Analitika

  • 6 979

Ermənilər niyə Paşinyanı seçdi? - ANALİZ

image

İyun ayının əvvəllərində Paşinyan Fransaya səfərə gedəndə “Qarabağ klanı”nın rəhbəri, yenidən hakimiyyətə gəlmək arzusu ilə seçkilərə qatılan "Ermənistan" blokunun lideri Robert Koçaryan təxminən belə bir fikir səsləndirmişdi: "Fransa prezidenti Emmanuel Makron Paşinyanı payızda qəbul etməli idi. Amma tələsdi". Əslində bu tələskənliyin səbəbini Paşinyandan başqa çox az adam bilir. Onun da öz çıxarları var.

Bu gün artıq Ermənistanda kimin kim olduğu, kimin satqın, kimin lider olduğu yerbəyer oldu. Erməni xalqı Qarabağ müharibəsində uduzmağına baxmayaraq Paşinyana yenidən etimad göstərdi, onu özünə hökumət başçısı seçdi. Niyə? Bu sualın cavabı əslində çətin deyil, ermənilər sözün həqiqi mənasında boyunlarından asılmış bu ağır “Qarabağ” daşını daşımaqdan imtina etdilər. Əslən Qarabağdan olan Koçaryan və Sarkisyan Azərbaycana qarşı başlatdıqları separatçı əməllərini Ermənistan prezidenti seçilməklə daha geniş arenada davam etdirmişdilər. 1998-ci ildə Levon Ter-Petrosyanın hakimiyyətinə terrorçuların əli ilə son qoyan Robert Koçaryan öz oyununu Serj Sarkisyanla birgə düz 20 il - 2018-ci ilə qədər uzada bildi. 20 illik ağır daş erməniləri çox ağır duruma saldı.

Beynəlxalq qanunlara, qərarlara söykənən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində Ermənistan liderləri işğal etdikləri Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu müstəqil ölkə kimi legitimləşdirə, dünyanın subyektinə çevirə bilmədilər. Xalqların öz müqəddaratını təyin etmə hüququnun ölkənin ərazi bütövlüyündən üstün olduğunu heç bir qanuni çərçivəyə sığdırmaq mümkün olmadı. Ayrı-ayrı ermənipərəst təşkilatlar müxtəlif manipulyasiyalar etməyə çalışsalar da buna hüquqi don geyindirə bilmədilər.

Bütün dünya ölkələri, hətta Azərbaycana qarşı daim ikili standartlar mövqeyindən yanaşan, Ermənistanın xaltasını tutan ölkələr belə beynəlxalq təşkilatların, BMT kimi mötəbər qurumun rəsmən tanıdığı Azərbaycan ərazilərindən kiməsə pay verilməsi iddiasına düşməyə cəsarət etmədilər. Çünki, Ermənistandan fərqli olaraq dünyanın əksər ölkələri xalqların, fərqli mədəniyyətlərin, fərqli dinlərin birgə yaşam yeridir. "Hay"ların ölkəsinin 99 faizi ermənilərdən, 1 faizi isə Rusiya hərbçilərindən ibarətdir. Başqa xalqlar ya qovulub, ya da özləri qaçıb oradan.

Məsələn, Fransa, Rusiya, yaxud ABŞ Azərbaycana "Qarabağda ermənilər kompakt (toplum) şəklində yaşadıqları üçün onlara müstəqillik verin" tələbini edə bilməz. Bu addımı atmazdan əvvəl həmin ölkələr ən azından öz ərazilərində toplum halında yaşayan ermənilərə müstəqillik verməlidirlər və bundan sonra yenə də bizdən nəyi isə tələb edə bilməzlər. Bir sözlə Azərbaycanın istəyi və razılığı olmadan ərazisindən bir qarış da kimsəyə verilə bilməz. Bunun üçün son 30 ilə və xalqımızın öz rəhbəri ilə birgə apardığı qətiyyətli mübarizəyə diqqət etmək kifayətdir.

Bəli, Ermənistanda xalq 44 günlük məğlubiyyət damğasını üstündə gəzdirən Paşinyana yenidən etimad göstərdi. Milyonlarla dolların, humanitar yardımların axdığı “Qarabağ klanı”ndan ermənilərin canı qurtuldu, həm də birdəfəlik. Əslində Koçaryan və Sarkisyana verilən səslər "ermənilər separatizmi nə qədər dəstəkləyir", sualına tutarlı cavab oldu. Erməni lobbisinin və millətçilərin canfəşanlığına, göndərdiyi maddi vəsaitlərə baxmayaraq erməni seçicilər səslərini boyunduruqdan qurtulmağa, ağır daşdan azad olmaq naminə verdi.
Bundan başqa, Ermənistanın və ümumiyyətlə, dünya ermənilərinin uduzmasını şərtləndirən ən böyük amil, səbəb Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, düşünülmüş siyasəti, peşəkarlığı oldu. Bir əmrlə silaha sarılan xalqımız Ordumuzun yanında durdu. Məhz Ali Baş Komandanın rəhbərliyi altında 30 il torpaqlarımızı işğal altında saxlayan, qanunsuz istismar edən, Qarabağdakı mədəni irsimizi yer üzündən silən, bizi daim aşağılamağa çalışan və buna rəğmən dünyadan ədalət tələb edən Ermənistan və onun separatçı qurumu diz çökdürüldü. Əslində Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir.

Parlament seçkilərində Koçaryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil.

Əslində, Qarabağdakı erməni separatçılarının keçmiş rəhbəri, Ermənistanın keçmiş prezidenti, hələ də törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxarılan Robert Koçaryanın dünən keçirilən seçkilərə qoşulmasının bir səbəbi var, o da deputat toxunulmazlığı qazanmaq və nəticədə canını müttəhimlər kürsüsündən qurtarmaqdır. Onun xalqı xilas etmək, “Hadrudu, Şuşanı qaytarmaq” kimi dərdi yoxdur. O, bu seçkilərdə bütün resurslarını ortaya qoydu ki, özünü xilas etsin və bunu da bacardı.

Koçaryan-Sarkisyan cütlüyünün 44 günlük müharibədən sonra apardıqları təbliğatın əsasında Paşinyanın 2018-ci ildən bəri yürütdüyü siyasətin uğursuz olması, ordunu dağıtması, ermənilərin mübarizə ruhunu öldürməsi kimi absurd fikirlər dururdu. Siyasi arenada bu təbliğatın nəyə söykəndiyini və hansı nəticələrə hesablandığını hər kəs bilirdi. Bu cütlük müharibədə Ermənistanın kapitulyasiyasını bir nəfərin – baş nazirin üstünə yükləməklə özlərinin talançılıq əməllərini ört-basdır etməyi düşünürdülər. Amma Koçaryan-Sarkisyan duetinin əsl sifətini məhz Azərbaycan Prezidenti ifşa etdi.

İlham Əliyevin “Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, biz sizi məğlub etmişik, sizin ordunuzu məhv etmişik” sitatını xatırlatmaq tam yerinə düşər. Prezident İlham Əliyev sözün həqiqi mənasında, R.Koçaryan və S.Sarkisyanı təkcə hərb meydanında deyil, həm də siyasi meydanda məhv etdi. Bəli məğlub ordunu onlar qurmuşdular, təlim keçmişdilər, xaricdən yardımlar alıb separatçılardan qabaq onu mənimsəyənlər, milyonlar qazananlar da onlar idi. Ermənilər də onların bu əməlini görürdü, lakin cəzalarını zamanın axarına buraxırdı. Erməni xalqından dəfələrlə Azərbaycanın gəlib haqqı olanı almasını, Qarabağı separatçılardan təmizləməyin vaxtının çatdığını, “Qarabağ klanı”nın hakimiyyətinə, soyğunçuluğuna son qoyulacağı günü gözlədikləri fikirlərini az eşitməmişdik. Seçkilərin nəticələri göstərdi ki, erməni xalqı revanşist meyllərə yox deyir, o məğlubiyyətdən sonra demoralizə olunub və artıq müharibədən bezib. 2016-cı ilin aprelində Azərbaycan ordusuna məğlubiyyət Sarkisyan rejiminin sonu oldu, 2020-ci il müharibəsində məğlubiyyət isə revanşistlərin hakimiyyətə qayıdış yolunu birdəfəlik kəsdi. Və buradan, “ermənilər niyə Paşinyanı seçdi” sualına cavab tapmış olarıq.

Vəli VƏLİYEV

Digər xəbərlər