MİA

  • 27 964

İnsan haqları, siyasi mədəniyyət və ictimai rəy

image

İctimai rəyin formalaşmasına təsir edən bir başqa ünsür isə mədəniyyətdir. Mədəniyyəti, insanın cəmiyyətin bir üzvü olaraq əldə etdiyi bilik, inanc, sənət, hüquq, əxlaq və bütün digər qabiliyyət və vərdişləri əhatə edən mürəkkəb bir sistem kimi açıqlamaq mümkündür. İnsan onu əhatə edən mühitdə formalaşır. Eyni şərtlərdə yaşayanlar oxşar formalarda düşünürlər. Mədəniyyət isə, öz növbəsində, ictimai xarakter daşıyır və cəmiyyəti təşkil edən müxtəlif qruplar və fərdlər tərəfindən yaradılır və bölüşülür. Mədəniyyət cəmiyyətlə bərabər siyasi həyata da təsir göstərir. Siyasi mədəniyyət siyasi sistemin iştirakçıları arasındakı mövcud münasibətlərdə təzahür edən fərdi mövqe və meyillər əsasında formalaşır. Siyasi mədəniyyət cəmiyyətdə siyasi fəaliyyəti səciyyələndirən dərk edilmiş və bilinən dəyərlərin və onlara uyğun inancın məcmusudur. Siyasi mədəniyyət insanın bir qrupa aid olmasını dərk etməsi (identifikasiya), fərdin siyasi iştirakçılığı (sosiallaşma) və siyasi subyektlərin qarşılıqlı əlaqəsi (kommunikasiya) kimi funksiyaları ilə ictimai rəyin formalaşmasında özünəməxsus rol oynayır.

Ə.Abbasov yazır: "İctimai rəyin formalaşmasında hüquqi və siyasi institutların da rolu əhəmiyyətlidir. Siyasi institutlar, xüsusilə, ictimai rəyin yaranmasını və ona nəzarət edilməsini həyata keçirir. İctimai rəy bir mövzu ilə maraqlanan qrupların qənaətləri, mübahisələri və qarşılıqlı təsir proseslərinin nəticəsində ortaya çıxır. Fərdlərin və qrupların qənaətlərini ifadə etmələrinə imkan yaradan hüquqi və siyasi mühitin varlığı prinsipial şərtdir.

Hüquqi mühiti konstitusiya və qanunlar, siyasi mühiti isə hakimiyyəti əlində saxlayan siyasi institutlar və onların ümumi təşkilat forması olan dövlət yaradır. Konstitutsiya və qanunlar siyasi ünsiyyətə sərhədlər qoyur və ictimai rəyin bu sərhədlər daxilində formalaşmasına çalışır. Siyasi institutlar fərdlərin və qrupların sərbəst surətdə qənaətlərini bildirmələrinə və azad formada ictimai rəyi formalaşdırmalarına imkan verən şəraiti yaradır.

İctimai rəyin formalaşmasında din amili və ölkənin demoqrafik strukturu da rol oynayır. Din, sosioloji baxımdan fərdin və cəmiyyətin dəyərləri, inancları ilə yaxından əlaqədardır. Dini normalar və strukturlar fərdin sosiallaşmasına müəyyən qədər kömək edir. Dini dəyərlər və inanclar tarixi baxımdan ən fundamental və dəyişməz görüşlər olmuşdur. Bu isə, öz növbəsində, cəmiyyət həyatına və fərdi qənaətlərə, bilavasitə təsir etmişdir. İctimai rəyin formalaşması və xarakterik müxtəlifliyi bu və ya başqa dinin cəmiyyət həyatında hakim olmasından çox asılıdır. Düşünürəm ki, hal-hazırda Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar din və ictimai rəy mövzusu olduqca aktualdır və onun xüsusi, məqsədyönlü tədqiqinə böyük ehtiyac var. Müxtəlif dini cərəyanların, təriqət və qrupların gizli-aşkar fəaliyyəti hamımıza məlumdur. Lakin adi etirafla bu məsələdə kifayətlənmək olmaz, burada ciddi araşdırmalara da, sistemli əməli tədbirlərə də zərurət danılmazdır. Xüsusən, yeni nəslin formalaşması, gənclərlə dövlət siyasətinin həyata keçirilməsi cəhətdən bu mövzu diqqət mərkəzində olmalıdır".

Cəmiyyətin demoqrafik strukturu və keyfiyyəti, məsələn, əhalinin çox və ya az olması, onun fizioloji və ruhi gümrahlığı, ümumi intellektual səviyyəsi, şəhər-kənd əhalisinin fərqliliyi ictimai rəyə öz təsirini göstərir. İnsanların sıx və ya seyrək yaşadığı yerlərin səciyyəsi, onların təhsil səviyyəsi və həyat tərzi arasındakı müxtəliflik də ictimai rəyə təsir edən amillərdəndir.

Müəllifin qeyd etdiyi kimi, qənaətlərin formalaşmasında ən əhəmiyyətli rolu şərti olaraq birinci və ikinci dərəcəli adlandırılan sosial qruplar oynayır. Cəmiyyət həyatında fərddən sonrakı mərhələni qruplar təşkil edir. Fərd, müəyyən mənada, bu qruplar vasitəsilə cəmiyyətə qarışır, qənaətlərini formalaşdırır və onlara istiqamət verir. Sosioloji tədqiqatlar fərdlərin öz davranış və qənaətlərini müəyyən edərkən üzv olduqları müxtəlif qrupların təsiri altında hərəkət etdiklərini sübutlandırır. Fərdlər üzv olduqları qruplardan xaric edilməmək üçün hərəkətlərini qrup fəaliyyətinə uyğunlaşdırır və qənaətlərini ifadə edərkən qrupun ümumi rəyinə əsaslanırlar.

Sosial qruplar xüsusiyyətləri və üzvləri ilə münasibətə görə, şərti olaraq, birinci və ikinci dərəcəli qruplara bölünür. Birinci dərəcəli qruplar, bir-birləri ilə fasiləsiz, asan və səmimiyyətə əsaslanan formada əlaqə yaradan qruplardır. Belə qrupların əsas xüsusiyyətləri üzvlərarası əlaqələrdə duyğu və hisslərə əsaslanmasıdır. Üzvlərinin sayı az olur və bir-birləri ilə tez-tez görüşürlər. Üzvlər asanlıqla dəyişmirlər və bir-birlərini bütün cəhətlərilə tanıyırlar. Hər hansı bir məqsədi reallaşdırmaq kimi ciddi hədəfləri olmur. Bu qruplara ailə, məktəb, məhəllə, dostluq və qonşuluq münasibətləri kimi əlaqələr aid edilir.

Birinci dərəcəli qruplar arasında fərdin özünə və onun qənaətlərinin formalaşmasına ən çox təsir göstərən ailədir. Ailə və uşağın (fərdin) bir şəxsiyyət olaraq formalaşdığı dövrdə, mühit təsirinə ən həssas olduğu bir çağda ona təsir göstərir. Ailə daxilində əldə olunan məlumatlar, baxışlar, qənaətlər və stereotiplər davamlı olur. Ailə, siyasi sistem haqqında ilk təəssüratların mənimsənildiyi yerdir.

Bununla birlikdə, ailə fərdin qənaətlərinin formalaşmasında yeganə determinant deyil. Məktəb, fərdi uzun illər əhatə edən və formalaşdıran bir qurumdur. Təhsil və məktəb siyasi sosiallaşma baxımından olduqca əhəmiyyətlidir. Təhsil səviyyəsindən asılı olaraq, fərdlərin görüşlərində fərqliliklər ortaya çıxır, siyasi sistemə olan etimad və siyasi həyata baxışlar formalaşır. Məktəb fərdin formalaşmasında, onun siyasi baxış və qənaətləri mənimsəməsində iki yolla təsir göstərir: birinci, fərdin müəyyən edilmiş siyasi bilikləri mənimsəməsini təmin edən təhsil prosesilə; ikincisi, təhsil prosesi daxilində mərhələlər yüksəldikcə fərdin mövcud baxış və qənaətlərinin dəyişməsi ilə. Məktəb ictimai rəyin formalaşmasına təsir edərkən, bu istiqamətdə müəllim, sinif, təhsil proqramı, dərs ədəbiyyatı funksional əhəmiyyət daşıyır.

Birinci dərəcəli qruplar arasında dostluq münasibətləri, ailə və məktəb qədər olmasa da, fərdin baxış və qənaətlərinə müəyyən dərəcədə təsir edir. Dostluq münasibətləri, xüsusilə, fərdin siyasi qənaətlərinin formalaşdığı dövrlərdə daha əhəmiyyətli olur. Ailələrin ağır nizam-intizamından və məktəb münasibətlərinin formal xarakterindən narahat olan uşaqlar (fərdlər) dostluq münasibətlərinin təsirlərinə çox açıq olurlar. Dostluq münasibətləri ailə münasibətlərini bəzi cəhətlərdən əvəz edir və ailə tərəfindən müəyyən dərəcədə xaric edilən fərd üçün "ikinci ailə" rolunu oynayır. Ailə və dostluq qrupunun fərdə aşıladığı dəyərlər və onun qənaətlərinə təsiri müxtəlif ola bilər. Ailə daha çox kiçik yaşlarda mənimsənilən dəyər və qənaətlərin formalaşmasında əsaslı rol oynayırsa, dostluq münasibətləri müəyyən yaşlardan sonra yarandığı üçün fərdin daha çox spesifik ictimai, o cümlədən, siyasi baxış və qənaətlərinə təsir göstərir.

Ə.Abbasov yazır: "İctimai rəyin ortaya çıxmasında və formalaşmasında birinci dərəcəli qruplarla yanaşı, ikinci dərəcəli qruplar da xüsusi yer tutur. İkinci dərəcəli qruplar, üzvlərin müəyyən bir razılıq əsasında yaratdıqları rəsmi və ya könüllü qruplardır. Üzvlərarası əlaqələr duyğu və hisslərə əsaslanır və məhdud sahələri əhatə edir. Üzv ilə qrup arasında, ailədə olduğu kimi, onun anadan olduğu andan sonra başlayan məcburi bir əlaqə yoxdur. Müəyyən bir məqsədə görə yaradılan bu qruplarda üzvlər vaxtaşın dəyişir, fərdlər isə öz sərbəst iradələrinə əsasən, bu qruplara daxil olur. Üzvlərin qrupdan nə istədikləri, nə üçün bu qrupa üzv oiduqları və fərdin qrupa necə köməklik göstərəcəyi əvvəlcədən bilinir. Bu qruplara müəyyən bir məqsəd naminə üzv olunur və qrupu təşkil edən üzvlər bir-birlərilə rəsmi və məhdud münasibətdə olur. Kəmiyyət baxımından ikinci dərəcəli qruplar, adətən, birinci dərəcələri qruplara nəzərən böyük olur. Bu qruplara ictimai təşkilatlar, iş və ixtisas qrupları, həmkarlar ittifaqları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mənafe qrupları aid edilə bilər.

İkinci dərəcəli qruplar ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Bu qruplardan mənafe qrupları (ictimai təşkilatlar, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları) və siyasi partiyalar xüsusi əhəmiyyətli olduqları üçün onların daha ətraflı tədqiqinə ehtiyac var.

İctimai rəyi, bilavasitə formalaşdıran, mövcud qənaətləri dəyişdirən və bəzən də gücləndirən amil və ünsürlər təsir dinamikalarına görə çox əhəmiyyətlidir. Bu qrup amillərə üz-üzə qurulan ünsiyyət özü, qənaət liderləri, siyasi təşkilatlar və siyasi liderlər, mənafe qrupları, kütləvi informasiya vasitələri daxildir. Dar mühitdə, kiçik yığıncaqlarda dost qruplar arasındakı üz-üzə ünsiyyətin (dialoqların), müzakirənin də qənaət sisteminin formalaşmasında təsiri az deyildir".

Şəxsi əlaqələr çərçivəsində xəbərlər, şərhlər, bəzən rəvayət, şayiə və dedi-qodu şəklində yayılır. Bunların təsir dərəcəsini ölçmək mümkün olmasa da, hər halda az-çox bir "sərmayə" yaratdıqlarını deyə bilərik. Bu ünsiyyət formasında istifadə olunan dilin, jestlərin, mimikanın, simvolik şərh etmənin xüsusi əhəmiyyəti var. Qənaətləri saysız-hesabsız və çox vaxt məqsədsiz kimi görünən şəxsi görüş və söhbətlərin nəticəsi olaraq da görmək olar. Nisbətən kiçik və üz-üzə əlaqələrin olduğu qruplarda dedi-qodu və şayiələr, fikir və qənaət formalaşdırmanın və dəyişdirmənin əsas vasitəsi kimi qəbul olunur.

Digər tərəfdən, yenə kiçik mühitlərdə ayrı-ayrı şəxslər internetdən, qəzetlərdən, radio və televiziyadan əldə etdikləri məlumatları (bəzən təhrif edərək) bu mövzularda daha az marağı və məlumatı olan şəxslərə çatdırır və beləliklə, onların müəyyən qənaətlərə sahib olmalarında rol oynayırlar. Qənaət liderləri sayılan şəxslər, adətən, öz şərhlərini də əlavə edərək, yaydıqları xəbərlərlə ətraflarındakı insanların müəyyən baxışları mənimsəməsində xeyli müvəffəqiyyət qazanırlar.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər