PDF Oxu

Mədəniyyət

  • 9 716

Sevil Gültən: “Tərcüməçi ikinci müəllifdir” -MÜSAHİBƏ

image

Tanınmış tərcüməçi: “Kiminsə nəzərində zəif tərcüməçi ola bilərəm, amma vicdanlı insanam”

“Varisin povesti, Qəşəm Nəcəfzadənin şeirləri mənim tərcüməmlə xaricdə uğur qazandı, amma bir quru “sağ ol” demədilər”

Mən onu “ədəbiyyatımızın cəfakeş tərcüməçisi” kimi xarakterizə edirəm. Çoxdan tanıyıram, amma yol yoldaşı olmamışdıq, axı bir insanı tanımaq üçün bu şərtdir. 2021-ci ildə Şuşaya gedəndə yol yoldaşı da olduq. Çox yaxşı həmsöhbətdir, həmçinin yaxşı müşahidəçidir, gözəl analiz qabiliyyəti var. Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günü olduğunu xatırlayanda, hər nə qədər diqqətdən kənar qalsa da, bu gün onun günü olduğu üçün tanınmış tərcüməçi Sevil Gültənlə müsahibə etmək qərarına gəldim.

- Bu gün tərcümə ədəbiyyatında ən çox külüng vuranlardansınız. Necə qiymətləndirirsiniz bu sahədəki vəziyyəti? Uğurlu tərcümələr çoxdur, ya uğursuz?

- Məncə, son illər tərcümə sahəsində irəliləyiş var. Amma bu, heç də uğurlu tərcümələrin çoxluğu demək deyil. Hər sahədə olduğu kimi, bu sahədə də boşluq var. Tərcümə bacarığı olmayanlar da tərcüməylə məşğul olur, nəticədə uğursuz tərcümələrin sayı artır.

- Bəzən iddia edilir ki, nəşriyyatların çoxu peşəkar tərcüməçi yerinə daha çox dost-tanışa iş gördürmə üslubu ilə işləyir...

- Mən belə düşünmürəm. Uzun illərdir “Qanun” nəşriyyatı ilə işləyirəm. “ TEAS-PRESS “ nəşriyyatı ilə də əməkdaşlıq etmişəm. Hər iki nəşriyyatda peşəkarlara üstünlük verilir. Əlbəttə, peşəkar tərcüməçilərin sayı azdır. Bəlkə buna görə də nəşriyyatlar bəzən tərcümə sahəsində təcrübəsi olmayanlara da iş verirlər. Dost-tanışa tərcümə işi verənlərə rast gəlməmişəm.

- Sizcə də ölkəmizdə tərcüməçilərə lazımı qədər diqqət yetirilmir? Onlara yazıçılar qədər əhəmiyyət verilmir, amma əməkləri yazıçıdan az deyil.

- Bəli, ölkəmizdə tərcüməçilərə yazıçılar qədər diqqət yetirilmir. Öz fikrini yazmaq asandır, yoxsa müxtəlif dinə, dilə, irqə mənsub yazıçının əsərini tərcümə etmək? Əlbəttə, tərcümə etmək. Yazıçı öz fikrini çatdırmaq üçün işlətdiyi bütün sözlərin mənasını bilir. Amma tərcüməçi əsərdə bəzən elə sözlərlə rastlaşır ki, o sözün nə məna ifadə etdiyini, yazıçının o sözü nə məqsədlə işlətdiyini başa düşmür, o sözün mənasını tapmaq üçün araşdırma aparır.

Dövlət yazıçılara, şairlərə fəxri adlar verir. Amma tərcüməçilərə fəxri ad verildiyini hələ eşitməmişəm. Təklif edərdim ki, “Əməkdar tərcüməçi” fəxri adı olsun. Bu ad uzun illər tərcümə sahəsində çalışanlara verilsin. Tərcüməçi ikinci müəllifdir. Dünyada tanınan yazıçılar öz uğurlarına görə həmişə tərcüməçilərinə borclu olduğunu yazırlar. Bildiyiniz kimi, mən Azərbaycan dilindən ingilis dilinə də tərcümə edirəm.

Təsəvvür edin, Varisin bir povesti mənim tərcüməmdə xaricdə uğur qazanıb, amma mən bu barədə xəbəri mətbuatdan oxuyuram. Bu uğur Varisdən qabaq, ilk növbədə, mənim və o tərcüməni redaktə edən Marta Larinin uğurudur. Varis bu uğura görə mənə zəng edib bir kəlməylə təşəkkürünü də bildirmədi. Yaxud Qəşəm Nəcəfzadənin şeirləri mənim tərcüməmdə Hollandiyada uğur qazandı. Qəşəm gedib Hollandiyanı gəzib-dolaşdı, festivalda iştirak etdi, geri dönəndə mənə bir dollar dəyərində suvenir alıb gətirmədi, sanki o şeirlərini elə ingiliscə yazıbmış.

-Tərcüməni sizə kim sevdirib? Bir tərcüməçi kimi əməyinizə ən çox kim dəyər verib?

­- Mən hazırkı Dillər Universitetinin məzunuyam. İnstitutda oxuduğum vaxtlarda Tərcümə fakültəsi yox idi. Mənim ixtisasım müəllimlikdir. Sonuncu kurslarda bizə tərcümə dərsi keçdilər. Bu fənni rəhmətlik İsmixan Rəhimov tədris edirdi. Tərcüməni mənə o sevdirdi. Mənim əməyimə də ən böyük dəyəri elə İsmixan müəllim verib. Beşinci kursda oxuyanda amerikalı yazıçı Con Çiverin bir neçə hekayəsini tərcümə etdim, İsmixan müəllimə verdim ki, oxuyub fikrini bildirsin. Neçə dəfə dərsdən sonra ona yaxınlaşıb tərcüməmi oxuyub-oxumadığını soruşsam da, mənə heç nə demədi. Düşündüm ki, yəqin bəyənməyib.

İnstitutu bitirib təyinat yerində işləməyə başladım. Məndən kiçik bacım da bizim institutda təhsil alırdı, Bakıya ona baş çəkməyə gələndə doğma institutumuza da gedirdim. 1985-ci ildə, institutu bitirəndən bir il sonra İsmixan müəllimlə görüşdüm. Mənə “Yazıçı” nəşriyyatını tanıyıb-tanımadığımı sual verdi. Dedim ki, bəli, tanıyıram. Mənə dedi ki, o nəşriyyata gedim, Firuzə Rzabəyova adlı qadını tapım. Səbəbini soruşdum, demədi. Nəşriyyata getdim. O qadını tapdım. Sən demə, İsmixan müəllim tərcüməmi məndən xəbərsiz “Yazıçı” nəşriyyatına, “Dünya” (II hissə) almanaxına veribmiş. Kitab çap olunub, məni də o kitabdan bir nüsxə götürmək və qonorar almağa yollayıbmış. Yaxşı yadımdadır, 3 səhifəlik tərcüməyə görə 280 manat qonorar almışdım.

- Bəzən sizi gördüyünüz iş müqabilində aldadıldığınızı, əməyinizin qarşılığını almamağınız barədə fb statusları yazan görürük. Haqqınızı tapdayanlarla necə hesablaşırsınız?

- Adətən, əsərlərini Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim müəlliflər haqqımı tapdalayır. Tərcüməm nəşr olunanda tərcüməçi kimi adımı yazmayanlar olur, bəziləri mənim adımın yanına tamam yad adamın da adını yazırlar. Elələri olur, ümumiyyətlə, tərcüməçi kimi adımı yazmırlar. Məsələn, Vaqif Sultanlının 4-5 hekayəsini tərcümə etmişəm. Xaricdə çap olunub. Bu barədə mətbuatda oxudum, tərcüməçilər arasında öz adımı görmədim. Zəng etdim ki, niyə adım yazılmayıb? Bəhanə gətirdi ki, guya nəşriyyat tərcüməmi bəyənməyib. Dedim yaxşı, elə isə mənə ya kitabın bir nüsxəsini verin, ya da kitabın PDF-ni, görüm oradakı mənim tərcüməmdir, ya yox? Sualıma cavab vermədi.

Yaxud, Pərvanə Məmmədlinin Cənubi Azərbaycan mətbuatı ilə bağlı kitabını tərcümə etmişəm. Kitab İsveçdə çap olunub. O da mənə kitabın çap olunmağı barədə xəbər verməmişdi, facebook səhifəsində oxudum. Düzdür, tərcüməçi kimi adımı yazmışdı, lakin ikinci bir tərcüməçinin də adı vardı. O da Vaqif Sultanlı kimi eyni sözü dedi. Guya nəşriyyat mənim tərcüməmi bəyənməyib, həmin ikinci tərcüməçi düzəliş edib. Düzəliş etsə də, onun adı redaktor yazılmalıydı, tərcüməçi yazılmalı deyildi. O da mənə nə çap olunan kitabdan bir nüsxə verdi, nə də çap olunan tərcümənin PDF-ni göndərdi. Məhkəməyə müraciət etmək üçün rüsum pulu ödəməliyəm. Maddi imkanım yol versə, inşallah məhz həmin iki müəllifin haqqımı tapdaladığını sübut edəcəm. Hələlik isə, gücüm facebookda status yazmağa çatır.

- Bildiyimə görə, uzun illərdir 2 övladınızla kirayədə yaşayırsınız, mənzillə təmin olunmağınız üçün AYB, AJB-dən dəstək istəmisiniz? Hər ikisinə üzvsünüz.

- Hər iki təşkilatın üzvüyəm. AJB-yə çoxdan üzv olmuşam. Üzvlük haqqı verməmişəm. Heç bilmirəm məni üzvlükdən çıxarıblar, ya yox. AYB-dən birillik maddi yardım almışam on il bundan əvvəl, çoxlarının “Prezident təqaüdü” dediyi maddi yardım. Əslində, AYB istəsəydi mənim evlə təmin olunmağıma kömək edərdi. Hər halda, AYB-nin vasitəsiylə dövlətdən ev alanların heç birindən az əməyim yoxdur bu sahədə.

- Sizi həmişə üsyankar, amma ədalətli biri kimi müşahidə etmişəm, haqsızlığa qarşı həmişə etiraz edirsiniz. Buna görə də sizi çox adam acıdil kimi tanıyır. Belə narazılıqlarınız bəzən ədəbi mühitdə günlərlə uzanan müzakirələrə də səbəb olur. Niyə haqsızlığa etiraz etməyiniz onları narahat edir?

-Haqsızlığı qəbul edə bilmirəm. Ziyan çəksəm də deyirəm, yazıram. Kimliyindən, vəzifəsindən asılı olmayaraq tənqid edilməli şəxsi tənqid etmişəm, heç nədən çəkinmirəm. Əslində, buna görə mənə “acıdil”, “hər şeydən narazı olan” deyənləri qəbul etmirəm. Tənqid etmək hər şəxsin işi deyil. Səhvlərini üzünə dediyim insanlar əlbəttə, məni xoşlamazlar.

- Sizcə, tərcüməçilərin üzərinə hansı vəzifələr düşür? Bu gün dil bilən hər kəs tərcümə edə biləcəyini düşünür.

-Tərcüməçi əsəri zay tərcümə edərsə, müəllifə böyük zərbə vurmuş olur. Ola bilər həmin əsər çox yaxşı əsərdir, amma tərcümə uğurlu alınmayıb. Bu, həmin müəllifin əziyyətini puç etməkdir. Tərcüməçinin vəzifəsi yazıçının qarşısına qoyduğu məqsədi tərcümə etdiyi dilin oxucularına çatdırmaqdır. Dil bilmək hələ yaxşı tərcüməçi olmaq deyil. Yaxud hansısa xarici dildə daha çox söz bilən şəxsin yaxşı tərcüməçi ola biləcəyini demək düz deyil. Əsl tərcüməçi sözü yerində işlətməyi bacarandır. İngilis dilində elə söz var ki, onun əlli mənası var. Azərbaycan dilindən ingilis dilinə tərcümə edərkən tərcüməçi mətndə o əlli sözdən hansını seçməyi bilməlidir.

- Tərcümələrinizə verilən qonorardan razısınızmı?

- Bu elə sualdır ki, ona nə “hə”, nə də “yox” deyə bilirəm. Elə kitab var, tərcümə baxımdan asandır, elə kitab da var ki, gün ərzində uzağı 3-4 səhifə tərcümə etməyə gücüm çatır. Əlbəttə, qonorar kitabın çətinliyinə görə yox, işarə sayına görə müəyyən edilir.

- Sizcə, bir tərcüməçinin uğurlu olması üçün nə lazımdır? Mükafatlar, iş şəraiti, əməyinin qiymətləndirilməsi, bunlar öz yerində. Daha nə?

- Tərcüməçinin uğur qazanması üçün ən vacib şərt onun vicdanlı olmasıdır. Hər bir insan öz xarakterini sənətinə gətirir. Həyatda yalançı olan şəxs tərcüməçidirsə, gec-tez onun tərcümələrində də onun yalançı olmağı özünü göstərəcək. Heç bir mükafat almamışam, iş şəraitim də heç vaxt ürəyimcə olmayıb. Təxminən 15 il bundan əvvəl, hətta komputerim də olmayıb. Elə indi də normal komputerim yoxdur , həftədə 3-4 dəfə donur, güclə açılır. İnternet klublara gedib mənə verilən mətni orada tərcümə etmişəm. Səs-küydə. Amma evdə, yaxşı şəraitdə necə tərcümə edərdimsə orada da elə tərcümə etmişəm. Bir səhifəsini 5 manata tərcümə etdiyim mətnin tərcüməsi üçün 20 manat versələr də keyfiyyət eyni olacaq. Həmişə təkrar etdiyim bir söz var: Ola bilər kiminsə nəzərində zəif tərcüməçiyəm, amma vicdanlı insanam.

- Bu vaxtacan neçə kitab tərcümə etmisiniz?

- Doğrusu, dəqiq bilmirəm. Azərbaycan dilindən ingilis dilinə neçə kitab tərcümə etdiyimi bilmirəm. Ən azı 50 kitab. Xoşlamadığım kitabların adını vikipediyada “haqqımda” bölməsində qeyd etməmişəm. İngilis dilindən tərcümə etdiklərimin sayını tam dəqiq olmasa da bilirəm. “TEAS-PRESS” nəşriyyatı üçün 17 kitab, “Qanun” nəşriyyatı üçün 45-dən çox kitab tərcümə etmişəm. İngilis dilindən tərcümə etdiyim 150-dən çox hekayə “Kaspi” qəzetində çap olunub. O hekayələr də kitab kimi çap olunsa, ən azı 30 kitab olar. Keçən il Şuşada Vaqif Poeziya günlərində iştirak edirdim. Ramiz Rövşənin oğlu Sevil Gültən olduğumu biləndə heyrətləndi: “Sizin vikipediyanıza baxanda təəccübləndim, dedim ki, bu insan robotdur, bu qədər kitabları necə tərcümə edib?”.

- Cavan tərcüməçilərə nə tövsiyə edərdiniz?

- Tərcümə prosesində səbirli olsunlar, hər hansı sözün dəqiq mənasını tapmayınca rahat olmasınlar. Yuxarıda dediyimi bir daha təkrar edirəm: Vicdanlı olsunlar!

Lalə Mehralı

Digər xəbərlər