əldə olunan nəticələrə əsasən Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci yer, “Doing Business 2018” hesabatında 57-ci yer, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri, “Siyasətçilərə ictimai etimad” kateqoriyasında 20-ci pillə, “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə dünyada 15-ci yer, Əmək bazarının səmərəliliyi göstəricisi üzrə dünyada 17-ci, MDB üzrə 1-ci yerdir. Həmçinin, dünya ekspertləri, nüfuzlu “USA today”, “The Washington Times” kimi nəşrlər ölkəmiz haqqında yazarkən qeyd edirlər ki, Azərbaycan “Şərqin İsveçrəsidir”, “Turizm üçün gözəl və ən sabit şəhər Bakıdır”, “Odlar yurdudur”, “Şərqin Parisidir”, “Bütün dünyada ən ideal yerdir” və s.Bu uğurlar heç şübhəsiz ki, Prezident İlham Əliyevin siyasətinə xalqın yüksək etimadı nəticəsində mümkün olub. Bütün bunların səbəbkarı məhz Prezident İlham Əliyevdir. Buna görə də, Avropa İttifaqının Azərbaycanda apardığı araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi Prezidentə etibar edir. Bütün bunlar cənab İlham Əliyevin xalq arasındakı nüfuzundan xəbər verir. İnsanlarımız Azərbaycanın gələcəyini yalnız cənab İlham Əliyevə etibar edir. Çünki, cənab İlham Əliyev xalqın sınadığı, güvəndiyi və inandığı alternativsiz liderdir. Dünyanın heç yerində dövlət başçısı 50 illik yubileyi günü qaçqın şəhərciyinə gedərək “Mən öz ad günümü ailə üzvlərimlə birlikdə keçirməyə gəlmişəm, mənim ailə üzvlərim sizsiniz” – deməyib. Dünyanın heç yerində xalqla iqtidar, dövlət başçısı ilə vətəndaşlar arasında belə möhkəm birlik, dəstək və məhəbbət yoxdur. Ona görə ki, bu birlik sözlə yox, əməllə, görülən işlərlə yaranıb və zamanın sınaqlarından keçib.

İnsan hüquq və azadlıqlarına təminatın demokratik inkişafın mühüm göstəricisidir

Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasi prioritetini təşkil edib. Təsadüfi deyildir ki, güclü sosial-iqtisadi sistem üzərində konsolidasiyalı demokratiyanın bərqərar edilməsi üçün 2006-cı il dekabrın 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı» insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının formalaşdırılmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edirdi. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyunun Azərbaycanda «İnsan hüquqları günü» elan edilməsini və bundan sonra da bu sahədə əhəmiyyətli strateji tədbirlərin görülməsini, 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsverməsi-referendumlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqları istiqamətində qanunvericilik bazasının zənginləşdirilməsinə xidmət edən və digər məsələləri aid etmək olar. 2011-ci il dekabrın 27-də Prezident İlham Əliyevin təsdiq etdiyi yeni proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəldilmişdi.Ölkənin demokratik tranzitində və vətəndaş cəmiyyətinin formalaşmasında müstəqil KİV-lərin rolu Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da genişləndi. Bu mənada, müstəqil kütləvi informasiya vasitələrinin inkişafının dəstəklənməsi zərurəti nəzərə alınaraq, habelə hadisələri və prosesləri qabaqlayaraq ictimai rəyin inteqratoru kimi çıxış edə biləcək keyfiyyətli jurnalistikanın formalaşmasına şərait yaradılması məqsədilə bir sıra addımlar da atıldı. Belə ki, 2008-ci ildə «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi» Konsepsiyası təsdiq olundu, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edildi. Bu kimi digər tədbirlər də onu deməyə əsas verir ki, Azərbaycanda demokratik institutlaşma prosesi dövlətin uzunmüddətli inkişaf strategiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq güclü vətəndaş cəmiyyəti quruculuğu sahəsində üzərinə düşən vəzifələri uğurla icra edir. Bu da ölkədə siyasi sistemin güclənməsinə, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində inkişafına təsir edirdi.Azərbaycanda milli demokratiyanın inkişafı və ictimai həyatın, xüsusən QHT sektorunun nəzərəçarpacaq dərəcədə fəallaşması, internetin uğurlu yayımı gənclərin işlə təmin edilməsi, onların sosiallaşması, maraq dairələri üzrə ünsiyyət, sosiumda müxtəlif mövzularda ictimai diskussiyaların keyfiyyətinin artırılması sahələrində müsbət irəliləyişlər əldə edilməsi də siyasi islahatların bəhrələri idi. 2007-ci ilin iyul ayında Prezidentin sərəncamı ilə qeyri-hökumət təşkilatlarına Dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması məhz üçüncü sektorun dəstəklənməsində və ölkədə vətəndaş cəmiyyətinin inkişafında mühüm addım oldu. QHT sektorunun inkişafı ilə bağlı dövlətin mütərəqqi qərarlar verməsi ölkədə vətəndaş cəmiyyətinin inkişafına xeyli təkan verdi.Azərbaycanda cəmiyyətində ictimai-siyasi sferanın inkişafına təsir edən siyasi reformaların sırasına «Sərbəst toplaşmaq azadlığı haqqında», «Siyasi partiyalar haqqında», «Dini etiqad azadlığı haqqında», «Qeyri-hökumət təşkilatları haqqında», «Kütləvi İnformasiya Vasitələri haqqında», «Qrant haqqında» qanunlara, «Seçki Məcəlləsi”nə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihələrinin qəbul edilməsi də daxildir. Sözügedən qanunlar Azərbaycan çoxpartiyalı sistemin inkişafına, şəffaf siyasi rəqabət mühitinin yaradılmasına, insanların fundamental hüquq və azadlıqlarının tam təmin edilməsinə əlverişli şərait yaratmış oldu.Beləliklə, görünən odur ki, Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun və vətəndaş birliyinin təmin olunması siyasi islahatların əsas hədəflərindən birinə çevrilib ki, məhz siyasi islahatlar aparılarkən milli təhlükəsizlik sisteminin mühüm tərkib hissələrindən biri olan ictimai-siyasi və sosial-etnik təhlükəsizlik təmin edildi. Siyasi islahatlar ölkədə səmərəli dövlət idarəçiliyi sistemini, dayanıqlı ictimai-siyasi sabitliyi yaradıb. Məhz, həyata keçirilən siyasi-hüquqi islahatlar nəticəsində,

* hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşıb inkişaf etməsi üçün demokratik tələblərə cavab verən ölkə Konstitusiyasına iki dəfə əlavə və dəyişikliklər edildi;

* xalqın öz iradəsini seçkili orqanlar vasitəsilə ifadə etməsi üçün demokratik standartlara uyğun hüquqi qanunvericilik sistemi tam formalaşdırıldı;

* vətəndaşların hüquq və azadlıqlarının, onların sosial, siyasi, dini, irqi mənsubiyyətindən asılı olmayaraq ictimai-siyasi proseslərdə iştirakı tam təmin edildi;

* çoxpartiyalı siyasi sistem yaradıldı;

* cəmiyyətin intellektual, siyasi resursları müstəqil dövlət quruculuğu prosesinə cəlb edildi;

* ölkə vətəndaşlarının ümummilli ideoloji dəyərlər və ictimai-siyasi məqsədlər ətrafında birləşməsi tam təmin olundu;

* demokratik siyasi mədəniyyətin formalaşdırılması və s. günümüzün reallığına çevrildi.

İdarəçiliyin təkmilləşdirilməsi siyasi islahatlar

kursunun mühüm tərkib hissəsidir

Azərbaycanın sosial-iqtisadi və siyasi-hüquqi inkişafı onun idarəçiliyinin də təkmilləşdirilməsini labüdləşdirirdi. Prezident İlham Əliyevin reallaşdırdığı siyasi islahatlar kursunun tərkib hissəsi olan idarəçiliyin təkmilləşdirilməsi prosesi çərçivəsində Azərbaycanda perspektiv inkişaf baxımından mühüm addımlar atıldı:

* 2016-cı ildə referendumla Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsilə yeni idarəetmə modelinə keçid təmin edildi;

* ölkədə vitse-prezidentlik institutu yaradıldı;

* Nazirlər Kabinetinin fəaliyyətində struktur dəyişiklikləri edildi;

* Mərkəzi İcra Hakimiyyəti orqanlarının fəaliyyətinin düzgün və çevik koordinasiya edilməsi üçün əhəmiyyətli addımlar atıldı;

* səmərəli və çevik dövlət idarəçiliyi mexanizmi formalaşdırıldı, icra hakimiyyəti şaqulisi və icra intizamı möhkəmləndirildi;

* qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblər müəyyən edildi;

Uğurlu xarici siyasət kursu Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirdi

Ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə praqmatik xarici siyasət kursu həyata keçirilib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət strategiyasını bu gün Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində:

* Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanı bütün mövqelər üzrə sıxışdırmağı bacarıb;

* BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, NATO və başqa beynəlxalq təşkilatlar ərazi bütövlüyümüzü tanıyan sənəd qəbul edib, Ermənistanı bir daha işğalçı kimi təsdiqləyiblər;

* Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə başlanan “Xocalıya ədalət” aksiyası çərçivəsində Xocalı faciəsini soyqırımı kimi Pakistan və Sudan dövlət səviyyəsində, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya parlament səviyyəsində tanıyır. ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib;

* Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına sədrlik edib;

* Azərbaycan beynəlxalq münasibətlər sisteminə unikal töhfələr verən ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını yaradıb;

* Azərbaycan Avropa Şurası, Avropa Birliyi məkanında, o cümlədən YUNESKO səviyyəsində nümayiş etdirdiyi üstün mövqe ilə ölkəmiz böyük Avropa evində xüsusi yer tutub;

* Çin, Cənubi Koreya, Yaponiya, Sinqapur, Malayziya kimi inkişaf etmiş Asiya ölkələri, həmçinin, Latın Amerikası və Afrika ölkələri ilə əməkdaşlıq əlaqələri genişləndirilib;

* Nəticə etibarilə Azərbaycan hazırda Şərq üçün də, Qərb üçün də cəlbedici və əhəmiyyətli ölkə olmaq statusu qazanıb.

Bir sözlə, Prezident İlham Əliyevin istənilən məsələyə yaradıcı münasibət bəsləməsi, yeni müstəvidən yanaşması, siyasi-ictimai və geosiyasi reallıqları, iqtisadi-hərbi prosesləri, ideoloji-etnik problemləri mövcud siyasi kursun işığında yenidən dəyərləndirməsi Onun yeni mərhələdə Azərbaycanın və cəmiyyətimizin müasirləşdirilməsinin baş memarı və novator dövlət xadimi kimi qüdrətli LİDER olmasını isbatlayır. Məhz, bu səbəbdən də 11 aprel 2018-ci ildə Azərbaycan xalqının seçimi cənab İlham Əliyev olacaq!

Bəhruz Quliyev,

“SƏS” qəzetinin baş redaktoru

Digər xəbərlər