Mədəniyyət

  • 12 678

Azərbaycanın mədəni-tarixi irsi dünya miqyasında tanınır - ŞƏRH

image

Prezident İlham Əliyev: "Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır"

Azərbaycanın hər daşında, hər abidəsində bir tarix yaşayır. Xalqın çoxəsrlik tarixi. O tarix ki, əsrlərin daş yaddaşına hopub və hər biri milli mənəvi, maddi dəyərlərimizdən danışır. Qalaq-qalaq salnamələrin yaddaşıdır, bu tarix. Ölkəmizi qarış-qarış gəzdikcə daş kitabələr vərəqlənir və oradan dünyaya səs salan nümunələr ilə yaxından tanış olursan. Tariximiz olan maddi-mənəvi memarlıq abidələri Qız qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi və s. hər biri dünyaya vəsiqə almış irsimizdir. Azərbaycanın bu və ya digər tarixi irs nümunələri "İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" və s. YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Eyni zamanda, Azərbaycanın bir neçə qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. "Azərbaycan Muğamı", "Azərbaycan Aşıq Sənəti", "Novruz", "Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti", "Tar və Onun İfaçılıq Sənəti", "Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması", "Lahıcın misgərlik sənəti" və s. YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

HƏR İL 7 İYUL TARİXİ ŞƏKİDƏ "ŞƏHƏR GÜNÜ" OLARAQ QEYD OLUNACAQ

Bütün bunlarla yanaşı, Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın növbəti uğuru oldu. Bu günlərdə Şəki Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatı təqdim olundu. Bu hadisə mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab edilir. Qərara alınıb ki, hər il 7 iyul tarixi Şəkidə "Şəhər günü" olaraq keçiriləcək. Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bakı sessiyasında YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçirilmişdir. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxil idi.

AZƏRBAYCAN BEYNƏLXALQ SƏVİYYƏDƏ DÜNYA İRSİNİN MÜDAFİƏSİ VƏ MÜHAFİZƏSİNƏ DƏSTƏK VERİR

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi böyük sevinclə qarşılandı və bu münasibətilə Azərbaycan xalqına təbrikində Azərbaycan Prezident Cənab İlham Əliyev bildirmişdi ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır. Dövlət başçısı onu da bildirmişdir ki, son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Cənab Prezident xalqımızın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer almasını Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafı olduğunu qeyd etmişdir. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi onu deməyə əsas verir ki, artıq bu tarixi irs ümumbəşəri bir irsə çevrilib.

Vurğulamaq yerinə düşər ki, 2013-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Parisdə YUNESKO-nun baş qərargahında keçirilən "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasının sonuncu günündə 2019–2023-cü illər üçün "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib. Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər