Analitika

  • 3 818

Azərbaycan Prezidenti ATƏT-ə çıxış yolunu göstərdi

image

Prezident İlham Əliyev: “ATƏT-in qərarlarını icra etmişik, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”

"Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, münaqişə artıq tarixə qovuşub: "Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik". "Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür", - deyə dövlət başçısı bildirib.

ATƏT gələcəyə baxmalıdır – buna əməl edirmi?

Bəli, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Artıq münaqişənin həllindən 6 ay keçib, bu gün bundan sonra görüləcək işlərlə bağlı addım atılmalıdır. Bu, çox mühümdür. Ancaq təəssüf doğuran odur ki, həmsədrlər Ermənistanı təxribatçı fəaliyyətdən çəkinməyə çağırışları hələ də yoxdur. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib.

L.Abdullayeva, həmçinin vurğulayıb ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir. Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb. Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, bu erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər "hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır: “Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib. Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normallaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlam təməlin əsası qoyula bilər. Həmsədr ölkələri isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər”, - deyə XİN rəsmisi vurğulayıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir

Bu gün Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir. Artıq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə start verilib. Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İran, Rusiya, Macarıstan və başqa ölkələr, dünyanın iri şirkətləri, maliyyə institutları işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərdə iştirak etmək, həmin bölgəyə sərmayə yatırmaq üçün niyyətlərini ifadə ediblər. 30 ildir ki, dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platformasına çevrilməkdədir. Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb və Azərbaycan bu prosesə tam hazırdır. Bundan sonra Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açılıb. Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə yeni iqtisadi canlanma yaradıb. Əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrləri də sülh və təhlükəsizliyin təmin olunması missiyasını həyata keçirmək istəyirlərsə, qeyd etdiklərimizi onlar da nəzərə almalı və formalaşmış ictimai rəyə müvafiq olaraq gələcək fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Əks halda qurumun fəaliyyəti “istirahət missiyasını” o tərəfə keçə bilməyəcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər