Analitika

  • 1 788

Qondarma qəhrəmanlar və qəhrəmanlıqlar barədə ERMƏNİLƏRİN ETİRAFLARI - TƏHLİL

image

Bu zamana qədər özlərini qəhrəman kimi göstərməyə çalışan, hətta bu vaxta qədərki dövrü qəhrəmanlıq dövrü kimi xararakterizə etmək istəyən ermənilər indi utanc və məyusluq dövrü yaşadıqlarını etiraf edirlər. Etiraf edirlər ki, qəhrəmanlıq barədə yaratdıqları miflərin hamısı darmadağın olub və indi buna görə, hətta çox utanırlar. Ona görə utanırlar ki, qəhrəman saydıqları, qəhrəman kimi qəbul etdikləri heç də qəhrəman deyilmiş və qəhrəmanlıqları da boş söhbət, cəfəngiyyat imiş.

Bir vaxtlar, Ermənistanın ikinci prezidenti Robert Koçaryanı qəhrəman kimi qələmə verənlər yanıldıqlarını etiraf etməkdən çəkinmirlər. Hadisələrin gedişatını izləyənlər, xatırlayanlar Koçaryanı sərt şəkildə ittiham edirlər. Onların ittihamlarına görə, Birinci Qarabağ müharibəsində Azərbaycanın torpaqlarını işğal etməkdə “özünəməxsus rolu” olduğundan qəhrəman kimi qəbul etdikləri Robert Sedrakoviç əslində, ermənilərin həyatını cəhənnəmə çevirən birisidir. Robert Koçaryanın Ermənistanda hakimiyyəti qəsb etdiyini ermənilər artıq açıq şəkildə bildirir və onun hakimiyyəti illərində çəkdikləri acıları da gizlətmirlər. Bir sözlə, Koçaryanın qəhrəman olmadığı, Ermənistan ictimaiyyətinə zərər verən biri olduğu artıq qəbul edilir. Ermənistana məxsus mətbuat səhifələrində indi açıq-aşkar bütün bunlar yazılır və tirajlanır.

Serj Sarkisyanı da üfürüb şişirənlər, qəhrəman kimi görənlər və təqdim edənlər yanıldıqlarını dilə gətirirlər. Kimdir Serj Sarkisyan və nəyə görə qəhrəman kimi qələmə verilib? Əslində, Sarkisyanın bir separatçı, bir terrorçu olduğunu hər kəs bilir, nəinki ermənilərin özləri. Onun Qarabağda törədilən terror hadisələrində “müstəsna xidmətlər” göstərdiyi də bəllidir. Xislətində terrora, terrorçuluğa meyillilik olan ermənilər nə vaxtsa onu qəhrəman kimi qəbul edə bilərdilər, amma sonra gördülər ki, heç də Serj onların düşündüyü deyil və hakimiyyət kürsüsündə oturduğu zaman onun da mahiyyəti, kimliyi ortaya çıxdı. Əbəs yerə deyildi ki, 2018-ci ildə erməni cəmiyyəti Sarkisyanla vidalaşmalı oldu. Hərçənd indi onun tərəfdarları bir də ortaya atılıblar və yenə də ondan bir qəhrəman düzəltmək xayalına düşüblər, amma çox gecdir. Hiyləgərlikdə tayı-bərabəri olmayan bir cəmiyyət, erməni cəmiyyəti bu fırıldağı görməyə bilməz və yalançı qəhrəmanı bir də onlara sırımaq çətin ki, müyəssər ola.

Sözsüz ki, Serj Sarkisyanı devirən zaman ermənilər beli çantalı bir küçə nümayişçisini də qəhrəman sayırdılar. Ən azından onu da qəhrəman kimi qələmə verirdilər. Bu dəfə həmin o küçə nümayişçisi Nikol Paşinyan guya ki, demokratiya uğrunda fədakarlıq edən qəhrəman kimi qəbul edildi və bütün dünyaya elə də təqdim edildi. Gah əl-qolunun yaralandığını, gah da sanki demokratiya, azad söz kimi ali dəyərlər uğrunda qışqırmaqdan səsinin tutulduğunu nümayiş etdirən Nikol xalqının qəhrəmanı kimi qəbul edildi və o da bundan istifadə edərək dərhal hakimiyyət kürsüsünə oturdu. Daha dəqiq desək, Nikol Vovayeviç artıq bir müddətdir ki, Qərbin ixrac etdiyi demokratiya oyunundan məharətlə istifadə edərək, hakimiyyəti ələ keçirdi. Lakin hakimiyyətə gəlməzdən öncə xalqa verdiyi vədləri hakimiyyəti qamarladıqdan sonra onun da yadından çıxdı. Küçə və meydanlarda bar-bar bağıran Nikol hakimiyyəti ələ keçirəndən sonra erməni xalqına “qızıl dağlar” barədə vəd etdiklərinin birini belə reallaşdırmadı. Bunun üçün cəhd belə göstərmədi. Demokratiyanı komuflyaj kimi istifadə edən birinin yadına demokratiya, söz, fikir, ifadə azadlığı düşmədi də. Əksinə, öz hakimiyyətini mühafizə etmək niyyəti ilə, ağlar və qaralar olmaqla, erməni cəmiyyətini iki hissəyə böldü, repressiyaları da gücləndirdi. Bir sözlə, erməni baş nazirin etdikləri demokratiyaya tamamilə zidd hərəkətlər idi. Qısa zaman fasiləsində ermənilər gördülər ki, guya demokratiya carçısı olan Paşinyan insan hüquq və azadlıqlarını köbud şəkildə pozur və hətta tapdalayır. Deməli, bu küçə nümayişçisinin də qəhrəmanlığı barədə ermənilərin yaratmış olduqları mif də əvvəlkilər kimi dağıdı. Üstəlik, həmin o küçə nümayişçisinin istər diplomatik müstəvidə, istərsə də döyüş meydanında məğlub durumunu bütün erməni cəmiyyəti dəfələrlə izlədi. Ələlxüsus, İkinci Qarabağ müharibəsi zamanı nəinki ermənilər, bütün dünya bunu müşahidə etdi. Müharibədə guya ardıcıl qələbələr qazandıqları barədə öz xalqını aldatması da onun bir yalançı, manipulyator olduğunu bir daha isbatladı. Bir sözlə, Nikolun da yalançı qəhrəman olduğu ortaya çıxdı və bu dəfə də ermənilər yanıldıqlarını gördülər. Gördülər ki, bu yalançı demokratiya carçısı da qəhrəman deyilmiş, avantürist imiş.

Avantüristlər, manipulyatorlar erməni cəmiyyətində az deyil və onlar həmin cəmiyyətdə bu zamana qədər qəhrəman sayılıblarmış. Lakin onların hər birinin yalançı qəhrəman olduğunu indi ermənilər açıq şəkildə etiraf edirlər. İndi ermənilərin belə etirafları özlərinə məxsus mətbuat səhifələrində də qeyd olunur. Məsələn, Birinci Qarabağ müharibəsinin guya cəsur döyüşçüsü sayılan Seyran Ohanyanın Ermənistanın Müdafiə Nazirliyinə rəhbərlik etməyə başladığı illərdə korrupsiyanın baş alıb getdiyi, erməni hərbçilərinin, əsgərlərinin ac-yalavac qaldığı, paltarsız belə olduğu, xüsusən, ermənilər üçün sirr deyil, bunu onlar yaxşı bilirlər. Yaxşı bilirlər ki, qəhrəman kimi sırınan Ohanyan əsgərlərə məxsus olanları belə mənimsəyib. Belə qəhrəmanmı olar? Təkcə ermənilər yox, hansı xalq belə birini qəhrəman kimi qəbul edər? Heç bir xalq qəbul etməz, necə ki, indi ermənilərin özləri də onu artıq qəhrəman hesab etmirlər, korrupsioner, talançı sayırlar və yanıldıqlarını etiraf etməkdən də çəkinmirlər. Əbəs yerə deyildi ki, Azərbaycanın 2016-cı il aprel döyüşlərindəki qələbələrindən, uğurundan sonra Sarkisyan Ohanyanı müdafiə naziri vəzifəsindən azad edəndə bir çox hərbçilərin valideynləri rahat nəfəs aldıqlarını dilə gətirmişdilər.

Birinci Qarabağ savaşının daha bir dırnaqarası “erməni qəhrəmanının”, Manvel Qriqoryanın da əslində, qəhrəman olmadığı etiraf olunur. Onun çirkin əməlləri, daha dəqiq desək, cinayət əlaqələri, biznesmenlərin işini əlindən almaq üçün onlara təzyiqlər, hətta basqınlar etməsi kimliyini ortaya qoydu. Qriqoryanın bağ evində aparılan axtarışlar zamanı üzə çıxan ərzaqlar, gigiyena, dərman vasitələri, həblər, sarğılar, yardımlar erməni əsgərlər üçün nəzərdə tutulan, təyin olunan idi. Əsgər üçün olan hərbi geyimlər, ümumiyyətlə hər şey onun evində saxlanıldığı halda, erməni əsgərlər geyim tapmırdılarsa, dərmana möhtac idilərsə, yemək tapmırdılarsa, onu qəhrəman saymaq olardımı? Olmazdı, amma əsgər üçün nəzərdə tutulanlar onun bağ evində aşkarlanan zaman erməni cəmiyyəti həmin bu qənaətə gəldi, bunun fərqində oldu. Fərqində oldu ki, qəhrəman saydıqları, əslində bir oğru imiş.

Qəhrəman adına ləkə olan, amma bu zamana qədər qəhrəman sayılan, əslində isə, oğru və quldur olanları erməni cəmiyyətində saydıqca bitən, tükənən deyil. Hansı qəhrəmanı barədə araşdırma aparılırsa siması, daha doğrusu, simasızlığı ortaya çıxır. Bu araşdırmalar artıq ermənilərin özləri tərəfindən aparılır və onların özlərinə məxsus mətbuat səhifələrində belə açıq-aşkar yayımlanır. Bir sözlə, qəhrəman saydıqlarının, əslində, yaramaz olduğu barədə həmin mətbuat səhifələri vasitəsi ilə erməni cəmiyyətinə informasiyalar artıq davamlı şəkildə verilir. Bu isə, əslində, qondarma qəhrəmanları və qəhrəmanlıqları barədə ermənilərin etiraflarıdır.

Digər xəbərlər