Mədəniyyət

  • 7 310

Şuşa məktəbinin böyük bəstəkarı

image

Prezident İlham Əliyevin Sərəncamı əsasında Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd olunacaq

Azərbaycan milli mədəniyyətinin inkişafı dövlət mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Belə ki, mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, kadr hazırlığı və gənc istedadların dəstəklənməsi, milli sənətin inkişafı və s. diqqətdə saxlanılır. Eyni zamanda, cəmiyyətin məlumatlandırılmasına yönəldilən və bununla da onun demokratikləşməsinə, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqlarının köklü şəkildə modernləşdirilməsi və yenidən qurulması istiqamətində ardıcıl tədbirlər görülür. Əlbəttə ki, mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi əhəmiyyət kəsb edir.

Müasir həyatımızda yaradıcı simaların, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələrinin fəxri ad və mükafatlara layiq görülməsi də təqdirəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan mədəniyyəti və incəsənətinə töhfələr vermiş sənətkarların yubiley tədbirlərinin keçirilməsi də bu sahəyə ayrılan diqqətin təzahürüdür.

HƏR BƏSTƏSİNDƏ BİR ÖMÜR

Bir ömrün məktəbini zəngin edən, ona naxış salan sənətə olan ilahi sevgi, əməllər, istedad, bacarıq və zəhmətdir. Bu ömür paylandıqca insanın əfsanəyə çevrilən nurlu əməlləri dünyaya işıq saçır, onu rövnəqləndirir. Bir tarix yazan ömürdə neçə-neçə illərin izləri var. Görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov kimi. Yaşadığı ömür yolunun izləri yaradıcılığına həkk olunub. Hər bəstəsində bir ömür canlanır.

Azərbaycanın əzəli və əbədi torpağı Qarabağ yetirdiyi qəhrəmanlarına, eləcə də mənəviyyat tarixində misilsiz xidmətlər göstərmiş alimlərinə, mədəniyyət və incəsənət xadimlərinə görə də tanınır. Qarabağ bölgəsində doğulub böyümüş düşüncə sahibləri öz dövrlərində şöhrət qazanmış, adları Şərq tarixçilərinin qələmə aldığı qaynaqlara daxil edilmişdir.

Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

ZƏNGİN VƏ ÇOXŞAXƏLİ YARADICILIQ

Cismən aramızda olmasa da, ruhən qəlblərdə sənət tariximizdə yaşayan sənətkarın tərcümeyi - halında qeyd olunduğu kimi, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada doğulub. 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında oxuyub. Azərbaycan musiqi sənətinin inkişafı naminə yaradıcılıq səlahiyyəti geniş və çoxşaxəli olmuşdur. Respublika Radio Verilişləri Komitəsində xalq çalğı alətləri orkestrinin dirijoru (1943), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, musiqi hissə müdiri (1944–1948), Kinematoqrafiya komitəsinin kinoteatr orkestrlərinin bədii rəhbəri (1949–1951), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri (1951–1952), Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1952–1954), Respublika Mədəniyyət Nazirliyinin İncəsənət İşləri İdarəsinin rəisi (1954–1956), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru və baş dirijoru (1960–1971), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında xalq musiqisi, xalq çalğı alətləri kafedrasının müdiri, professoru (1971–1998) olmuşdur.

MUSİQİ MƏDƏNİYYƏTİ TARİXİNƏ MÜHÜM SƏHİFƏLƏR YAZMIŞ SƏNƏTKAR

Süleyman Ələsgərov milli - mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır.

Onun yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü" (1945), "Ulduz" (1948), "Özümüz bilərik" (1962), "Olmadı elə, oldu belə" (1964), "Milyonçunun dilənçi oğlu" (1966), "Hardasan ay subaylıq" (1968), "Sevindik qız axtarır" (1970), "Həmişəxanım" (1971), "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, bir neçə kantatası: "Böyük Oktyabra salam"(1947), "Vətən, eşq olsun"(1960),"Bahar təranələri", "Bir bayraq altında"(1970), "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, "Çingiz İldırım" vokal simfonik poeması(1974), "Həzi Aslanovun xatirəsi"nə simfonik poema və süitaları, 3 tar konserti,200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Tarantella", "Rəqs-tokkata","Rondo", "Aşıqvari", Qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir. Bütün bunlarla yanaşı, 1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışmışdı.

Bu gün aramızda olmasa da sənət dünyası, yardıcılıq irsi, yaratdığı bəstəkarlıq məktəbi onun musiqi dünyamızda əbədi olaraq yaşayacağından xəbər verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər