MİA

  • 4 088

İnsanların bəzi hüquqlarının məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri

image

Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:

1) Bu Qanunun 24-cü maddəsinin 1-ci və 2-ci hissələrində göstərilmiş hallar və əsaslar olmadan mənzilə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır;

2) mənzilə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə mənzilə daxilolmanın əsaslarını bildirməlidir;

3) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs mənzilə daxil olmağa icazə vermədikdə isə, onun qanunazidd hərəkət etdiyini izah etməlidir;

4) mənzilə, orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı, zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, mənzildə olan şəxslərin şərəf və ləyaqətinə, həyatına və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir;

5) mənzilə, orada yaşayanların iradəsi ziddinə daxilolma faktını, Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;

6) mənzilə, orada yaşayanların iradəsi ziddinə hər bir daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verməlidir;

7) mənzilə daxilolma ilə əlaqədar mənzildə yaşayan şəxslərin intim həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.

I. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:

1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;

2) inzibati hüquqpozmanı və ya cinayət törədən şəxs tutulduqda;

3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.

II. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:

1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;

2) qiyam və ya kütləvi iğtişaşlar baş verdikdə;

3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;

4) yaşayış binalarına, habelə, müəssisələrin, idarələrin və təşkilatların binalarına qrup halında basqın dəf edildikdə;

5) müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə, mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;

6) tutulan şəxs tərəfindən silahlı müqavimət göstərildikdə və ya göstərəcəyinə ehtimal etməyə kifayət qədər əsas olduqda;

7) cinayət törədilməsində şübhələndiyinə görə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş və ya azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını aldıqda, habelə, bu şəxsin qanunsuz azad edilməsi üçün kənar şəxslər tərəfindən güc işlədildikdə;

8) ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polisə gətirərkən, onun müqavimət göstərə biləcəyi və ya qaçma ehtimalı olduqda;

9) həbs olunanları müşayiət etdikdə;

10) şəxsin təhlükəli hərəkətləri ilə özünə və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimalı olduqda;

11) ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən, onu binadan və nəqliyyat vasitəsindən çıxmağa məcbur etdikdə;

12) sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsini dayandırmaq haqqında polis əməkdaşının aşkar olan dayanma tələbinə tabe olmadıqda və onun saxlanılmasına başqa imkan olmadıqda (məcburi dayandırma vasitələri).

III. 2-ci və 12-ci bəndləri istisna olmaqla, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallarda, polis əməkdaşı xidməti itdən də istifadə edə bilər.

IV. Polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aşağıdakı hallarda odlu silah tətbiq edə bilər:

1) bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda ictimai təhlükəli əməl odlu silah işlədilməklə törədildikdə;

2) bu maddənin 2-ci hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş hallar olduqda;

3) insan həyatına qəsd olunduqda və məcburi dayandırma vasitələrinin tətbiqi nəticə vermədikdə;

4) şəxs yaxalanarkən, silahlı müqavimət göstərdikdə;

5) insan həyatına real təhlükə yaradan cinayətin qarşısı alındıqda;

6) odlu silahın digər şəxs tərəfindən ələ keçirilməsinin qarşısı alındıqda;

7) insana hücum edən və ya real təhlükə yaradan heyvan məhv edildikdə.

V. Bu maddənin 4-cü hissəsində müəyyən edilən hallardan başqa, həmçinin, təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə, yardım çağırıldıqda, odlu silahdan istifadə edilə bilər.

VI. Bu Qanunun tələblərinə uyğun olaraq, fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tam zəruri hallarda tətbiqi zamanı hər hansı şəxsin həyatdan məhrum edilməsi yaşamaq hüququnun pozulması kimi qiymətləndirilə bilməz.

VII. Polis əməkdaşı tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda, müvafiq polis orqanında xidmətı yoxlama aparılmalı və fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın qanunauyğunluğu barədə müvafiq rəy verilməlidir.

VIII. İnsanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir göstərə bilən və ya özünü doğrultmayan yüksək təhlükə mənbəyi olan xüsusi vasitələrin polisin sərəncamına verilməsi qadağandır.

IX. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məsuliyyət daşıyır.

I. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə bağlı vəzifələrini həyata keçirən polis əməkdaşı:

1) insana qarşı fiziki qüvvə, xüsusi vasitələri və ya odlu silahı yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq, tətbiq etməlidir;

2) odlu silah işlətməklə basqın edildiyi və ya silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla, fiziki qüvvə, xüsusi vasitələr və odlu silah qadınlara, azyaşlılara, yanında azyaşlı olan, əlilliyi və digər fiziki və psixi qüsurları aşkar bilinən şəxslərə qarşı, habelə, insanların toplaşdığı yerlərdə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda, odlu silahı tətbiq etməməlidir;

3) yalnız real təhlükənin qarşısı alınarkən, odlu silah tətbiq edə bilər;

4) odlu silahı tətbiq etməzdən əvvəl, şifahi xəbərdarlıq etməli və ya xəbərdarlıq atəşi asmalıdır (qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verərsə, habelə, hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə olunarsa, polis əməkdaşı xəbərdarlıq etmədən odlu silahı tətbiq edə bilər);

5) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi nəticəsində, zərərçəkənlərə tibbi yardımın göstərilməsini təmin etməlidir;

6) odlu silahın tətbiq edildiyi yerin dəyişdirilməmiş saxlanılmasına çalışmalıdır;

7) fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etdiyi hallar barəsində polis əməkdaşı dərhal xidmət etdiyi və ya odlu silahın tətbiq edildiyi ərazinin polis orqanına yazılı məlumat verməlidir;

8) fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verməlidir.

I. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

II. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.

III. Polisə xidmətə qəbul edilmiş şəxslər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlıq kursları keçməlidirlər.

IV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə, barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə, polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.

V. Daxili işlər orqanlarının digər əməkdaşları, polis təhsil müəssisələrinin müdavimləri ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb edildiyi halda, polis əməkdaşı sayılırlar.

VI. Polisdə xidmətə qəbul edilmiş şəxslər və polis təhsil müəssisələrinin müdavimləri hərbi mükəlləfiyyət qeydiyyatından çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.

VII. Hər bir polis əməkdaşına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir.

VIII. Polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilən əsasnamə ilə tənzimlənir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər