İqtisadiyyat

  • 6 893

Kənd qadınları: “Bizə pul verməyin, imkan verin” - MÜSAHİBƏ

image

Gülbəniz Qənbərova: “Təşkilatlanan kənd qadınları özləri özlərini işlə təmin edir”

Qadınlar dünya kənd təsərrüfatında çalışan işçilərin 43%-ni təşkil edir. Onlar dünyada sosial-iqtisadi davamlılığın açarıdır, inkişaf prosesləri üçün əhəmiyyətli və əvəzolunmazdırlar. Hər nə qədər təsərrüfatdakı böyük əməkləri gözəgörünməz olsa da, onların çəkdikləri zəhmət sayəsində ailə təsərrüfatları genişlənir, inkişaf edir. Ölkəmizdəki kənd qadınlarına iş imkanlarının yardılmasında, savadlılığın artırılmasında böyük uğurları olan Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova ilə söhbətləşdik.

-Sizinlə bir müddət əvvəl kiçik bir söhbətimiz oldu, o qədər maraqlı layihələrdən söz açdınız ki, daha geniş müsahibə üçün məndə alt zəmin hazırladınız. Söhbətə başlamadan əvvəl Assosiasiyanız barədə kiçik məlumat verək.

-Bizim Kənd Qadınları Assosiasiyası 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılıb. Assosiasiyanın yaradılmasında məqsəd kənd qadınlarının, regionların sosial və iqtisadi inkişafına olan töhfəsini artırmaq və onu dayanıqlı etmək olub. Kənd qadınlarının istər sosial, istər iqtisadi inkişafa olan töhfəsini artırmaq üçün isə onların cəmiyyətə inteqrasiyası lazımdır, onların evdən çıxıb hansısa bir işlə məşğul olması, hansısa bir tədbirdə, qərarvermədə iştirakının olması lazımdır.

-Ümumi götürəndə kənd qadınlarının əsas problemi nədir?

-Kənd qadınlarının əsas problemi onların cəmiyyətə zəif inteqrasiya olunmasıdır və bunun da çox səbəbləri var. Kənd qadınları haqqında çox stereotiplər var və o stereotiplərin yaranmasının da səbəbi kənd qadınlarının cəmiyyətdən kənarda qalması, cəmiyyətin qaynar məsələlərə onların müdaxilə edə bilməməsidir. Bunun üçün də kənd qadınlarının bacarıqları artırılmalıdır. Kənd qadınların bacarıqlarının artırılması üçün biz çox təşəbbüslər irəli sürürük. Bu təşəbbüslərdən biri də rəqəmsal bacarıqlarının artırılmasıdır. İndi zəmanəmiz dövrümüz, rəqəmsallıq dövrüdür. Onlar rəqəmsal aləmdən kənarda qaldıqca ictimaiyyətə qoşula bilmirlər və bu da inteqrasiya olmaya təsir edir. Kənd qadınları həm təsərrüfat, həm təsərrüfatdan kənar, qeyri-təsərrüfat bizneslərlə məşğul olurlar və bu bizneslərin inkişafı üçün onların rəqəmsal biliklərinin dayanıqlı olması lazımdır. Onların əlaqələri olsun ki, o əlaqələr vasitəsilə onlar məhsul bazara çıxartsınlar, satış eləsinlər. Bütün bu işlərdə də məqsəd odur ki, onlar öz ailələrinə iqtisadi dəstək göstərsinlər.

-Rəqəmsal bacarıqlarının artırılması üçün Assossiasiya nələr edir?

-Biz 2021-ci ildən “Kənd qadınlarının rəqəmsal gücləndirilməsi kampaniyası”na başlamışıq və bu kampaniya çərçivəsində bir çox kəndlərdə bir çox qadınlara, qadın qruplarına rəqəmsallıq təlimləri vermişik. Müxtəlif şirkətlərdən smartfonlar, dizüstü kompüterlər, rəqəmsal avadanlıqlar təmin edərək kənd qadınlarını təchiz eləməyə çalışırıq ki, onlar şəbəkələrə çıxa bilsinlər, elektron ticarətə çıxa bilsinlər. Bax, bu saat kənd qadınlarının inkişafını ləngidən də onların necə deyərlər, rəqəmsal bacarıqlarının zəif olmasıdır.

-Hazırda ölkəmizdə kənd qadınlarının məşğulluq imkanları necədir?

-Biz Azərbaycanda ilk dəfə qadınlardan ibarət “özünə kömək qrupu” modelini tətbiq etmişik. Bu model əsasında kənd qadınları təşkilatlanır. Onlar qruplar təşkil edirlər. O qrupların həm sosial öhdəlikləri olur, həm iqtisadi baxımdan biznes qururlar. Kənddəki işsiz qadınları qurduqları işə cəlb edirlər. Bu qadın özünə kömək qrupu modelinin möhtəşəmliyi ondan ibarətdir ki, qadınlar özləri özlərini işlə təmin edirlər və o, yaratdıqları biznes böyüdükcə kənddəki digər qadınları da cəlb edirlər və o biznesin ətrafında onlar öz iqtisadi imkanlarını artırırlar. İqtisadi imkanları artdıqca qadınların sosial fəaliyyəti də güclənir. Onlar olduqca icmanın sosial işlərinə töhfə vermək imkanı olur. Ona görə də onların kənddə nüfuzu artır.

Məsələn, bizdə qadın qrupları var ki, indi onlar qadın kooperativlərinə çevriliblər, daha geniş istehsalla məşğuldurlar. Bizdə elə qadın qrupları var ki, uzun illərdən bəri kənddə suvarma suyu çəkilə bilmir. Yəni, suvarma suyu yoxdur, amma qadın qrupu öz maliyyə hesabına kənddə suvarma suyu çəkir. Və yaxud pandemiya dövründə onlar çox əhaliyə kömək elədilər. Həmçinin müharibə vaxtı, orduya həm ərzaq göndərdilər, həm dəstək pul yığdılar. Yəni qadınların öz qurduqları biznesləri böyüdükcə, inkişaf etdikcə, gəlirləri artdıqca onlar ictimai işlərə daha çox töhfə qoyurlar. Bizim məqsədimiz də ondan ibarətdir, ucqar rayonlarda yaşayan qadınların bacarıqları artsın ki, onlar özlərinə biznes qura bilsinlər. Biznes qurduqca da onlar icmanın hansısa işinə töhfə verirlər. Bu, kənd qadınlarının, kənddə olan nüfuzunun artmasına səbəb olur, onların həyatını dəyişməyə səbəb olur. Bizim vizionumuz ondan ibarətdir ki, kənd qadınları özü öz inkişafına töhfə versin və bu, belə də olur.

-Hər hansı qurumdan, dövlət orqanından dəstəkləri varmı?

-Deyə bilmərik ki, bütün qurumlar diqqəti yönəldiblər kənd qadınlarına, onların inkişafına. Yox, kənd qadınları özü-özünə təşəbbüs göstərir. Özünün inkişafı üçün əlbəttə. Əslində, onların özündə inkişaf olmasa, təşəbbüs olmasa, kənardan istər dövlət qurumları olsun, istər özəl sektor olsun, istər sivil cəmiyyət olsun, nə qədər çalışsaq ki, biz onları nəsə bir irəliyə çəkək, nəsə onlara yeniliklər gətirək, onların bacarıqlarının artırılması üçün müəyyən işlər görək, onun xeyri yoxdu. Onların özündən bu istək gəlməlidir. Təşəbbüsün olması üçün də onların məlumatı olmalıdır. Onlar bilməlidir ki, dünyada nələr var, cəmiyyətdə nələr baş verir. Onlar inkişafın necə zəruri olduğunu bilməlidir.

-Özünüməşğulluq proqramından yararlanan kənd qadınları da var yəqin.

-Məşğulluq imkanları deyəndə, ilk hamının yadına məşğulluq proqramı düşür. Düzdür, özünüməşğulluq proqramının hədəflərində var ki, qadınlara dəstək olsun, amma o proqramın özünün kriteriyaları var. Məşğulluq proqramı heç də bütün kənd qadınları üçün deyil. Məşğulluq proqramı kənddə yaşayan, əlil ailəsində əlil olan, müharibə iştirakçısı olan, ailədə heç kəs işləməyən və s. kimi kriteriyalar qoyur. Yəni, onun o qədər kriteriyaları var ki, kənd qadınlarının çox az bir hissəsi istifadə edir.

Kənd qadınları özləri özlərinə iş qururlar, bir-birinə dəstək olurlar, qrup şəklində təşkilatlanırlar. Onlar təsərrüfatla məşğul olanda kənddəki çox sterotipləri qırırlar. Məsələn, qrup şəklində qadınlar var ki, bir ildə 630 ton tərəvəz istehsal ediblər. Məsələn, Bərdənin Böyük Göyüşlü kəndində “Fatimə” qadın qrupu var. Sonra Goranboyun Boluslu kəndində “Şəfa” qadın qrupu var. 23 rayonda 56 qadın inkişaf və müəssisə qrupları biz yaratmışıq ki, onlar kollektiv bizneslərlə məşğul olurlar və bu onların həyatını dəyişir. Kollektiv şəkildə məşğul olanda həm ailədə söz-söhbətolmur, həm də onlar bir-birinə dəstək olaraq bu işi görürlər və çox da böyük uğurları olur.

-Kənd qadınının kənd işi görməsi niyə ailəsinə söz salsın ki?

