MİA

  • 3 556

İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti

image

Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan tərzdə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.

Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsas və qaydada yol verilir.

Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə, bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.

Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.

Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:

1) zəruri müdafiə və son zərurət halları istisna olmaqla şəxsin tutulması və ya həbsə alınması zamanı təhlükəsiz üsul və vasitələrdən istifadə etməlidir;

2) tutulan və ya həbsə alınan şəxsə özünü təqdim etməklə xidməti vəsiqəsini göstərməlidir;

3) tutulan və ya həbsə alınan anda müqavimət göstərən və ya anlaqsızlıq vəziyyətində olan şəxslər istisna olmaqla, hər hansı şəxsə onun tutulmasının və ya həbsə alınmasının əsaslarını bildirməli və hüquqlarını izah etməlidir;

4) tutulmuş və ya həbsə alınmış şəxsi təxirəsalınmadan polis orqanına gətirməli, tutulma və ya həbsəalma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsəalma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;

5) xüsusi təhlükəli dövləti cinayət törətmiş şəxs istisna olmaqla, tutulmuş və ya həbsə alınmış şəxsin yaxın qohumlarına, onun tələbi ilə iş və ya təhsil yerinə tutulması və ya həbsə alınması barədə təxirəsalınmadan məlumat verməlidir;

6) tutulmuş və ya həbsə alınmış şəxsin tələbi ilə onun müdafiəçinin köməyindən istifadə etmək hüququnu təmin etməlidir;

7) tutulmuş və ya həbsə alınmış şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmalı, qadınlara, yetkinlik yaşına çatmayanlara, qocalara, xəstələrə və əlillərə xüsusi diqqət yetirməlidir;

8) Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş tutulma və ya həbsəalma müddətlərinə riayət etməli, bu müddətlər keçənədək tutulan və ya həbsə alınan şəxsi, onun tutulmasının və ya həbsə alınmasının qanuniliyini müəyyənləşdirmək üçun hakimin yanına gətirməlidir;

9) 3 saatdan artıq müddətə tutulmuş və ya həbsə alınmış şəxs barədə onun tutulmasından və ya həbsə alınmasından 24 saat keçənədək hakimə yazılı məlumat verməlidir;

10) məhkəmənin (hakimin) qərarına əsasən, habelə, tutulma və ya həbsəalma müddətləri keçəndən sonra tutulan və ya həbsə alınan şəxsi dərhal azad etməlidir.

I. Polis əməkdaşı şəxsin azadlıq hüququnu hakimin qərarına əsasən, tutulma və həbsəalma yolu ilə yalnız aşağıdakı hallarda məhdudlaşdıra bilər:

1) cinayət və ya inzibati hüquqpozma törədilməsində şübhəli olduqda, yaxud cinayət və ya inzibati hüquqpozma törətməsinə görə həbs olunduqda;

2) yetkinlik yaşına çatmamış şəxs üzərində tərbiyəvi nəzarət həyata keçirildikdə və ya səlahiyyətli orqana gətirildikdə;

3) yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındıqda, habelə, ruhi xəstələr, alkoqoliklər, narkomanlar və avaralıqla məşğul olanlar zərərsizləşdirildikdə;

4) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısı alındıqda və ya şəxs ölkədən çıxarıldıqda, yaxud başqa dövlətə verildikdə;

5) təqsirləndirilən şəxsin, cavabdehin, şahidin məhkəmə iclasına gəlməsini təmin etdikdə, atalığın müəyyənləşdirilməsi üçün test keçirildikdə, psixi müayinə aparıldıqda və ya hər hansı öhdəliyin yerinə yetirilməsi (müqavilə öhdəlikləri istisna olmaqla) təmin edildikdə.

II. Polis əməkdaşı hər hansı şəxsi o vaxt tuta və ya həbsə ala bilər ki, məhkəmənin (hakimin) qərarında, məhz həmin şəxsin azadlıq hüququnun məhdudlaşdırılması nəzərdə tutulsun.

III. Polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin) qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına 48 saatdan artıq olmayan müddətə yalnız aşağıdakı hallarda yol verilə bilər:

1) şəxs cinayət və ya inzibati hüquqpozma törədərkən, yaxud törətdikdən, bilavasitə sonra yaxalandıqda;

2) hadisəni, bilavasitə görənlər, o cümlədən, zərər çəkmiş şəxslər məhz həmin şəxsin cinayət və ya inzibati hüquqpozma törətdiyini göstərdikdə;

3) şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində cinayətin və ya inzibati hüquqpozmanın izləri tapıldıqda.

IV. Cinayət və ya inzibati hüquqpozma törədilməsi ilə əlaqədar tutulmuş və ya həbsə alınmış şəxsin, onun məsələsinə tezliklə məhkəmədə baxılmasını tələb etmək hüququ vardır.

V. Şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

I. Bu Qanunun 21-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılma müddəti yalnız qanunla müəyyənləşdirilir.

II. Bu Qanunun 21-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hallarda hər hansı şəxsin azadlıq hüququnun məhdudlaşdırılması müddətləri inzibati hüquqpozmanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikasının inzibati hüquqpozmalar haqqında qanunvericiliyi ilə, cinayətin törədilməsi ilə əlaqədar isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyənləşdirilir.

I. Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və mənzilə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda yol verilir:

1) hakimin qərarı olduqda;

2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

II. Hakimin qərarı olmadan polis əməkdaşı mənzilə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olduğu barədə dəqiq məlumatı və ya əsaslı şübhələri olduğu halda daxil ola bilər:

1) mənzildə şəxsiyyət əleyhinə ağır cinayətin və ya xüsusi təhlükəli dövləti cinayətin törədilməsi;

2) cinayət törətmiş, həbsdən və ya azadlıqdan məhrumetmə yerlərindən qaçmış şəxsin həmin mənzildə gizlənməsi;

3) cinayət törətmiş şəxsin, bilavasitə "isti izlərlə" təqib edilməsi;

4) mənzildə insan meyitinin olması;

5) mənzildə insan həyatı və ya sağlamlığı üçün real təhlükənin olması, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, cinayət məsuliyyətinə səbəb ola bilən əxlaqsız hərəkətlərin edilməsi.

III. Məhkəmənin (hakimin) qərarı və ya bu maddənin 1 və 2-ci hissələrində göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.

IV. Bu maddənin 2-ci hissəsinin əsasında mənzilə, orada yaşayanların iradəsi ziddinə, daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verilməlidir.

V. Bu maddənin müddəaları fiziki və ya hüquqi şəxslərə məxsus qeyri-yaşayış binalarına, tikililərə, torpaq sahələrinə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər obyektlərinə daxilolma hallarına da şamil edilir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər