Müsahibə

  • 7 041

İşğalçı Ermənistan humanitar atəşkəsi pozmaqla sülh tərəfdarı olmadığını nümayiş etdirir

image

Milli Məclisin deputatı Malik Həsənov

- Malik müəllim, rəşadətli Azərbaycan Ordusunun işğal altında olan bir sıra yaşayış məntəqələrimizi, strateji y üksəkliklərimizi azad etməsi hansı perspektivlərə yol açdı?
- Sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları bir daha göstərdi ki, dövlətimiz diplomatik mübarizədə olduğu kimi, döyüş meydanında da böyük üstünlüklərə malikdir. İşğalçı, təcavüzkar Ermənistan Azərbaycanın tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün razılığın alınmasına kömək məqsədilə dünya dövlətlərinə, nüfuzlu təşkilatlara yalvardı, imdad istədi, onların qarşısında diz çökdü. Bir sözlə, Azərbaycan işğalçını, təcavüzkarı sülhə məcbur etdi.
- Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirləri arasında Moskvada keçirilən görüşdə oktyabrın 10-dan etibarən humanitar atəşkəslə bağlı razılıq əldə olundu. İşğalçı dövlətin bu razılaşmanı ilk andan kobud şəkildə pozması nədən irəli gəlir?
- Humanitar atəşkəsin ilk anından Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları davam etdirmələri, itirilmiş mövqelərini yenidən geri qaytarmaq üçün cəhdlər göstərmələri, yaşayış məntəqələrini, mülki əhalini atəşə tutmaları işğalçı dövlətin sülh danışıqlarına çağırışlarda riyakarlığını nümayiş etdirdi.
Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə raket hücumu Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı aktıdır. Erməni vəhşiliyi nəticəsində aralarında azyaşlı uşaqlar olmaqla 9 mülki şəxs həlak olub, 34 nəfər isə yaralanıb. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirir. Mülki əhaliyə atəş açmaq insanlığa qarşı cinayətdir. Ermənistanın törətdiyi cinayət əməllərinin bugünədək cəzasız qalması yeni müharibə cinayətlərinə yol açır. Dünya baş verənləri görməzdən gəlib, heç nəyi eşitmək istəməsə də, ədalət deyilən məfhumun mövcudluğu bu seyrçi mövqelərə işıq salmaqla Ermənistana “dur” deməyə hər zaman çağırış edir. Ermənistanın humanitar atəşkəs rejimini kobud şəkildə pozması dünyaya, ən əsası bu razılığın əldə olunmasında vasitəçiliyi yerinə yetirən Rusiyaya hörmətsizlik kimi dəyərləndirilməlidir. İşğalçı dövlət bir tərəfdən dünya dövlətləri, nüfuzlu təşkilatlar qarşısında diz çöküb danışıqların bərpası ilə bağlı yalvarışlar edir, digər tərəfdən isə bu razılaşmanı pozur. Ermənistan hakimiyyəti bu kimi cinayət əməllərini davam etdirməklə beynəlxalq hüququn mövcudluğunu qəbul etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, bu kimi yanlış düşüncələr bu günədək işğalçıya hansı əməlləri törətməsindən asılı olmayaraq “gözün üstə qaşin var” deyilməməsinə əsaslanır.
- Dünya yenə də bəyanatlarla kifayətlənməkdədir. Buna münasibətinizi bilmək istərdik…
- Azərbaycan döyüş meydanında üstünlüyə malik olduğu halda humanitar atəşkəsə razılıq verməklə Ermənistana şans verdi. Amma işğalçı dövlət bu şansdan beynəlxalq hüquq normalarına uygun bəhrələnmək əvəzinə əldə olunan razılığı pozmaqla sülh tərəfdarı olmadığını nümayiş etdirir. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalıb. Dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu həmsədrləri yalnız danışıqların aparılmasına çağırışlar etməklə missiyalarını bitmiş hesab edirlər. Dünya ikili siyasətin yaratdığı problemlərdən nəticə çıxarmaq istəmir. ATƏT-in Minsk qrupunun baş verən soyqırımı aktı ilə bağlı mövqe bildirməməsi birmənalı qarşılana bilməz. Belə olan təqdirdə, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac varmı? Azərbaycanın Xarici İşlər naziri ilə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri arasında telefon danışığında Endryu