Mədəniyyət

  • 26 963

ABŞ və Kanadada ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsertlər keçiriləcək

image

Bu əlamətdar tarixə həsr olunmuş konsertlər ABŞ və Kanadanın ən nüfuzlu konsert salonlarında, məsələn, Nyu-Yorkda “Karnegi Hall”da, Vaşinqtonda Kennedi Mərkəzində, Kral Toronto Konservatoriyasının Böyük Zalında və s. konsert salonlarında keçiriləcək.

Bu konsertlərdə görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin Heydər Əliyevə həsr olunmuş “Onu zaman seçdi” 8-ci simfoniyası, həmçinin “Ulu Öndər” simfonik poeması səslənəcək. Bu konsertlərdə gənc, istedadlı bəstəkar Kərəm Əkbərov çıxış edəcək

Bu mədəni-tarixi konsertlərdə tanınmış dövlət xadimləri, səfirlik və diplomatik korpusun nümayəndələri, beynəlxalq media nümayəndələri iştirak edəcəklər.

Heydər Əliyev Beynəlxalq Transkontinental Festivalının baş direktoru Mikayıl Hacıyev: “Bu yaxınlarda Kanadada böyük mədəni-tarixi əhəmiyyətə malik hadisə baş verdi- Beynəlxalq Heydər Əliyev Mərkəzi - “Bəşər sivilizasiyasının dünya irsi” açıldı. Niaqara şəhərinin meri Lord Qari Boro Heydər Əliyevin anadan olmasının 85, 90 və hazırda 100 illiyinə həsr olunmuş yubiley mədəniyyət tədbirlərinin Kanadada keçirilməsinə böyük köməklik göstərərək bu mədəniyyət ocağının fəxri prezidenti oldu”.

Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, Niaqara şəhərinin əməkdar artisti, Kanada İpək Yolu Simfonik Orkestrinin baş dirijoru İsmayıl Hacıyev: “Heydər Əliyev Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov Tofiq Quliyev, Niyazi və sair görkəmli Azərbaycan bəstəkarlarının həmişə mənəvi dayağı və himayədarı olub. Heydər Əliyev XX əsrin görkəmli musiqiçilərinin və dünya mədəniyyətinin böyük xadimlərinin- D.Şostakoviç, E.Mravinski, M.Rostropoviç, M.Plisetskaya, R.Şedrin və başqalarının yaradıcılığına həmişə hörmət və ehtiramla yanaşırdı”.

Niaqara şəhərinin meri Lord Qari Boro: “Heydər Əliyev, mənim yaxşı bildiyim kimi, Azərbaycan mədəniyyətinin və incəsənətinin dirçəlişində, inkişafında və çiçəklənməsində böyük rol oynamış, milli klassik incəsənətin dünya mədəniyyət məkanına inteqrasiyasını fəal şəkildə təbliğ etmişdir”.

“Muzik Niaqara” Beynəlxalq Festivalının bədii rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Kral Konservatoriyasının professoru Atis Bankas: “Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin dirçəlişinin və çiçəklənməsinin əsasını qoyub, Azərbaycanı dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu gün Azərbaycan, obrazlı desək, bəşəriyyətin Böyük İpək Yolu üzərində yerləşən mədəniyyət xəzinəsidir. Heydər Əliyevin şanlı ənənələri bu gün beynəlxalq səviyyədə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən inkişaf etdirilməkdə davam edir”.

Muğam Mərkəzinin direktoru Sahib Paşazadə: “Heydər Əliyev Azərbaycan muğamının böyük, qədim ənənələrinin qorunub saxlanmasına və müasir dövrdə inkişafına, milli alətlərdə gənc, istedadlı ifaçıların yetişdirilməsinə və Azərbaycan ənənəvi musiqisinin xaricdə təbliğinə böyük əhəmiyyət verirdi.

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bu konsertlərdə istedadlı tarzən Sahib Paşazadənin iştirakı ilə tar və orkestr üçün Heydər Əliyevin təqdir etdiyi bəstəkar Azər Rzayevin “Çaxargah” simfonik rapsodiyası da ifa olunacaq”.

Məşhur amerikalı bəstəkar, pianoçu və dirijor, beynəlxalq müsabiqələr laureatı, Amerika Musiqiçiləri Beynəlxalq Gildiyasının prezidenti Aleksandr Peskanov və görkəmli tar və kamança ifaçısı Cefri Verbax ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qarşıdan gələn konsert tədbirlərinin təşkilində fəal iştirak edirlər.

Aleksandr Peskanov: “Mən xoşbəxtəm ki, Bakıya səfər edə bildim və Bakı Konservatoriyasında Kamera Orkestrinin müşayiəti ilə K.Qarayev və F.Kərimovun rəhbərliyi altında piano konsertimi ifa etdim. Mən bu fortepiano konsertini təkcə qohumluq əlaqələrinə deyil, həm də Ulu Öndər Heydər Əliyevlə bölüşdüyü ümumazərbaycan mədəniyyəti və yaradıcılıq İdeyaları ilə bağlı olan Azərbaycan mədəniyyətinin və incəsənətinin iki korifeyinin bənzərsiz məhəbbət hekayəsinə həsr etdim. Heydər Əliyev Əminə Dilbazini yüksək qiymətləndirir, onun əllərini unikal şəkildə “oxuyan əllər” adlandırırdı.

Heydər Əliyev eyni ehtiramla Azərbaycan mədəniyyətinin bütün görkəmli xadimlərinə- Tahir Salahova, Ömər Eldarova, Mikayıl Abdullayevə, Tamara Almaszadəyə və bir çox başqalarına rəğbət bəsləyirdi.

Cefri Verbax: “Bu gün mən təkcə tarda və kamançada muğam ifa etmirəm, Heydər Əliyevin bizə vəsiyyət etdiyi ümumazərbaycançılıq ideyalarını, mədəni ideallarını bəyan edirəm. Mən Heydər Əliyevin sözlərini təkrar edə bilərəm ki, mən fəxr edirəm ki, mən azərbaycanlıyam, Azərbaycan ideyasına, Azərbaycan muğamına xidmət edirəm”.

Və biz əminik ki, Kanadada və ABŞ-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş qarşıdan gələn konsertlər bu ölkələrdə böyük mədəni-tarixi hadisəyə çevriləcək və ABŞ, Kanada və Azərbaycan arasında mədəni və siyasi yaxınlaşmaya xidmət edəcək, həm də Heydər Əliyevin ölməz adını Şimali Amerika qitəsində əbədiləşdirəcək”.

Mikayıl Hacıyev

Heydər Əliyev Beynəlxalq Transkontinental Festivalının prezidenti

Kanada-Azərbaycan Dostluq Evinin prezidenti

Digər xəbərlər