-Məsələn, ailəli gənc qadın səhər istəyir ki, getsin tarlada işləsin, tərəvəz əksin. Təbii ki, ona deyəcəklər ki, sənin tək nə işin var səhərin o çağında çöldə, tarlada bir təhlükə ola bilər sənə. Yəni, istər-istəməz bir problem yaranacaq. Ona görə də qadınlar qrup şəklində gedirlər. Səhər səslənirlər, toplaşırlar, çox şən halda gedirlər işləməyə. Həm işlərini görürlər, həm də bir-biri ilə ünsiyyətdə olurlar. Qadın qruplarının yaradılması həm yerli, həm beynəlxalq təşkilatlar tərəfindən, həm özəl sektor tərəfindən çox böyük, maraq və hörmətlə qarşılanır. Çünki qrup şəklində bizneslə məşğul olan qadınlara investisiya yatırmaq da çox əhəmiyyətlidir. Bir nəfərə investisiya yatırmaqdansa qrupda 15-20 qadın var. Yəni, bir qrupa investisiya yatıranda, istər özəl sektor olsun, istər sivil təşkilatlar olsun, o investisiyanın səmərəliliyi də daha yüksək olur. Bu baxımdan, qadınların təşkilatlanması məsələsinə maraq çox böyükdür, nəticələri də çox gözəldir.

Biz bu yaxınlarda, bu ilin əvvəllərində qadın qrupları haqqında bir kitab çap eləmişik. Kitabın adı belədir: “Pıçıltılardan səslərə”. O kitabda 50 qadın qrupu haqqında hər məlumat, onların həyat hekayələri var. Qrup haqqında məlumatlar var. Onların biznesləri haqqında, sosial fəaliyyətləri haqqında şəkillər var. Çox informativ bir kitabdır və o kitaba Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, USAID-in Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas ön söz yazıb.

-Deməli, beynəlxalq əlaqələr də var.

-Bəli. Kənd Təsərrüfatı Nazirliyinin bir layihəsi var, “Afaq” layihəsi, Paşa Holdinq tərəfindən maliyyələşir. Qadınlar layihədən çox yaxşı istifadə edirlər. Çox da məmnundurlar “Afaq” layihəsindən. Qadınlar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Qadınların iqtisadi səlahiyyətlənməsi” layihəsindən faydalanırlar, USAİD təşkilatının “Özəl sektorun inkişafı” layihəsindən faydalanırlar. Həmin layihələr qadınlara istər kənd təsərrüfatı təlimləri, istər qeyri-təsərrüfat təlimləri, ərzaq istehsalı ilə bağlı, onun qablaşdırılması, satışı, marketinqi və s. bacarıqların artırılması ilə bağlı çox dəstək olurlar.

Bizim təşkilat isə həmin kənd qadınlarına dəstək göstərən layihələrin partnyoru olur. Yəni bizim vasitəmizlə onlar öz proqramlarını kənd qadınları ilə, daha doğrusu qadın inkişaf və müəssisə qrupları ilə həyata keçirirlər. Hal-hazırda qadın inkişaf və müəssisə qrupları, beynəlxalq və dövlət proqramları qadınlar üçün olan layihələr qadın qruplarından bir platforma kimi istifadə edirlər. Qadın qrupları vasitəsilə onlar layihələri həyata keçirirlər və çox da uğurlu nəticələri olur. Yəni, qrup olanda orada bir qrup cavabdehliyi var, orada qrupun məsuliyyəti var. Bu baxımdan, qadınların təşkilatı istər biznes sahəsində, istər sosial fəaliyyət sahəsində onlara çox böyük yeni dəyər gətirib.

-Əslində, bizim bilmədiyimiz çox iş görülürmüş kənd qadınları üçün...

-Elədir. Bizim qadınların şüarı var, bizə pul verməyin, bizə imkan verin. Çünki imkan olarsa, onlar özləri özlərinin hədəflərinə çox uğurla qovuşa bilirlər. Qadınlara inkişaf üçün pul vermək də olur, müəyyən layihələr var və bunu görmüşük. Amma bu onları çox ələbaxan edir, onları inkişafdan geri saxlayır, təşəbbüsünü limitləndirir. Bax, ona görə bizim qadın qruplarının belə bir şüarı var. Bu şüarla onlar Belçikada bir tədbirə qatılmışdı. Avropa İqtisadi Günləri tədbiri idi, bizim 6 qadın qrupunun rəhbərləri orada iştirak edirdi. Onlar paneldə oturmuşdular. Orada moderatorlardan biri soruşdu ki, sizin mesajınız nədir? Bizim qadınlardan biri dedi ki, bizim mesajımız odur ki, bizə pul verməyin, bizə imkan verin. Yəni imkan olsun ki, bu biznesin inkişafı, sosial fəaliyyətinin limitlənməməsi olsun. Bax, bu baxımdan o, çox böyük bir marağa səbəb olmuşdu. O, çox böyük tədbir idi. İndi elə o vaxtdan da bizim şüar kimi istifadə edirik.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər