Analitika

  • 4 624

"Azərbaycan və Türkiyə əməkdaşlığı dinamik inkişaf edir" - MƏQALƏ

image

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə də bir-birinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynayır.Ötən ay Türkiyə Prezidentinin Şuşaya səfəri, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha sübut edir. Müstəsna siyasi və tarixi əhəmiyyətə malik olan bu mühüm sənəd müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açır. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir.

Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyə arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran Bəyannamə xalqların mənafelərinə xidmət edir.

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Bəyannamənin strateji əhəmiyyəti Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətindən ibarətdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə dönmədən inkişaf etdirilməsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlər zəminində də əsl qardaşlıq nümayiş etdirmələrinin əməli göstəriciləri, mühüm nəticələridir.

Prezident İlham Əliyev də ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarımızın bir-birlərinə "qardaşım" deyərək müraciət etmələri bizim xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyildir. Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə pozulmaz yeni və parlaq səhifələr əlavə edir. Azərbaycan-Türkiyə Cümhuriyyəti həmrəyliyi və əməkdaşlığı qardaş ölkələrarası münasibətlərin bütün sahələr üzrə inkişaf etdirilib daha da möhkəmləndirilməsinə uğurla xidmət etdiyi kimi, beynəlxalq aləmdə də sülh və əmin amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə birliyi və həmrəyliyi dünyada sülhün, təhlükəsizliyin, inkişafın və əməkdaşlığın eyni gövdəyə - kökə malik sarsılmaz qoşa qanadlarıdır.

Nəzrin Məmmədova
YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədr müavini

Digər xəbərlər