Şofer bölgədəki gərginliyin humanitar atəşkəsin əldə olunmasından sonra da davam etməsinin ciddi narahatlıq doğurduğunu və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb. Bu, münaqişənin həllində vasitəçılik missiyasını yerinə yetirən qurumun həmsədrlərindən birinin məsələyə adi yanaşmasıdır. Siyasi dialoqun zəruriliyini bildirən dövlət, təşkilat öncə beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirilməsi üçün işğalçıya təzyiq göstərməli, qərar və qətnamələrin icrası üçün bütün dövlətlərə tətbiq olunacaq vahid mexanizm haqqında düşünməlidir. Bir tərəfdən Ermənistan silahlandırılır, onun işğal olunmuş ərazilərimizdə apardığı süni məskunlaşdırma siyasətinə göz yumulur, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” bəyanatına sərt mövqe ortaya qoyulmur, ən əsası işğalçı 30 ilə yaxındır ki, adı ilə çağrılmır, amma sülh danışıqlarının davam etdirilməsinə çağırışlar edilir.
- Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması Azərbaycan xalqına qarşı növbəti soyqırımı aktı, Xocalı faciəsinin davamı kimi qəbul olunur. Qondarma «erməni soyqırımı»na dəstək olan dövlətlər erməni vandalizmi ilə bağlı niyə susurlar?
- Ermənistan zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. Lakin tarixi saxtalaşdırmaqla özlərinə saxta tarix yazan ermənilər dünyanı öz yalanlarına inandırmağa az da olsa nail olublar: “Belə olmasaydı, Fransa dövləti cox da uzaq olmayan tarixi, XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını bir kənara qoyub, qondarma “erməni soyqırımı”nı tanımaz, hətta onu digər dövlətlərə qəbul etdirməzdi. Bu gün Ermənistanın belə vandalizm aktlarını heç nədən çəkinmədən davam etdirməsi də həmin dəstəklərdən qaynaqlanır. Nə zamanadək dünya ikili siyasətinə son qoymayıb, maraqlar ədalət prinsipinin arxasında əriyir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli yanaşma gözləmək sadəlövlük olar. 30 ilə yaxın zaman dünyanın Ermənistana dəstəyinin, «başına sığal çəkməsinin» aydın mənzərəsini yaradır.
- İşğalçı dövlətin humanitar atəşkəsi kobud şəkildə pozması proseslərin növbəti gedişində hansı addımlara əsas verir?
- Möhtərəm Prezidentimiz İlham Əliyev oktyabrin 9-da rəşadətli Azərbaycan Ordusunun Hadrut qəsəbəsini, bir neçə kəndi və mühüm strateji yüksəklikləri azad etməsi münasibətilə xalqa müraciətində, həmçinin “CNN International”, “Sky News”, RBK televiziya kanallarına müsahibələrində işğalçı dövlətə və havadarlarına bir sıra mesajlarını çatdırdı. “Azərbaycan öz üzərinə götürdüyü öhdəlikləri həmişə yerinə yetirən ölkədir. Mən həmişə demişəm ki, bizim imzamız da sözümüz kimi əhəmiyyətlidir. Lakin atəşkəs birtərəfli proses deyil və biz baxarıq, görək erməni tərəfi özünü necə aparır” bəyan edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bu bəyanatı da səsləndirmişdir ki, dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Möhtərəm Prezidentimiz İlham Əliyev Gəncədə törədilən cinayətlə bağlı “Twitter” hesabındakı paylaşımında bir daha bəyan edib ki, Ermənistanın Gəncəyə raket hücumu erməni faşizminin növbəti təzahürüdür. Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə əlaqədar rəsmi “Instagram” səhifəsindəki paylaşımında dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıb.
Azərbaycan güclü dövlətdir. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli Ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızın azad olacağına əminliyi günbəgün artırır. Ermənistanın törətdiyi cinayətlər, təxribatlar bir daha dünyaya bu çağırışı edir ki, kimin kim olduğunu tanımaqla yanaşı, birtərəfliliyi bir kənara qoyub işğalçını adı ilə çağırmaq və sülh danışıqlarının nəticələrə yol açmasına dəstək olmaq zamanıdır.

yap.org.az

Digər xəbərlər