MİA

  • 6 086

Ənənəvi, müasir dəyərlər və insan haqları

image

Demokratik sistemlər, cəmiyyət daxilindəki xüsusiyyətləri, mənafeləri və baxışları bir-birindən fərqli qrupların mövcudluğunu qəbul edir və bu mübahisəli mənafe və baxışların hüquqi vasitələrlə ifadə olunmasını və müdafiə edilməsini təmin etməyə çalışırlar. Cəmiyyətdə müəyyən bir konsensus yalnız belə mübahisə və müzakirələrin nəticəsində formalaşır. Bütün demokratik sistemlərdə idarə edənlərin ictimai rəyə əhəmiyyət verdikləri, onun sərbəst formalaşmasına imkan yaradıldığı və müxtəlif amillərin təsiri altında formalaşan ictimai rəyin idarə edənlərin qərarlarına təsir göstərdiyi məlumdur.

Fəlsəfə elmləri doktoru Ə.Abbasov yazır: "Müasir dünyanın çoxşaxəli və getdikcə dərinləşən böhranı, bəşəriyyətin mövcudluğuna ciddi təhlükə yaradan problemlər, beynəlxalq münasibətlərdə ortaya çıxan ziddiyyətlərin hədsiz dərəcədə şiddətlənməsi, insan varlığına və xalqların gələcəyinə qənim kəsilmiş təhdidlər, danılmaz faktlar kimi, hamını narahat etməkdə və düşündürməkdədir. Bir çox alim-mütəxəssislər, siyasi və ictimai xadimlər, dövlət rəsmiləri, ekspert-analitiklər yaranmış bəşəri vəziyyətlə bağlı öz fikir və təkliflərini bildirməyə çalışsalar da, ortada yekdil qənaət, ümumi məxrəcə gəlmə, bir-birini səmimi anlama və qarşılıqlı razılaşma yoxdur. Müəyyən mənada, bu da təbiidir, belə ki, açıq-aşkar ziddiyyətlərlə, qarşıdurmalarla zəngin olan gerçəkliyin inikası üzərində qaynaqlanan baxışlar da, müxtəlif məsələlərə münasibət də, mövcud reallıqlara müvafiq surətdə, ziddiyyət və əksliklərlə səciyyələnməlidir. Bu səciyyə bu gün də qalmaqdadır. Lakin aydındır ki, belə vəziyyət qaneedici ola bilməz və onun uzunmüddətli davamı xoşagəlməz, hətta fəlakətli nəticələrə aparıb çıxarar. Böyük mütəfəkkir Konfutsi demişkən, fikir müxtəlifliyi vacibdir, ancaq müxtəliflik vasitəsilə vahidliyi, ümumi qənaəti əldə etmək daha da zəruridir. Son həqiqətə qətiyyən iddia etməyən, yalnız müəllifin daxili intellektual inamına söykənən aşağıdakı mülahizələr də, məhz həmin zərurətin ödənilməsinə bir xidmət məqsədilə hörmətli oxuculara təqdim olunur".

Müəllifin fikrincə, əsasən və başlıca olaraq ənənəvi və həmişə müasir olan problemləri nəzərdə tuturam ki, tarix boyu fəlsəfi refleksiyanın gündəliyində olub. Bəzən bunları metafizik problemlər də adlandırırlar. İnsan həyatının mənası, onun ruhi aləmi, dünyada insanın yeri, sosiallaşma müstəvisində insan azadlığı, həqiqət və azadlıq, bəşəriyyətin məqsədi və bu məqsədin Tanrı Yoluna uyğunluğu, sosial davranışın məntiqi və onun ilahi tələblərə müvafiqliyi, dünyanın bütövlük kimi qavranılması, şəxsi seçimin obyektiv əsası və mümkünlüyü, dünyada və cəmiyyətdə sosial ədalət məsələsi, ideya-siyasi cərəyanlar və ilahi hökm, din və ideologiya, dünyagörüşündə (qlobal və lokal mənada) ictimai-faydalı əməyin yeri və rolu, texniki-texnoloji inkişaf və insanın təkamülü, tarixi və sosial zamanda insanın kamilləşməsi (və əksinə - deqradasiyası) - bütün bu qeyd etdiyim problemlər həmin qəbildəndir və onların münasibət bildirmək istədiyim əsas mövzunun həllinə, bilavasitə dəxli var. Şübhəsiz ki, onların sayını artırmaq da olar, ancaq məsələnin məğzi heç də sayda, hansısa cəbri hesablama və yanaşmada deyil.

Başlıca narahatçılıq ondan ibarətdir ki, gündəlik həyatla mübarizədə müasir insan bu problemlər haqqında düşünməyi vacib bilmir, onlara yaxın durmaq əvəzinə "mənlik deyil" deyimini rəhbər tutaraq, taleyüklü məsələlərdən daha da uzaqlaşır, bəlkə də, məqsədyönlü surətdə uzaqlaşdırılır. Beləliklə də, onun həqiqətlə münasibətində yadlaşma artır və get-gedə daha böyük sürətlə artan qayğı və problemlərinin təməlində dayanan başlıca fenomenlərin vacibliyini və mahiyyətini anlamır. Nəticədə, onun üçün "keçici olan dünya"da elə keçici də həyat sürür - özgələşə-özgələşə, ifrat istehlakçı durumunda boğula-boğula, ailə-məişət qayğıları ilə yüklənə-yüklənə, müxtəlif siyasi dairələrin, məkrli qüvvələrin manipulyasiya vasitəsinə çevrilə-çevrilə. O, Azadlıq, Ədalət, Bərabərlik barədə söz düşəndə, ən yaxşı halda, başqalarının fikir və mülahizələrini ortaya qoyur, konyuktur xarakterli "həqiqət"in tərəfdarı və dəstəkvericisi olur. Yeri gəlmişkən, İsa peyğəmbər deyərmiş: "Həqiqəti dərk et və sən azad olacaqsan!"

Tam qabarıqlığı ilə görürük ki, müasir insan (hətta inkişaf etmiş ən qabaqcıl ölkədə) idraki-ruhi, mənəvi statusunda ciddi səfalətə, deqradasiyaya yuvarlanır, özü də xeyli dərəcədə - öz əli, özünün köməyi ilə. O, bəlkə də, mənəvi cəhətdən istila olunduğunu, zorakılığa məruz qaldığını və yaxud hansı növ psixi istismara tabe edildiyini anlamır. Belə vəziyyət isə merkantil, supermaterialist maraqlarını həyata keçirən dünya ağalarının, qlobal miqyasda istismarı, rəzaləti, haqsızlığı, əxlaqi destruksiyanı kütləviləşdirməyə can atan, bəşəriyyəti daxildən parçalayan, insanları və xalqları bildikləri kimi çeşidləyən, aşağı-yuxarı kateqoriyalara bölən, milli dövlətlərdə hakimiyyətlə vətəndaşlar arasında kövrəklik-qərarsızlıq yaradan, etimadsızlıq və qarşılıqlı nifrət toxumu səpən mənfur qüvvələrin əl-qolunu daha da açır, qlobal miqyasda yalana, uydurmalara, qondarma və ziyanlı "dəyər"lərə rəvac verir. Son onilliklər ərzində islamın, faktiki olaraq, terrorla eyniləşdirilməsi, "islam fundamentalizmi" fobiyası yaratmaqla müsəlman xalqlarını qınaq obyektinə çevirmək cəhdi də deyilənlərin əyani sübutudur. İnsanlığa və insaniliyə qarşı olan məqsəd və mənafelər naminə çoxçeşidli vasitələrdən, o cümlədən, ideoloji silahdan istifadə olunur. Bu yolda "idarəolunan xaos" nəzəriyyəsindən tutmuş "insan haqları, liberal dəyərlər, gender bərəbərliyi uğrunda mübarizə" kimi tezislər işə salınır, intellekt, əxlaq, abır-həya cəhətdən kasad adamlara qrantlar verilir, onlar üçün mərkəzlər, QHT-lər, təsir şəbəkələri yaradılır, populyarlıq və saxta nüfuz formalaşdırılır.

Ə.Abbasov yazır: "Ən ağlasığmaz, absurd şey odur ki, liberal dəyərlərə sadiqliyi nümayiş etdirmək naminə, kimlərinsə gözündə sivil və demokratik görünmək xatirinə elə milli dövlətlər tərəfindən bu adamlara - dəyərlərdən sui-istifadə ustalarına və onların fəaliyyətinə əməlli-başlı dözümlülük göstərilir, hətta bəzən dəstək də verilir. Bütün bunları deməklə, qətiyyən hüquq və azadlıqlar, sosial ədalət, qanunçuluq uğrunda vicdanlı, təmənnasız mübarizə aparan azsaylı fədakarları nəzərdə tutmuram. Onlar, ilk növbədə, səmimi təşəkkürə və hörmətə layiqdirlər. Haqlar uğrunda həqiqi mübarizə həmişə təmənnasız olur!

Maliyyə-sələmçi kapitalizmin aparıcı təmsilçiləri olan transmilli korporasiya və bankların, onların gizli-açıq mafiya şəbəkələrinin durmadan həyata keçirdikləri bəşəri qəbahətlər, nəinki müsəlmanlara, bütün dünyaya fəlakətlə nəticələnə biləcək təhlükə yaratmaqdadır. Biz artıq Qərb dünyasının özündə, ABŞ və aparıcı Avropa ölkələrində insan və cəmiyyətin deqradasiyaya uğradığının, mədəniyyətlərarası qarşıdurmaların, radikalizm meyillərinin artdığının şahidi oluruq. Bu danılmaz faktı onların öz alimləri, tanınmış şəxsiyyətləri də ürək ağrısı ilə etiraf etməkdədirlər". Dünya miqyasında məşhur olan mütəxəssislərin yazılarında "fəlakətin qabağını almaq naminə" mülahizələr irəli sürülür və çıxış yolları göstərilir. S.Hantinqton, məsələn, müasir ABŞ-da dezinteqrasiya prosesləri nəticəsində, hətta amerikan identikliyinin ciddi təhlükə altında olduğunu söyləmiş və bu mövzu ilə bağlı 2004-cü ildə ''Biz kimik? - Amerika milli identikliyinə təhdidlər" başlıqlı böyük həcmli xüsusi kitabla çıxış etmişdir. Vaxtilə ABŞ-ın iki prezidentinin (Nikson və Reyqanın) müşaviri işləmiş, 1992-ci və 1996-cı illərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmuş Patrik Con Byükenen 2002-ci ildə yazdığı "Qərbin ölümü" kitabının adı da çox şeydən xəbər verir. Əsərin elə giriş hissəsinin başlanğıcında müəllif yazır: 2000-ci ilin bütün seçki kampaniyası boyunca bir çox adamlardan tez-tez bu dərdli-qəmli cümləni eşidirdim: "Pat, biz doğulduğumuz ölkəni itiririk".

Bu kitabda artıq tam açıqlıqla, gur səslə mövcud vəziyyətdən narahatçılıq və mümkün ola biləcək fəlakətdən ehtiyatlanma həqda xəbərdarlıq edilir və həyacan təbili çalınır. D.Neysbitin 1982-ci ildə yazdığı və beynəlxalq etiraf qazanmış nikbin ruhlu, gələcəyə inam dolu "Meqatrendlər" adlı futuroloji əsəri-bestselleri ilə müqayisədə bu faciəqoxulu, bədbin ovqatlı əsər, hər şeydən əlavə, dünyanın ən güclü və qüdrətli ölkəsi olan ABŞ-da, inkişaf etmiş ölkələr sayılan Qərbi Avropa ölkələrində ictimai və fərdi şüurda, cəmiyyətin durumunda, insan psixikasında baş verən və heç də ürək açmayan ciddi dəyişiklərin, mənfi meyillərin mövcudluğunu göstərir. Fəsillərin necə adlandırılmasına diqqət yetirin: "İtən növ", "Bu uşaqlar hara yox oldu?", "Keçmişə qarşı müharibə" "Amerikanın dexristianlaşması", "Qorxudulmuş çoxluq", "Öz içindən parçalanmış ev" və s.

Əxlaqın, mənəviyyatın, insani əlaqələrin, sosial davranış qaydalarının, ənənəvi ictimai normaların, sosial institutların, o cümlədən ailənin Amerikada sürətli deqradasiyasından yazan P.Byükenen bu proseslərdə dinə (xristianlığa) və dini təhsilə, təlim-tərbiyəyə göstərilən mənfi münasibətin də rolunu xüsusi qeyd edir. O yazır: "Bütövlükdə, Amerika xristian ölkəsi olaraq qalsa da, onun ictimai institutları və kütləvi mədəniyyəti artıq çoxdan və tamamilə dexristianlaşdırılıb". "Bu gün xristianlıq məktəblərdə yoxsul qohum vəziyyətindədir. İnqilabın növbəti təntənəsi – bu, nə qədər uzunmüddətlidir?" Byükenenə görə, respublikaçıların zəif müqaviməti ucbatından demokratlar tərəfindən (Ali Məhkəmə vasitəsilə) cəmiyyətə yeridilmiş "sekulyar humanizm" öz-özlüyündə dindir - Amerika elitasının dini. Beləliklə, onun fikrincə, xristianlar mübariz azlıq tərəfindən məğlub edilib və bu azlıq hər addımbaşı, yeri gəldi-gəlmədi, "insan haqları" "vətəndaş hüquqları" kimi dəbdə olan məfhumlardan istifadə etməkdən çəkinmirlər. "Əvvəlki etika məhv olub, onun birləşdirdiyi cəmiyyət isə, artıq mövcud deyil".

Ümumən götürdükdə, olduqca maraqlı faktlarla, etiraf və ehtimallarla, tənqidi hücumlarla zəngin olan "Qərbin ölümü" kitabı belə bir əqli nəticə ilə sona çatır: "Ehtimal ki, hər bir sivilizasiyanın başına gəldiyi kimi, Qərbin zamanı həqiqətən tükənmək üzrədir, onun ölümü şərtlərlə müəyyənləşdirilib və xəstəyə yeni dərman və yaxud ağrılı prosedurların yazılmasının artıq mənası yoxdur. Pasiyent ölür, burada əsla heç nə edə bilməzsən. Onu yalnız etiqadın dirçəlməsi və "ümumi oyanma" xilas edə bilər".

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər