PDF Oxu

Mədəniyyət

  • 5 813

Müəllim qaranlığı yaran işıq və ziya deməkdir (Esse)

image

Rəhim Hüseynov- 80

Mənə bir hərf öyrədənin köləsi olaram.

Həzrəti Əli

Lənkəran rayonunun Liman şəhərində böyüykdən-kiçiyə kimi hamı ona böyük etiramla “Müəllim” deyə müraciət edir. Çünki bu insan sözün əsl mənasında Müəllimdir. Özü də elə-belə müəllim yox, qaranlığı yaran, insanlara ziya bəxş edən müəllim. Ona görə də belə qərara gəldim ki, onun haqqında məhz 80 illik yubileyində bir esse yazıb, bu, böyük insanı çoxminli oxucularla daha yaxından tanış edim.

Mənim qəhrəmanım Rəhim Ramazan oğlu Hüseynov, 5 noyabr 1943-cü ildə keçmiş Port İliç, indiki Liman şəhərində anadan olub. 1949-50-ci tədris ilində burada 1 saylı məktəbin 1- ci sinifinə qəbul olub. 1958-59-cu tədris ilində oranı bitirib. Atası Ramazan Nurulla oğlu Hüseynov fəhlə, anası Ağabəyim Mirbaba qızı Hüseynova evdar qadın olub. Ailəni çox çətinliklə dolandıran Ramazan kişi çox istəyirdi ki, oğlu ali təhsil alsın. Özü də müəllim olsun. Çünki həmin vaxtı müəllimə hörmət çox böyük idi və bütün valideyinlər istəyirdi ki, övladları məhz müəllim olsun. Rəhim də atasının və həm də öz arzusunu reallaşdırmaq üçün həmin vaxtlar, yəni 1959-60-cı tədris ilində Vladimr İliç Leninin adını daşıyan Azərbaycan Dövlət Pedaqoji İnstitutun ( indki Dövlət Podaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. Bu xəbəri eşidən atası, oğlundan daha çox sevinirdi. Deməli, onun arzusu çin olacaqdı. Beləliklə, 1963-64-cü tədris ilində orani bitirən gənc müəllim Rəhim Hüseynovun təyinatını öz doğma şəhəri Limana verdilər. O, həmin ildən Liman şəhər 1 saylı orta məktəbində müəllim işləməyə başladı. Bütün bu illərdə Rəhim müəllimin təkcə bir iş yeri oldu. Liman şəhər 1 nömrəli tam orta məktəb. O, 1964-cü ildən, 2011-ci ilə qədər orada işlədi. Düz 47 il. Yəni təqaüdə çıxana kimi orda işlədi. Qardaşlarının belə uğur qazandığını görən o biri dörd bacı və qardaşı da ali təhsilli mütəxəsisi oldular. Belə ki, qardaşı Nəsimi Bakı Politexnik institunu, Alim Hüseynov Moskva Kimya-Texnologiya institunu, Zamin Mockva Timiryazev adına Akademiyanın iqtisadiyyat fakultəsini, bacısı Gülbəyim xanım Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirdilər. Sonra Rəhim müəllimin üç övladı da atasının yolunu davam etdirib, ali təhsilli oldular.

Sözün həqiqi mənasında qaranlığı yaran işıq, ziya olan Rəhim müəllimin əməyi də bütün bu illərdə dövlət tərəfindən qiymətləndirildi. Ona Azərbaycan Təhsil Nazirliyinin təşəkkür məktubu, döş nişanları verildi. Və sonra əməyi daha da yüksək qiymətləndirilib, “Əməkdə fərqlənməyə görə” medalı ilə də təltif olundu Rəhim müəllim. O, elə 17 yaşından həmişə ictimai işlərdə iştirak edib. Uzun illər Liman Bələdiyyəsinin üzvü olub. Milli Məclisdə seçkilərdə bir neçə deputatın vəkili olub. Limanlılar da məhz Rəhim müəllimə görə həmin adamlara səs veriblər.

-Niyə məhz müəllim olmağı seçdiniz. Bu sizin öz arzunuz, ya valideyinlərinizin arzusu idi?,- deyə mən Rəhim müəllimə sual verdim. O, çox maraqlı bir cavab verdi: “ Bu həm mənim, həm də valideynlərimin arzusu idi. Amma bu arzumun reallaşmasına bir müəllimim demək olar ki, rəvac verdi. Belə ki, biz orta məktəbdə oxuyarkən məktəbimizdə riyaziyyat fənnini tədris edən müəllim olmadığı üçün Lənkəran şəhərində işləyən Əliheydər İsayev müvəqqəti olaraq bizim məktəbə göndərildi. Əliheydər müəllim bir il ərzində riyzaiyyat fənnini bizə çox sevdirdi. Bu fəndəki dəqiqliyi, həyatdakı məsələləri dərk etmək və nəticə çıxarmaq üçün yollar göstərməsini cox sevdik. Ona görə də arzum məhz riyaziyyat müəllimi olmaq oldu. Və bütün bu illərdə Əliheydər müəllimi həmişə şükranlıqla xatırlamışam. Onu da vurğulayım ki, işlədiyim 47 il müddət ərzində çox istedadlı şagirdlərim olub. Onlar hamısı müxtəlif peşə sahibləri, xalqımız üçün faydalı insanlardırlar. Elə keçmiş şagirdlərimdən İbrahim Quliyev hüquq elmləri doktoru, professor, Əməkdar müəllimdir. Ağadil Abdullayev fizika-riyaziyyat elmləri namizədi Nyu-York Elmlər Akademiyasının üzvüdür. Zamin Hüseynov (qardaşım) iqtisad elmləri namizədidir. Ağaməmməd Əsədov iqtisad elmləri namizədi, Leninqrad Universitetinin dosentidir. Hikmət Babayev fizika-riyaziyyat elmləri namizədidir. Fariz Məmmədov, Anar Kamalov, Cavid Əbilov və başqaları yüksək rütbəli zabit, Gülbəyim Məmmədova (bacım), Arif Quliyev, Maisə Əsədullayeva, Təqiqə Əhmədova, Leyla Tağıyeva, Gülnarə Hüseynova (qızım) və başqaları riyaziyyat müəllimləridirlər. Şagirdlərim rayon və respublika riyaziyyat olimpiadalarında iştirak ediblər və yüksək yerlər tutublar. Şagirdim Alim Mirzəyev isə Respublika olimpiadasının qalibi olub. Çox sevinirəm ki, həyatımızın bütün sahələrində- idarəetmə, səhiyyə, təhsil, hüquq-mühafizə və sairə sahələrdə şagirdlərim böyük uğurla fəaliyyət göstərirlər”.

- Elə şeylər varmı ki, həyatı onlarsız təsəvvür etmək mümkün deyil,- deyə Rəhim müəllimə yenə də müraciət etdim. Böyük həyat təcrübəsi və müdrik düşüncə tərzi olan Rəhim müəllim bu sualıma belə cavab verdi: “ Bəli. Həyatda elə şeylər var ki, həyatı onlarsız təsəvvür etmək olmaz. Məktəb, müəllim də onlardandır. Mən də deyirəm ki, müəllimlik çox müqəddəs peşədir. Siz özünüz də uzun illərdir ki, mənimlə birlikdə müəllim işləyibsiniz və bu gün də bu müqəddəs peşədə çalışırsınız. Yəqin ki, mənim bu sözlərimi təsdiq edərsiniz. Özümə dəfələrlə sual vermişəm ki, müəllim olmasaydım, hansi peşənin “sahibi olardım?”. Amma özümü heç cür basqa peşədə təsəvvür edə bilməmişəm. Ona görə bütün gənclərə tövsiyyəm, məsləhətim budur ki, bu peşəni sevsinlər, bu peşəyə məhəbbəti olanlar müəllimliyə gəlsinlər. Bu peşəni sevən öz xalqını, onun gələcəyini sevən insanlardırlar. Yüz il bundan qabaq Türkiyə Cümhuriyyətini quran Mustafa Kamal Atatürk görün müəllim haqqında necə gözəl kəlam deyib: “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”. Böyük Yunan filosofu Aristotel isə müəllim əməyini valideyn əməyindən də yüksək qiymətləndirib və belə deyib: “Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”. Dahi rəhbərimiz, ulu öndər Heydər Əliyev isə müəllim əməyinə belə bir qiymət verib: “Mən dünyada müəllimlikdən yüksək ad tanımıram. Ona görə də bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Deməli, Yer üzündə müəllimlikdən böyük və şərəfli peşə yoxdur”.

Rəhim müəllimlə mən və yazıçı-publisist dostum Səyavuş Süleymanlı uzun illər bir yerdə müəllim işləmişik. Həmişə də onun maraqlı fikirləri bizi valeh eləyib. Bir dəfə, daha-doğrusu onun 80 illik yubileyində onunla birlikdə Xəzər dənizin sahilinə getdmişdik. Orada onun yubileyini keçirirdik. İyirmidən çox Liman şəhərindən olan ziyalılar da bizimlə birlikdə idi. Məktəb, müəllimlər haqqında çox maraqlı söhbət elədik. Rəhim müəllim dənzə baxıb, belə dedi: “Sizin yadınıza salmaq istəyirəm ki, yaşadığımız Liman şəhərində ilk dəfə məktəb, suya batırılmış gəmidə fəaliyyətə başlayıb. Gəminin kayutları sinif otaqları olub. Amma indi hal-hazırda uşaqlarımız işıqlı, müasir məktəbdə təhsil alırlar və biz də onlara dərs deyirik. Görürsünüzmü? Gəmidən başlayan məktəb yolu dünyanın nüfuzlu ali məktəblərinə yol açdı. Azad, müstəqil, ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə Liman şəhərinin də daha da gözəlləşəcəyinə, inkişaf edəcəyinə, Azərbaycan ailəsində layiqli yer tutacağına varlığım qədər inanıram”.

Biz də bütün bu illərdə sizə çox inanıb, sizin yolunuzla gedib, müəllim olmuşuq Rəhim müəllim. Həmişə də sizinlə fəxr etmişik. Elə yazımın bu yerində fikirlərimi dahi Yunan filosofu Sokratın bu kəlamı ilə tamamlayıram: “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”. Özü də Rəhim Ramazan oğlu Hüseynov kimi müəllimlərin əməyini isə heç nəylə müqayisə etmək olmaz.

Bəli. Rəhim müəllim! Siz həqiqətən də qaranlığı yaran işıq və ziyasınız. Gəmidən başlayan təhsil illəriniz də çox uğurlu olub. Ona görə də atalarımız sizin kimi müəllimlər haqqınızda belə deyib: "Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Siz də limanlıların düşüncəsini dəyişib, ağıllı, savadlı olmaları üçün çox böyük işlər görübsünüz. Deməli, siz çox mənalı və məhsuldar bir ömür yaşayıbsınız. 80 yaşınız mübarək!

Əlizadə ƏSƏDOV,
Əməkdar məşqçi, “Azad Azərbaycan” qəzetinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Digər xəbərlər