MİA

  • 4 175

Qərbdə insan haqları və ingilis millətçiliyi

image

Qərbdə obyektiv dərrakədən subyektiv dərrəkayə keçidi təsadüfi hesab etmirlər. Səbəb kimi isə, əsasən, bunu qeyd edirlər: zəminləri dözmədiyindən obyektivist fəlsəfə çökmüşdür. Hazırda, onun fikrincə, nə "xidmətdə duran fəlsəfə"yə çevrilmiş fəlsəfəni, nə də reallığı əks etdirmək iqtidarında olmayan incəsənəti xilas etmək mümkün deyil. Onlar haqlı olaraq göstərirlər ki, bir vaxtlar incəsənət, ədəbiyyat, fəlsəfə güc qoyurdular ki, varlıqların və həyatın özünün mənasını ifadə etsinlər, onların sükutunu səsləndirsinlər, təbiətə bir orqan versinlər ki, onun iztirabları anlaşılsın. Bu, reallığı öz adı ilə çağırmaq imkanı verirdi. Filologiya elmləri doktoru Ə.Abbasov yazır: "Bu gün təbiətin əlindən onun özünün danışmaq qabiliyyəti alınıb. Bir vaxtlar insanlar inanırdılar ki, hər bir ifadə, söz, nalə və jest daxili məna ilə zəngin və dolğundur, bu gün isə, onlar keçici şəraitlə izah və qəbul olunur. Elm, taleyüklü problemlər barədə susaraq, nəinki fəlsəfənin xarabalıqları üzərində şadyanalıq edir, həmçinin, şeytani qüvvələrə xidmət etməyə hazırlaşıb.

Horkhaymerin gəldiyi nəticələr ürəkaçan deyil:

1. Təbiət - insan əlində adi alətdir, obyektivist məqsədin olmadığı şəraitdə heç bir hədd bilməyən istismarın obyektidir.

2. Müəyyən qrup maraqlarına xidmət etməyən təfəkkür xeyirsiz və səmərəsiz sayılır.

3. Bu cür əqli deqradasiya hakimiyyət-iqtidar sahiblərini tamamilə qane edir; əhliləşdirilmiş "mütəfəkkir"lərin köməyilə kapital və əmək bazarına nəzarət edib, idarəçilik həyata keçirmək əlverişlidir.

4. Kütləvi mədəniyyət, elə həyat tərzi aşılayır ki, onu qəbul edib sözdə alqışlayanların özləri bu həyat tərzinə nifrət edirlər.

5. Fəhlələrin məhsuldar qabiliyyəti texniki tələblərə tabe etdirilib, şəhər hakimiyyəti isə standartları öz istədiyi kimi müəyyənləşdirir.

6. Sənaye fəaliyyətinin ilahiləşdirilməsi sərhəd tanımır; fəaliyyətsizlik (asudə) vaxtı qüvvənin bərpasına lazım olan vaxtı keçməməlidir.

7. "Məhsuldarlığın" əhəmiyyəti ümumi zərurətlə yox, hakim strukturların nöqteyi-nəzərilə müəyyənləşən "xeyir"lə uzlaşmalıdır.

Belə situasiyada, filosofa görə, əqlin bəşəriyyətə təklif etdiyi səmərəli qulluq ondan ibarət ola bilər ki, zəfər çalan əql-dərrakə ifşa olunsun. Həqiqi mənada, epoxanı o insanlar təmsil edirlər ki, cəhənnəm odunda alışıb-yanıblar, zülm-zillət çəkiblər və, istər-istəməz, cəlladlarla qeyri-bərəbər mübarizədə deqradasiyaya uğrayıblar". Belə adamlar pop-mədəniyyət qanunlarına uyğun şişirdilmiş personaclara ən az oxşayanlardır. Bu adsız-sansız insanlar Tanrı işığına can atan bəşəriyyətin simvolu olublar. "Fəlsəfənin vəzifəsi - bütün bunları sözlərin dilinə çevirməkdir ki, insanlar tiraniyanın sükuta döndərdiyi səsləri eşidə bilsinlər".

M.Horkhaymerin fikirlərilə, bütovlükdə razılaşmaq olar, lakin onun mülahizələrində mübahisəli məqamlar da az deyil. Biz qətiyyən hesab edə bilmərik ki, zəminlərinin dözümsüzlüyündən obyektivist fəlsəfə çökmüş və bu səbəbdən də, subyektiv (subyektivist) əql-dərrakə hakim mövqe əldə etmişdir. Əsla yox, obyektivist fəlsəfə heç vaxt çökməmiş və indinin özündə də onun zəminləri olduqca qüdrətli, məhsuldar və gələcək üçün perspektivlidir. Hegel fəlsəfəsinin nümunəsində biz bunu dərindən əsaslandırmağa çalışmışıq. O başqa məsələdir ki, obyektivist fəlsəfədən, xüsusən də, Hegel fəlsəfəsindən və onun ayrı-ayrı problematik xarakterli hissələrindən müxtəlif ideya-siyasi və fəlsəfi cərəyan daşıyıcıları müxtəlif cür və özlərinin maraqları istiqamətində istifadə ediblər. Məsələn, marksizm Hegelin yaradıcılığında möhtəşəm qoyuluşunu və həlletmə istiqamətini tapmış ağa-qul problkmatikasından, demək olar ki, gen-bol istifadə etmiş, hətta bir "istinad nöqtəsi" kimi böyük mütəfəkkirin yaradıcılığını kommunizmin yaradılması yolunda tam istismara məruz qoymuşdur. Hegelin fəlsəfəsi varlıqların, dünyanın, həyatın mənasını, məhz Mütləq Ruhun özünüifadəsində obyektivləşən idraki fəzada açıqlamış və bu axarda da hüquq, azadlıq, ədalət və s. məsələlərə dərindən və sistemli surətdə nəzər-diqqət yetirmişdir. Sol totalitarist nəzəriyyələrə alternativ olan sağ totalitarist nəzəriyyələr, xüsusən də, Fridrix Nitsşenin timsalında, həmin ağa-qul problematikasına tam başqa, marksizmdən fərqli mövqedən yanaşmış və özlərinə məxsus formada dövlət və cəmiyyət quruluşu ilə bağlı məsələləri, azadlıq və müstəqillik, ədalət və bərəbərlik fenomenlərinə münasibət bildirmişlər. Bildiyimiz kimi, hər iki alternativ - həm sol totalitarizm, həm də sağ totalitarizm bir nəzəriyyə, siyasi doktrina səviyyəsini aşaraq, artıq XX əsrdə ictimai praltika kimi özlərini göstərmiş və yekunda iflasa uğramışlar. Tarixi zaman baxımdan, hər ikisinin də ömrü kifayət qədər qısa olmuşdur.

Müəllif göstərir ki, uzunömürlülük baxımından, həm də müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər nöqteyi-nəzərindən Qərb liberalizmi tarixin sınağından daha uğurla çıxmış və bu gün də öz üstünlüyünü saxlamaq istəyindədir, baxmayaraq ki, ciddi problemlərlə üzləşmiş və əməlli-başlı böhran keçirməkdədir. Bu böhranın da başlıca səbəbləri ruhi-mənəvi amillərlə bağlıdır.

Alman filosofu və tarixçisi Osvald Şpenqler Qərbi Avropa mədəniyyətinin süquta uğrayaraq böhranlı, dramatizmlərlə dolu sivilizasiya fazasına daxil olduğunu öncədən söyləyənlərdən biri olmuşdur. O, "Avropanın qürubu" əsərində göstərir ki, artıq yenilik işığında, yüksək bədii və metafizik məhsuldarlıqdan məhrum olan təmiz ekspansionist fəaliyyət əsri başlamış, çılpaq texnisizm hökmranlığa keçmişdir. Şpenqlerə görə, xarici ekspansiya bütün xalqlar üçün əhəmiyyətli olan iki imperialistik formada təzahür edir - ingilis liberalizmində və alman sosializmində; dövlətlərdə birləşmiş köhnə millətlər əvəzinə, yeni dünya nəhəngləri - dövlətləri yaranır ki, bunlarla müqayisədə başqa ölkələr əyalət rolunda çıxış edir. Dünya hökmranlığı uğrunda müharibələr aparılır ki, həqiqi mədəniyyəti mənasızlaşdırır. Nəticə: çoxmilyonlu şəhərlər və ümumi kütləviləşmə; mədəni təsisatların və fenomenlərin psevdo elmləşdirilməsi; insanın və dünyanın maşınizasiyası; bəşəriyyətin banklara tabe etdirilməsi. Şpenqler, demək olar ki, çox da uzaq olmayan gələcəyin sosial-siyasi, mənəvi-psixoloji formalarını və durumlarını irəlicədən görmüşdür. 1920-ci ildə yazdığı "Prussiyaçılıq və sosializm" kitabında, o, Prussiya dövlətini yüksək qiymətləndirərək, qeyd edir ki, burada "idarəetmə - qulluq, məsuliyyətli siyasətçi isə məmur idi, tama xidmət edirdi".

O.Şpenqler ingilis liberalizminə qarşı müxalif mövqedən çıxış etmiş və onu alverçi ruhun ifadəsi kimi qiymətləndirmişdir. Qeyd edək ki, biz anqlosakson ənənəsi dedikdə, burada ingilis liberalizminə xeyli "pay" düşdüyünü nəzərdə tuturuq, ancaq, eyni zamanda, ABŞ-ın nəzəri-praktiki təcrübəsinin də, bu mənada, mühüm və xüsusi rola malik olmasını yaddan çıxarmırıq. Onu da vurğulayaq ki, O.Şpenqler heç vaxt şovinist mövqeli filosof-tarixçi olmayıb. O, yalnız davamlı olaraq, Almaniyanın milli dirçəlişi uğrunda çalışıb. Bu cəhdində də, o, ingilis liberalizminin yeni dövr siyasi fəlsəfəsinin son paradiqması rolunda çıxış etməsi fikrini yanlış qənaət sayıb. Ümumən götürdükdə, Şpenqlerin yaradıcılığı, nəinki ingilis liberalizminə, bütövlükdə anqlosakson millətçiliyinə ziddir.

Filologiya elmləri doktoru Ə.Abbasov haşiyə çıxaraq qeyd edir ki, anqlosakson millətçiliyinin təməlində, ilkin məzmun-mahiyyət tutumunda ingilis millətçiliyi dayanır. İngilis millətçiliyi ilk protestant müharibələri zamanı ictimai qarışıqlarla, vətəndaş müharibəsi və radikal kalvinist islahatlarla parçalanmış icmanın vahidliyini saxlamaq aləti kimi Oliver Kromvel dövründə yaranmışdır. (Kalvinizm - əsası C.Kalvin tərəfindən qoyulmuş protestant cərəyandır. O, Cenevrədən Fransaya (quqenotlar), Niderlanda, Şotlandiyaya və İngiltərəyə (puritanlar) yayılmışdır. Kalvinizm təsiri altında XVI əsrdə Niderlandda və XVII əsrdə İngiltərədə inqilablar baş vermişdir). İngilis millətçiliyi müasirlik ruhuna cavab verirdi və mahiyyəti etibarilə liberal idi. O, burjua cəmiyyətinin konsolidasiyası aləti kimi formalaşır və burjua dövlətinin əxlaqi-mənəvi dayanıqlığını təmin etmək məqsədi daşıyır.

İngilis millətçiliyi nə individualizmə, nə də fritreyderçiliyə qarşıdır, onları tamamlayır, müdafiə edir. (Friderçilik ingilis "free" - "azad" və "trade" - "ticarət" söz birləşməsi olaraq, ticarətin bütün təzyiq-məhdudlaşdırıcı faktorlarda (dövlət, cəmiyyət, etika, estetika və s.) maksimuın azadlığını ifadə edən liberal prinsipdir).

Gördüyümüz kimi, ingilis millətçiliyi mahiyyəti etibarilə liberal səciyyə daşısa da, əvvəlcədən özünü etik, yəni ümumbəşəri, mütləq ruhun tələblərindən irəli gələn əxlaqi qanunlardan kənarda saxlayır. Dövlətin dayanıqlığı üçün işə saldığı "əxlaq" qaydaları isə, sadəcə olaraq, Şpenqlerin təbirincə desək, alış-veriş, ticarət liberalizminin bariz nümunəsidir. Bu "əxlaq"da Hegelin hüquq fəlsəfəsində açıqladığı azadlıqdan və ədalətdən əsər-əlamət yoxdur.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər