MİA

  • 4 227

Avropa İnsan Hüquqları Konvensiyası və müstəqil dövlətlərdə insan haqları

image

1998-ci ildə ölüm cəzasının ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilmişdir. 10 fevral 1998-ci il tarixli "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə respublikamızda ölüm cəzası ləğv edilmişdir. Ölüm cəzasının ləğvi Azərbaycanda ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, insan ləyaqətinə hörmət və ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirir və xalqımızda nikbin gələcəyə inam yaradır.

Vəfaddin İbayev yazır: "Konvensiyanın 15-ci maddəsinə müvafiq olaraq, başqa hüquqlara münasibətdə müharibə və ya millətin həyatını təhlükədə qoyan sair fövqəladə vəziyyət şəraitində geri çəkilməyə yol verildiyi halda, 2-ci maddə və 6 №-li protokolun müddəalarını yerinə yetirməkdən geri çəkilməyə yol verilmir. Hazırda Avropa Şurası müharibə vaxtında da ölüm cəzasının ləğv edilməsini doğru addımlar hesab edir.

Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndində mütləq zərurətlə əlaqədar güc tətbiq edilməsi nəticəsində həyatdan məhrumetmənin həmin maddənin pozulması kimi qiymətləndirilməyən aşağıdakı hallar nəzərdə tutulmuşdur:

a) hər hansı şəxsin qanunsuz zorakılıqdan mühafizəsi üçün;

b) qanuni həbsin (həyata keçirilməsi) və ya qanuni əsaslarla tutulub saxlanmış şəxsin qaçmasının qarşısının alınması üçün;

c) iğtişaşın və ya qiyamın qanunauyğun surətdə yatırılması üçün.

Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinin IV hissəsində "qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla" insana qarşı silah işlədilməsinə yol verilmir".

İğtişaşın və qiyamın qanunauyğun surətdə yatırılması üçün gücün tətbiq edilməsi ilə əlaqədar həyatdan məhrumolma hallarına daha çox təsadüf olunduğundan, bununla bağlı verilən şikayətlərin sayı da çox olmuşdur. Həmin şikayətlərlə əlaqədar Məhkəmə Konvensiya müddəalarının pozulması faktını təsdiq etməklə yanaşı, bəzi şikayətlər üzrə qərarlarında gücün qanuni tətbiq olunmasını da təsdiq etmişdir. Məsələn, bu cür hadisələr zamanı rezin güllələr və Si-Es qazının iştifadə edilməsi "mütləq zərurət" kimi qiymətləndirilmişdir.

Müəllifin fikrincə, Avropa Konvensiyasının 3-cü maddəsində göstərilir ki, "heç kəs işgəncələrə və qeyri-insani rəftara və ləyaqəti alçaldan cəzaya məruz qalmamalıdır."

Məhkəmə bu üç anlayışı aşağıdakı kimi fərqləndirmişdir:

1. İşgəncə: ciddi və kəskin əzab doğuran, qəsdən törədilmiş qeyri-insani rəftardır;

2. Qeyri-insani rəftar: güclü fiziki və mənəvi əzab yetirmədir;

3. Ləyaqəti alçaldan rəftar: cinayət qurbanının qorxu hissi, ağrılar və onu alçalda, rüsvay edə və onun fiziki və ya mənəvi gücünü tükədən və iradəsini qıra bilən natamamlıq hissi yaratmağa yönəlmiş pis rəftardır.

İnsan hüququ probleminə aid ilk beynəlxalq hüquqi sənədlər XIX əsrin əvvəllərində qəbul edilmiş, onlardan biri də köləliyə aid sənəd olmuşdur. "İnsan hüquqları haqqında" Ümumi Bəyannamənin 4-cü maddəsi "heç kəs köləlikdə, yaxud asılılıqda saxlanmamalıdır; quldarlıq və qul alverinin bütün növləri qadağandır" müddəasını nəzərdə tutur.

Konvensiyada kölə və ya qeyri-iradi vəziyyət anlayışı verilmir. Eyni zamanda, ora "məcburi və icbari əməyə cəlb etmə"nin qadağan olunması da əlavə edilir. Kölə anlayışı 1926-cı il köləlik haqqında konvensiyada verilmişdir. Qeyri-iradi vəziyyət başqasının əməyinin istismarının daha az ekstrimal formasıdır. Bura təhkimçilik, borc asılılığı, arvadların əmlak kimi köləliyə satılması və s. daxildir. Bu cür adətlər artıq mövcud deyildir. Lakin uşaqların iş üçün icarəyə verilməsi bu cür qadağanın təsiri altına düşə bilər. Qeyri-iradi vəziyyət insanın yayına bilmədiyi və ya ləğv edə bilmədiyi iş şəraitini ehtiva edir. Komissiya öz qərarlarında izah etmişdir ki, "köləlik" və ya "qeyri-iradi vəziyyət" terminləri məhkumların olduğu şəraitə tətbiq olunmur.

Konvensiyanın nəzarət mexanizmi tərəfindən məcburi və ya icbari əmək anlayışları heç vaxt verilməmişdir. Komissiya bu barədə müraciətlə əlaqədar BƏT-in 105 №-li Konvensiyasında məcburi əməyin müəyyən edilmiş beş kateqoriyası ilə razılaşmış və onlara istinad etmişdir: məcburi və ya icbari əmək anlayışları arasında fərq bu öhdəlikləri dövlət və ya fərdi şəxs tərəfindən qoyulmasındadır.

Konvensiyanın 5-ci maddəsi hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququnu nəzərdə tutur. Lakin bu hüquq mütləq xarakter daşıya bilməz. Ona görə də 1-ci bənd azadlıqdan məhrum edilməyə yol verilən halların və qaydaların siyahısını da nəzərdə tutur. Bununla belə, 5-ci maddənin 2-5-ci bəndləri azadlıqdan məhrum edilmiş şəxsin əsassız həbsdən mühafizəsinin prosedur qaydalarını da nəzərdə tutur.

V.İbayev yazır: "5-ci maddənin məzmunu ilə tam tanış olduqda, belə bir təsəvvür yaranır ki, orada şəxsiyyət azadlığı, şəxsi toxunulmazlıq prinsipinə nisbətən daha yaxşı ifadə olunmuşdur. Errousmitin Birləşmiş Krallığa Qarşı İşi (12.10.78.) üzrə Komissiyanın məruzəsində isə azadlıq və toxunulmazlıq hüququ bərabərləşdirilir: "Şəxsi toxunulmazlıq hüququ özündə ayrı-ayrı şəxslərin yalnız qanunda nəzərdə tutulmuş əsaslara və prosedura müvafiq olaraq, həbs olunacağı və tutulacağına təminatını əks etdirir."

5-ci maddənin əsas məzmununu təşkil edən "qanuni" anlayışı iki termini əhatə edir. Birinci "qanunla müəyyən edilmiş" terminidir ki, əsasən, prosessual məsələləri əhatə edir. İkincisi, qanunun tələbindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədardır.

Avstriya Məhkəməsi Malonun işi üzrə qərarında qanuniliyi təfsir edərkən, göstərmişdir ki, qanun təkcə yazılı olan hüquqdan deyil, həm də yazılmayan hüquqlardan ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən isə, yazılmayan qanunlar əsas götürülə bilməz.

5-ci maddədə azadlıqdan məhrum edilməyə yol verilən 6 kateqoriya nəzərdə tutulmuşdur. Bunlar aşağıdakılardır:

a) səlahiyyətli məhkəmə tərəfindəni şəxsin təqsirli bilinməsi əsasında onun qanuni olaraq tutulub saxlanılması;

b) şəxsin məhkəmənin qanuni qərarını yerinə yetirməməsinə görə və ya qanunla nəzərdə tutulan hər hansı vəzifəni yerinə yetirməsinin təmini məqsədilə qanuni həbs olunması və ya tutulub saxlanılması;

ç) şəxsin hüquq pozuntusu törətməkdə əsaslandırılmış şübhə üzrə səlahiyyətli məhkəmə orqanı qarşısında dayanması ilə əlaqədar və ya onun törətdiyi hüquq pozuntusunun qarşısının alınmasının zəruriliyinə güman etməyə, yaxud onu törətdikdən sonra gizlənməsinə mane olmağa əsaslar olduğu halda, qanuni həbs olunması və ya tutulub saxlanması;

c) həddi-büluğa çatmayan şəxsin tərbiyəvi nəzarət üçün qanuni qərar əsasında və ya onun səlahiyyətli orqanı qarşısında dayanmasından ötrü qanuni surətdə tutulub saxlanması;

d) şəxsin yoluxucu xəstəlikləri yaymasının qarşısını almaq məqsədilə, habelə, ruhi xəstələrin, alkoqoliklərin və ya avaraların qanuni sürətdə tutulub saxlanılması. Bu bənddə nəzərdə tutulmuş "ruhi xəstə", "avara" və "alkoqol" terminlərinin müəyyən edilməsində məhkəmə milli qanunvericiliyə istinad edilməsini əsas tutur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər