Analitika

  • 10 863

Bütün keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar! - ŞƏRH

image

Vətən müharibəsindəki qələbə Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı olmaqla yanaşı, ölkədə gedən inkişaf və quruculuq proseslərini də yeni mərhələyə yüksəltdi. Bu mərhələdə prioritet işğaldan azad olunmuş bütün ərazilərimizin bərpa edilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunması və bunun üçün hər bir imkanın yaradılmasıdır.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin bir istiqamətini yaşayış yerlərinin bərpası təşkil edir. Artıq bu sahədə bəzi layihələrin icrası başa çatıb. Buna misal kimi Zəngilan rayonunda Ağalı kəndinin bərpasını göstərmək olar. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük qayıdışın ilk qədəmləridir. Yenidən qurulan kənddə artıq yeni həyat başlayıb. Ağalı kəndində "ağıllı kənd" konsepsiyasının hər üç komponenti - "ağıllı dövlət idarəçiliyi", "ağıllı infrastruktur və xidmətlər", "ağıllı təsərrüfat və biznes mühiti" yaradılıb.

Azad edilmiş digər rayonlarda da doğma yurdlarına qayıdacaq vətəndaşlar üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Ötən ildən başlayaraq şəhərlərin baş planları təsdiq edilir, yaşayış binalarının təməli qoyulur. İndiyə kimi Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Şuşa şəhərində birinci məhəllənin, Cəbrayıl və Füzuli şəhərlərində ilk çoxmənzilli yaşayış məhəllələrinin təməli qoyulub.

Bütün bunlar isə Azərbaycan dövlətinin öz maddi imkanları hesabına həyata keçirilir. Bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində Prezident İlham Əliyev bununla bağlı deyib: "Bu, böyük bir prosesdir və onu da bildirməliyəm ki, biz bu işi dövlət büdcəsi hesabına edirik. Heç bir yerdən heç bir yardım almamışıq, heç bir kredit almamışıq, heç bir ianə, yaxud da ki, bir hədiyyə almamışıq, öz gücümüzə arxalanırıq, necə ki, həmişə belə yaşamışıq, gücümüz qədər nailiyyətlər də əldə etmişik".

Doğma torpaqlarından köçkün düşmüş soydaşlarımızın geri qayıtması üçün həyata keçirilən layihələr "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyalarına əsaslanır. Bu həm də ondan xəbər verir ki, Azərbaycan dövləti öz vətəndaşları üçün ən yüksək standartları tətbiq edir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" zonası yaradılır ki, bu da müasir qlobal çağırışların Azərbaycanda uğurla reallaşdığını göstərir.

Xatırladaq ki, 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası məqsədilə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin bu ilin iyun ayında dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son iki ildə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 5 milyard manata yaxın vəsait ayrılıb.

Bu vəsaitlərin ayrılması bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri sürətlə gedir və dövlət tərəfindən lazım olan bütün tədbirlər həyata keçirilir. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Bütövlükdə işğaldan azad olunmuş bütün ərazilərimizdə doğma yurdlarına qayıdacaq insanlarımız üçün ən müasir həyat standartları yaradılır.

Xüsusilə, ölkəmizin işğal olunmuş rayonlarından olan məcburi köçkün ailələrinin sevinci bu günlərdə yerə-göyə sığmır. Axı, onlar tezliklə uzun illər həsrətində olduqları doğma yurdlarına qayıdacaqlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar. Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşündə vurğulamışdır; sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.

Vətən çəkir və hamımız qayıdacağıq. Keçmiş qaçqınların qayıdışı üçün əlimizdən gələni edirik, gecə-gündüz çalışırıq və bu bərpa-quruculuq işlərində türk qardaşlarımız bizimlə bir yerdədirlər.

Vəli Vəliyulla,

Xəzər Rayon İcra Hakimiyyətinin
İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi,

Digər xəbərlər